ONLAR QÜRUR MƏNBƏYİMİZDİR
Region

ONLAR QÜRUR MƏNBƏYİMİZDİR

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün daim tədbirlər həyata keçirilir.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Birinci Qarabağ müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda 1992-ci il 3 iyul tarixində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Ağayev Elçin Vaqif oğlunun yaşamış olduğu evdə xatirə barelyefinin açılış mərasimi keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Amil Musayev Azərbaycan QMƏVŞA İB-nin Yevlax filialının sədri Mansur Əliyev, Yevlax bələdiyyəsinin sədri İsmayıl Hüseynli, Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli, təhsil şöbəsinin, Yevlax Gənclər və İdman İdarəsinin, Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin rəhbər şəxsləri, şəhidin təhsil aldığı şəhər 5 №-li tam orta məktəbin müəllim, şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.

Tədbirdə çıxış edən şəhər İHB aparatının şöbə müdiri Xaliq Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələri ilə görüşməsi, onları dinləməsi, şəhid ailələrinin birdəfəlik müavinətlə təmin olunması haqqında fərman imzalaması dövlət başçısının bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir. YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, qeyd etdi ki, bu gün Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanımızın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən bərpa olunub. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Qalib gəldiyimiz 44 günlük Vətən müharibəsində həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.

Daha sonra çıxış edən tədbir iştirakçıları birlikdən, həmrəylikdən güc alan Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixinin heç zaman yaddaşlardan silinməyəcəyini vurğuladılar.

Şəhidin anası Kübra Ağayeva çıxışında Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Z.XƏLİLOV,

"Respublika".