Onlar daim bizimlədi
Sosial həyat

Onlar daim bizimlədi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdə bacarığı, silahlı qüvvələrimizin vətənpərvərliyi, peşəkarlığı, xalq-ordu vəhdətinin gücü parlaq qələbəmizi təmin etdi. Bu zəfər bizə işğal olunmuş doğma, müqəddəs Qarabağı qaytardı, öz vətənində qaçqına, köçkünə çevrilən bir milyon soydaşımızın həsrətinə son qoydu və xalqımızı doğma yurd yerlərinə qovuşdurdu.

Bəli, misli görünməmiş qələbəmiz itkisiz, qurbansız olmadı... Sinəsini düşmən gülləsinə sipər edən vətənpərvər, qəhrəman oğullarımızın hünəri hesabına qazanıldı bu qələbə. Cəsur övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular. Amma, onlar bu şərəfli yolu ürəklərinin hökmü ilə seçmişlər, özlərinin vətəndaşlıq borcu bilmişlər. Bu gün şəhid ailələrinə də, qazilərə də dövlət və xalq səviyyəsində ehtiram və böyük qayğı göstərilir. Onlar ziyarət olunur, problemləri operativ həll olunur. Heç zaman, heç kəs unutmamalıdır ki, bizim onlara namus, qeyrət və şərəf borcumuz var. Şəhidlərin ildönümü ilə əlaqədar Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun adından bu ziyarətlərdə hər bir ailəyə ərzaq sovqatları təqdim olunur. Şəhid ailələri ilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın anım günündə keçirilən paradda, şəxsən iştirak etmələrini, şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında duyduqları dərin hörmət və ehtiram hissinin təzahürü olduğunu bildirən icra başçısı, əlavə etdi ki, dövlət qurumlarının şəhid ailələrinin problem və qayğıları ilə maraqlanması, öz səlahiyyətləri daxilində bu məsələləri həll etmələri ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin tərkib hissəsidir.

Ənənəvi olaraq şəhər rəhbəri şəhid ailələrinin üzvlərinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi.

Şəhər rəhbəri İlkin Ağakişiyevin ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunduğu "Cəsur döyüşçü" medalını onun atasına təqdim etdi.

Zabit XƏLİLOV,

"Respublika".