Ömür dediyin...
Region

Ömür dediyin...

İnsan ömrü. Söz ruhu, duyğular, hisslər, məhəbbət, xeyirxahlıq, yaxşılıq, comərdlik bu ömrün bəzəyidir. Deyirlər ki, ömür su kimi axır gedir, fəqət, insanı həmişə bir sual düşündürür, bizdən sonra nə qalır?! Dünyanın vərdişi də, gərdişi də insanın içindən keçir - bəlkə, dünya elə insanın özüdür?! İnsan öz ömrünü mənalı yaşayanda gözəl olur. Bunun mən Əli Nəsirlinin ömrünün görünən və yaşanan anlarının qısa xronikasına diqqət yetirəndə bir daha şahidi oldum. Şahidi oldum ki, əsl insan dünəni ilə fəxr etməli, bu gününü şərəflə yaşamalı, sabahını düşünməlidir... Bir də deyiblər ki, dünya bir pəncərədir... O, pəncərənin şüşəsindən haqq, ədalət, insanlıq duyğusu süzülüb gələndə onu sındırmağa heç kəsin gücü çatmır. Yaradıcı şəxslərdən birinin dediyi kimi, haqqın, ədalətin, vicdanın yaşa dəxli yoxdur. Vicdan ölmür, haqq-ədalət korşalmır, insanlıq dəbdən düşmür ki... Uzun illər qürbət eldə yaşayan, çalışan, xətir-hörmət qazanan, azərbaycanlı adını ucaldan Əli müəllimin həyat düsturu məhz belə qurulub.

Ömür yolu haradan başlayıb?! Qədim Aran torpağının üstündə ilk addımlarını atıb, bu torpağa dirsəklənib ayağa qalxıb, bu torpaqdan güc alıb. Əli Heydər oğlu Nəsirli 1950-ci il yanvarın 18-də Ağcabədi şəhərində anadan olub. 1966-cı ildə orta təhsilini başa vurandan sonra Şuşa Pedaqoji Texnikumunun bədən tərbiyəsi müəllimliyi şöbəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra Ağcabədi şəhər 4 saylı məktəbdə bədən tərbiyəsi müəllimi kimi ilk əmək fəaliyyətinə başlayıb. Uşaqların fiziki tərbiyəsi ilə məşğul olan gənc müəllim pedaqoji fəaliyyətdən ayrılmadan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.

İlahi sözlər, qanadlı fikirlər, poetik ifadələr gənc Əlini duyğularını kağız üzərinə köçürməyə həvəsləndirib. Şeirləri o vaxt Ağcabədidə çap olunan “Sürət” qəzetində işıq üzü görüb. Yaradıcılığa bütün varlığı ilə bağlanan Əlini 1972-ci ildə “Sürət” qəzetinin redaktoru mərhum Sərdar Mehdiyev redaksiyaya işə dəvət edib. Üç il redaksiyada işləyən, qabiliyyəti və bacarığı ilə seçilən Əli 1975-ci ildə Ağcabədi Şəhər Sovetinin İcraiyyə Komitəsində əmək fəaliyyətini davam etdirib. Həyat onu daim axtarışlara sövq edib. 1979-cu ildə Özbəkistan Respublikasının Sır-Dərya vilayətinə gedir və elə həmin vaxtdan da Sır-Dərya vilayət Daxili İşlər İdarəsinin İstintaq şöbəsində müstəntiq kimi işə başlayıb. Əli müəllim müxətlif vəzifələrdə çalışıb. Hazırda isə Özbəkistanda Advokat-Ümid çırağı Vəkillər firmasında vəkil kimi fəaliyyət göstərir.

Hansı vəzifədə işləsə də ürəyindən qopub gələn sözlər ona rahatlıq verməyib. Dərin məzmunlu şeirlər yazan Əli Nəsirli 2006-cı ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. 1987-ci ildə  özbək dilində iki şeiri Özbəkistanın Zamin rayonunda çıxan “Şərq danı” qəzetində çap olunub. 1999-cu ildə “Köhnə küyk”, 2002-ci ildə “Ümid çırağı” və “Yaxşı niyyət” kitabları özbək dilində, 2007-ci ildə Bakıda “Uşaqlığım qalan yerdə” kitabı isə Azərbaycan dilində çap olunub. Əli Nəsirli qardaş Özbəkistanın ictimai-siyasi həyatında yaxından iştirak edir, xalqlarımız arasında dostluq körpüsü qurur, vətəndaş fəallığı ilə həmişə öndə gedir. Təsadüfi deyil ki, 2012-ci ilin yanvar ayında Özbəkistan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin fəalı kimi “Dostluq” ordeni ilə təltif edilib.

Bu il iyun ayının 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı oldu. Qardaş və dost ölkəyə dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak etdilər. Həmin mərasimdə əslən Şuşadan olan, Ağcabədidə doğulub boya-başa çatan, Özbəkistan Yazıçılar Birliyinin üzvü Əli Nəsirli də çıxış etdi. Şair və ictimai xadim Əli Nəsirli çıxışında bildirdi ki, bu gün Özbəkistan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Əlaqələrimizə yeni nəfəs, yeni ruh verilib. Dostluq və qardaşlıq məkanı olan Özbəkistan Respublikasında Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı bizim üçün çox böyük qürur və fəxrdir.

Mənalı ömür yaşayan, könüllərdə sözdən taxt qurmağı bacaran şair, vəkil Əli Heydər oğlu Nəsirli möhtərəm Prezidentimiz İlham Əliyevin 30 avqust 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Ömür dediyin bir nəğmədir, həm də bu mənalı ömür bir ailənin kökü, sütunudur. Əli Nəsirlinin 2 övladı, 3 nəvəsi var. Oğlu Ramin Özbəkistan Prezident Administrasiyasında yüksək vəzifədə çalışır. Bağban öz zəhmətinin barını daddığı kimi, Əli müəllim də övladlarının və nəvələrinin xoşbəxtliyini yaşayır...

Salman ALIOĞLU,

“Respublika”.