Onlara ehtiram mənəvi borcumuzdur
Region

Onlara ehtiram mənəvi borcumuzdur

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsidir. Onların problemlərinin vaxtında və operativ həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması, daimi hörmət və ehtiram göstərilməsi, həmişə diqqət mərkəzində saxlanılması ən ümdə məsələlərdəndir.

Daşkəsəndə də bu qəbildən olan insanlarla daimi görüşlər keçirilir, ziyarət olunur, diqqət və qayğı ilə əhatə olunurlar. Daşkəsən Şəhidlər xiyabanında şəhid əsgər Turxan Süleymanovun, Gəncə Şəhidlər xiyabanında isə şəhid əsgər Nihad Verdiyevin 40 mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarlarına tər gül dəstələri düzüb, əziz xatirələrini yad edib, dualar oxuyublar. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidlərin ailə üzvlərinə bir daha rayon ictimaiyyəti adından başsağlığı verib. Bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cari ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatların qarşısını almış və düşmən böyük itkilərlə geriyə çəkilməyə məcbur edilmişdir. Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alan zaman daşkəsənli hərbi qulluqçular əsgər Turxan Süleymanov və əsgər Nihad Verdiyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Belə ki, bu yaxınlarda dövlət tərəfindən rayonumuz 15 şəhid ailəsinə yeni mənzil verilmişdir. Şəhid Nihad Verdiyevin atası Nicat Verdiyev, anası Vüsalə Verdiyeva, şəhid Turxan Süleymanovun atası İdris Süleymanov, anası Humay Süleymanova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, buna görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".