Onlar xalqımızın qəlbində yaşayacaqlar
Sosial həyat

Onlar xalqımızın qəlbində yaşayacaqlar

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Biləsuvar rayonunda ənənə halını alıb. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, RİH aparatının məsul əməkdaşları, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Məmmədov Elyar Elbəyi oğlunun ailəsinə doğulduğu Ağalıkənd kəndində baş çəkdilər.

Vətən müharibəsi şəhidi Məmmədov Elyar Elbəyi oğlu 22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Elyar Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdən sonra Elyar Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışır.

Elyar Məmmədov Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu Ağalıkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Elyar Elbəyi oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Mərasim iştirakçıları şəhidimiz Elyar Məmmədovun məzarını ziyarət edib, üzərinə tər qərənfillər düzüb, ruhuna ehtiram əlaməti olaraq dualar oxudular. RİH-in başçısı Faiq Qürbətov şəhidimizin ailə üzvləri ilə söhbət aparıb, onların qayğı və problemlərilə tanış oldu. Rayon rəhbəri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin, Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, Vətən uğrunda canını fəda edən qəhrəmanların xalqımızın yaddaşında yaşayacağını bildirdi.

Ərəstun ABDULOV,

"Respublika".