Onların xatirəsi əzizdir
Sosial həyat

Onların xatirəsi əzizdir

Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində şanlı Zəfər tarixini yazan qüdrətli ordumuzun sıralarında xaçmazlı gənclər də  böyük cəsarət və hünərlə vuruşmuşlar. Ağır döyüşlərdə düşmənlə üzbəüz şücaət və igidlik göstərərək canından-qanından keçən bu igid döyüşçülərin bəziləri şəhidlik zirvəsinə ucalmışdır.

Elvin Mirzəyev, Rəşad Səfərəliyev, Kərəm Veyisov, Davud Hacıyev və Rauf Babayev. Qanlı vuruşmaların iştirakçısı olan bu igid oğulların hər birinin şanlı döyüş yolu vardır. Düşmənə qan udduran bu igidlər dəfələrlə qəhrəmanlıq  nümunələri göstərmişlər. Vətən uğrunda canından keçən bu igidlərin beşi də Qaraqurdlu kənd qəbiristanlığında dəfn olunmuşlar.

Bu Vətən oğullarının xatirəsi həmyerliləri tərəfindən bir an belə unudulmur. Bu yaxınlarda kənd camaatı, şəhid valideynləri və bələdiyyə onların xatirəsini əbədiləşdirərək – Xaçmaz-Niyazoba yolunun üstündə “Şəhidlər bulağı” tikdirmişlər. Həmin ərazinin – Qaraçı bələdiyyəsinin sədri Aslan Məmmədov bizimlə söhbət zamanı bildirdi ki, bu qəbiristanlıqda dəfn olunan igid oğullarımızın 1 nəfəri Aprel döyüşlərində, 4 nəfəri isə Vətən müharibəsi zamanı şəhid olmuşdur. Şəhidlərin hər biri bizim üçün doğma və əzizdir. Odur ki, onların xatirəsini əbədiləşdirmək üçün bu bulağı tikməyi qərara aldıq. Onu da deyim ki, “Şəhidlər bulağı”nın araya-ərsəyə gəlməsində şəhid valideynləri də yaxından iştirak etmişlər. Təmiz, saf sudan çəkilmiş beşgözlü bu bulaqdan hər gün yüzlərlə adam istifadə edir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.