“Öncə Vətən!
Tarixi şəxsiyyətlər

“Öncə Vətən!"  demişdi...

Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq...

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

İsti yay günü idi. İkinci Fəxri Xiyabana doğru böyük insan seli axışırdı. Xalq öz qəhrəmanını son mənzilə yola salırdı o gün. Üzlərdə kədər, gözlərdə intiqam hissi. Yenə də Polad öndə gedirdi, bu dəfə çiyinlərdə, şəhidliyin son zirvəsinə. Uğrunda can verdiyi torpaqla "qol-boyun" olmağa tələsirdi. Əllərdə gedən portretlərdən boylanan gülümsər çöhrəsi sanki: "Mən qisasımı sonadək ala bilmədim. Məndən sonrakılar bunu hökmən edəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan döyüşçüsünə inanıram!" - deyirdi. Üçrəngli bayrağa bürünən tabut çiyinlərdə nənni kimi asta-asta yırğalandıqca, elə bil lay-lay deyir, ağı söyləyirdi:

O dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir igid ölüb

Göy kişnər, bulud ağlar.

O gün yer də, göy də ağlayırdı, bu igidin ölümünə. Əsrlərdən bəri bu torpaq uğrunda şəhid olanlarımızın sayı bəlli deyil, bax bu gün bütövləşən, Vətənləşən o torpaq məhz belələrinin qanı, canı bahasına bizlərə ərməğan olub. Ülvi mələk donunda olan, bir görəni əbədi cazibə qüvvəsində saxlayan, ömrümüzün yazı, nəğməmizin sazı Vətən! Üzərində durduğumuz, varlığımızın ifadəsi olan Vətən torpağı! Sənin uğrunda döyüşüb şəhidlik zirvəsinə ucalanları da o yola çəkib aparan elə bu Vətən sevdasıdır. Səni canı qədər, canından artıq sevənlərin o qədər çox ki... Polad da səni elə sevirdi, canından artıq...

O gün hamı ondan danışdı, tanıyan da, tanımayan da. 2020-ci il iyulun 14-də cəbhənin Tovuz rayonu istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan generaldan. Ölümdən qorxmadı, həmişə müdafiənin ön xəttində oldu, nümunə göstərdi, əsgəri ilə çiyin-çiyinə döyüşdü. O gün də böyük insan selinin önündə gedirdi, son mənzilə.

II Fəxri Xiyaban. Böyük qələbəlik var. Müvafiq qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri, Poladın xidmət yoldaşları, şəhidin ailə üzvləri, yaxınları... Çıxış edənlər onun həyat və döyüş yolundan danışır, əzizlərinə başsağlığı verirlər. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilir. Əllər köksün üstündə, dodaqlar pıçıldayır:

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər

Hərə bir qəhrəman oldu!..

Hərbi ənənələrə uyğun olaraq yaylım atəşi ətrafı bürüyür, Polad eşitməyə adət etdiyi bu sədalar altında torpağa tapşırılır. Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Poladın ailə üzvlərinə başsağlığı verir, sonda tabutun üzərində olan Azərbaycan bayrağı əbədi xatirə kimi şəhidin doğmalarına təqdim edilir. Poladdan son yadigar...

Arzuların dalınca

Vətən sevgisi doğulduğu elin-obanın havasıyla, suyuyla hopmuşdu canına, damarlarında axan qanına. Saflığı, təmizliyi, halalı, haramı, yaxşını, pisi, haqqı, ədaləti seçib doğru olanın tərəfində durmağı da ailə dəyərlərindən əxz etmişdi, Polad...

1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuşdu. Ailənin 4 uşağından biri idi. Bacıları Arzu, Kəmalə, qardaşı İlham... Adını II Dünya müharibəsinin veteranı olan babası qoymuşdu. Atası İsrayıl Həşimov metallurq idi. 1975-ci ilin iyul ayında Polad 6 aylıq olarkən Həşimovlar ailəsi Sumqayıta köçmüşdü. Şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşayırdılar. İsrayıl Həşimov Sumqayıtdakı Alüminium zavodunda əvvəlcə mühəndis kimi işə başlamış, sonra isə növbə rəisi və sex rəisi vəzifəsində işləmişdi.

1982-ci ildə Sumqayıt şəhəri 28 saylı tam orta məktəbin birinci sinfinə gedən Polad 1986-cı ilə qədər orada təhsil alır. Yaşadığı ərazidə yeni məktəb binası inşa ediləndə həmin məktəbə dəyişilir, 1986-1988-ci illərdə 33 saylı tam orta məktəbdə təhsilini davam etdirir. 1988-ci ildə isə yaşadığı ərazidə daha bir məktəb binası tikilib istifadəyə verilir. Polad bu dəfə də məktəbini dəyişir və M.Müşfiq adına 34 saylı tam orta məktəbdə təhsilini başa vurur. 1992-ci ildə oradan məzun olur.

1992-ci il torpaqlarımızın sürətlə işğal olunduğu bir dövr idi, rayonlarımız bir-birinin ardınca düşmən tərəfindən yağmalanırdı. Xocalı faciəsi isə xalqın həyata, yaşamağa olan ümidlərini də əlindən almışdı. Orada qətlə yetirilən, itkin düşən, yaralanan soydaşlarımızın faciəsi Poladın gənc qəlbini çox ağrıdır, düşmənə nifrət, intiqam hissini artırırdı. Vətənin bu dar günündə nə isə etmək, insanların ağrılarını yüngülləşdirmək istəyi onu rahat buraxmırdı. Fəqət, orta məktəb şagirdi nə edə bilərdi ki?!.

Orta məktəbi çox yaxşı oxumuşdu, sənət seçimi etmək onun üçün çətin deyildi. Anası Səmayə xanım oğlunu hüquqşünas kimi görmək istəyirdi. O isə heç kəsə bir söz demir, məqam gözləyirdi. Orta məktəbi bitirib kamal attestatı alanda artıq seçimini etmişdi: hərbçi olmaq!.. Anası bunun çətin bir peşə olduğu üçün etirazını bildirsə də, atası Poladın seçiminə hörmətlə yanaşır. Həmin ilin avqustunda sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olunan Polad Həşimov 1995-ci ildə oranı motoatıcı ixtisası üzrə bitirir.

Hələ 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlarda iştirak edən Polad, qısa zamanda 702-ci motoatıcı briqadanın formalaşdırılmasına nail olur. Həmçinin 1994-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən "Tuzla Piyada Okulu"nda üç aylıq kurs keçir, hərbi təhsilini təkmilləşdirir. Həmin ilin fevral ayında Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə 1995-ci ildə motoatıcı taqım komandiri seçilir və 2017-ci ilədək bu vəzifəni icra edir.

Hərbi təhsilini daha da təkmilləşdirməyi də diqqət mərkəzində saxlayırdı. Elə bu səbəbdən də 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuş, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr ali-ixtisas dərəcəsi almış, 2017-ci ilin aprelindən şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini-qərargah rəisi vəzifəsində xidmət göstərmişdir.

Polad Həşimov 2003-cü ildə Ofelya Salmanova ilə ailə həyatı qurub. Davud, Teymur adlı oğulları, Aybəniz adlı qızları var. Ailə həyatı qurduqdan iki il sonra, 2005-ci ildə atasını itirir. Onun hərbi sahədə uğurları isə davam edirdi...

Polad Həşimov 2003-cü il iyunun 24-də "Hərbi xidmətlərə görə", 2003-cü il iyunun 25-də "Vətən uğrunda" medalları, 2014-cü il iyunun 24-də "Vətənə xidmətə görə" III dərəcəli, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə mükafatlandırılmışdır. Həmçinin "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı", "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdu.

2016-cı il Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun qərargah rəisi olmuş, döyüş zamanı yaralanmışdır. İndi həmin istiqamətdəki postlardan biri "Polad postu" adlanır. 2019-cu il iyunun 25-də ona general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun qərargah rəisi təyin olunmuşdur.

Şəhidliyə gedən yol

İllərin torpaq, Vətən həsrətinə son qoymağın vaxtı gəlib çatırdı. Səbir kasası dolub-daşan xalq da, onun güvəndiyi ordu da Ali Baş Komandanın əmrinə hazır dayanmışdı. Düşmən lap cızığından çıxmışdı və onu yerinə oturtmaq, burnunu ovmaq, dərsini vermək lazım gəlirdi. Aprel döyüşləri tarixə məhz belə yazıldı, gələcək möhtəşəm qələbənin başlanğıcı, düşmənin "birinci dərsi" kimi...

...2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayanda birinci Ordu Korpusunun Komandir müavini-qərargah rəisi olan Polad Həşimova cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi tapşırılır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunur. O döyüşlərdə polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif olunur. Poladın kirayədə yaşadığını nəzərə alaraq ona mənzil də hədiyyə edilir. Polad isə həmin mənzili Aprel döyüşlərində şəhid olan hərbçinin ailəsinə bağışlayır. Nadir komandir, şəxsiyyət, insanlığın yüksəkliyində dayanan Tanrı bəndəsi. Belə idi Polad...

...2020-ci il iyulun 12-də günorta saatlarından Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutmağa başlamışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınmış və düşmən geri oturdulmuşdu. Döyüşlərin ilk saatlarında Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olmuş, 4 nəfər isə yaralanmışdı.

İyulun 12-dən 13-nə ötən gecədə döyüş daha da şiddətlənmişdi. Üçüncü Ordu Korpusunun qərargahı rəisi Polad Həşimovun qatıldığı hərbi əməliyyatlarda düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilmişdi. İyulun 13-də günorta saatlarında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları davam etmişdi. Bu dəfə də düşmənin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər darmadağın edilmişdi. İyulun 14-ü... Poladın son döyüşü. Bu döyüşlərdə Poladla bərabər 6 hərbi qulluqçumuz şəhid olmuşdu.

Həmin gün bütün xalq bir-birinə dəymişdi, bu acı xəbəri alan hər kəs kədərlənir, acı göz yaşı tökür, müharibəni, ermənini lənətləyirdi. Polad öləsi oğul deyildi axı... Onun kimi igidlər az-az doğulur.

Unutmaz bu Vətən səni

Onun tərifə ehtiyacı yox idi, hər kəsə təmanna güdmədən yaxşılıq edir, qarşısındakını özünə borclu saymırdı. Sağlığında da, ölümündən sonra da əsgərlərinin, döyüşçülərin onu bu qədər hörmət və sevgi ilə anması, xatırlamasının bir səbəbi də bax beləcə təvazökar, sadə və təmannasız bir insan olması idi. Haqqında yazılan yazıları oxuduqca onun insani keyfiyyətlərinə heyran qalırsan. O yazıları, səmimi, sevgi dolu sözləri isə sadəcə oxuyub keçmək mümkün deyil. Oxuyur və itkimizin nə qədər ağır olduğunu anlayırsan... Hörmətli oxucum, siz də bizimlə birgə o xatirələrin işığında ölməz qəhrəmanımızı daha yaxından tanıyın...

Əsgər Ramil Cabbarovun dediklərindən: "General-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı, Vətənə sevgisilə hamıdan seçilən igid. Hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabura gələndə "Öncə Vətən!" kəlməsini elə içdən söyləmişdi ki, indiyə qədər təsiri altındayam".

Nicat Həşimzadə: "Bizim komadirimiz dövlətin ona şücaətinə görə verdiyi mənzili şəhid ailəsinə bağışlamışdı. Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə ərzaq daşıyanda, o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. İndi Azərbaycan sizsizdir, komandir".

Seymur Kazımov: " Mənim komandirim olub. Mərd, cəsur zabit idi, əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatlığı üçün güzəştə getməyi də vardı.

Ünsiyyətimiz çox olub, 2 dəfə cəzasını da almışam. Bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı məni, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim. Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın".

Ramazan Səmədov: "...Briqada qarşısında həmişə mikrafonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü. Briqadanın həyətində bir erməni traktoru var idi. Kəşfiyyatda olanda özü sürüb gətirmişdi. Traktorun arxa şüşəsində güllə yerləri vardı, onu atəşə tutsalar da heç nədən qorxmadan briqadaya qədər sürmüşdü traktoru. Axı, adı Polad idi, polad güllə keçirməz...".

Rza Rzayev: "2011-2012-ci ildə "N" saylı hərbi hissədə əsgəri xidmətdə idim. Artıq xidmətimin altı ayını başa vururdum. Bir gün növbətçi hissənin əsgəri "Ali təhsillilər, plasda düzül" çağırışını elan etdi. Dərhal bütün ali təhsilli əsgərlər öz yerlərini tutdular. Az keçmədi ki, yerişi, duruşu və əsl zabit ciddiyyətilə bütün əsgərlərin həqiqi sevgisini qazanmış komandir önümüzdə dayandı. Bir-bir əsgərlərdən hansı ali təhsil müəssisəsini bitirməsi ilə maraqlanırdı. Əsgərlərdən bəziləri briqadada manqa komandiri (çavuş) qalmalı idi. Sıra mənə çatanda Bakı İslam Universitetini bitirdiyimi dedim. Bir neçə saniyə gözlərimin içinə baxaraq sükut etdi. Daha sonra: "Sən də qal, bizim din xadimlərinə də ehtiyacımız var" - dedi... Allah ruhunu şad, cənnətdə məqamını uca etsin, generalım!.." .

Bu ürək sözlərini oxuduqca düşünürsən, doğrudan da Polad qeyri-adi insan, bənzərsiz zabit, komandir olub. Əsgərləri övladı kimi sevir, onları qoruyur, haqlarını müdafiə edir, yeri gələndə ata qayğısı göstərirdi. Murov kimi soyuq bir yerdə kazarmanı isitmək üçün əsgərlərlə birgə odun doğrayıb daşıyırdı. Zabit maaşı ilə kazarma tikdirir, əsgər kazarmasına televizor alıb verirdi. Həmişə sadə və təvazökar qaldı, nə hərbi rütbəsi, nə də vəzifəsi onu dəyişmədi, dostlarına, zabit yoldaşlarına mənasız yerə qürur nümayiş etdirmədi.

Perspektivli hərbçi kimi, hamı ondan daha böyük nailiyyətlər gözləyirdi, təəssüf ki, ölüm macal vermədi. Aprel döyüşlərinin qəhrəmanı olan Poladın işğal olunmuş ərazilərimizin azad olunması uğrunda gedəcək döyüşlərdə "möcüzə"lər edəcəyinə inanırdılar...

Polad da digər şəhidlər kimi Vətən yolunda, onun bütövlüyü uğrunda canından keçdi. Çünki əlinə silah götürəndən "Öncə Vətən!" demişdi. Unutmaz bu xalq, bu Vətən səni, general!.. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq".

Zümrüd QURBANQIZI,

"Respublika".