Onlar Vətən uğrunda vuruşublar
Region

Onlar Vətən uğrunda vuruşublar

O, Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olmuşdu. Doğma torpaqlarımızı yağı düşmənin işğalından azad etmək üçün döyüşlərə atıldı. Vətən uğrunda vuruşub Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Röyal Tağı oğlu Tağıyevin doğum günündə xatirəsi məzarı önündə anıldı.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin dostları, ailə üzvləri iştirak etdilər.

Qubalıbalaoğlan kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olundu, məzarı üzərinə tər qərənfillər düzüldü. Vətən müharibəsi şəhidlərinin döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Röyal Tağı oğlu Tağıyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident cənab İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə başsağlığı verdi. Ordumuzun qazandığı qələbədən xoş sözlər söylədi.

Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.

Tofiq HÜSEYN,

"Respublika".