Onlar qürurumuzdur
Region

Onlar qürurumuzdur

Qazilər şanlı Vətən müharibəsinin canlı əfsanələridir. Onlar ən səmimi məhəbbətə, dərin hörmətə, diqqət və qayğıya layiqdirlər, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda gedən savaşda ağır yaralansalar da ruhən həmişə döyüş yoldaşları ilə birlikdə olublar.

Müzəffər Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatan Vətən müharibəsində Ağdam rayonunun igid oğulları da qəhrəmanlıqla döyüşərək tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində şərəfli döyüş yolu keçən, ağır yaralanaraq sağlamlığını itirən qəhrəmanlarımızdan biri də Ağdam rayonunun Papravənd kəndindən olan qazi, I qrup müharibə əlili Vidadi Əliyevdir.

İşğalçılara qarşı başlanan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olan Vidadi Əliyev Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edib, düşmənin canlı qüvvəsinin məhv edilməsində fədakarlıq göstərib. Vidadi Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət müalicə aldıqdan sonra doğmalarının yanına qayıdıb. Qəhrəman döyüşçü Vidadi Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə "Cəbrayılın işğaldan azad olunmasına görə" və "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial siyasət nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə öz həllini tapır. I qrup müharibə əlili Vidadi Əliyev də dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun qazi ilə görüşündə keçmiş döyüşçü bildirib ki, Prezident İlham Əliyev tərəfindən ona yaşayış evi və minik avtomobili hədiyyə edilib, bu diqqət və qayğıya görə Vidadi Əliyev dərin razılığını bildirib. Şəhid ailələrinin və qazilərin daim dövlətimizin başçısının hərtərəfli qayğısı ilə əhatə olunduğundan məmnunluğunu ifadə edib.

Səmimi əhvali-ruhiyyədə keçən görüşdə rayon rəhbəri Vaqif Həsənov Vidadi Əliyevin səhhəti və qayğıları ilə maraqlanıb, dövlət başçısı İlham Əliyev tərəfindən Vidadi Əliyevə təqdim olunmuş evin əşyalarının alınması üçün qaziyə birdəfəlik maddi köməklik göstərilib. Qazi Vidadi Əliyev şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Salman ALIOĞLU,

"Respublika".