Ordumuz dünyanın güclüləri sırasında
Digər xəbərlər

Ordumuz dünyanın güclüləri sırasında

Azərbaycan ordusu hərbi güc reytinqinin hansı səviyyədə olduğunu 44 günlük müharibədə əyani surətdə göstərdi və nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Elə bu gücün qarşısının alınmaz olduğunu görən işğalçı Ermənistan da kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Hərbçilərimizin Şuşanı azad etməsi isə tarixə qızıl hərflərlə yazılan qəhrəmanlıq, əzm və peşəkarlıq nümunəsidir və onun analoqu yoxdur. Bu əzmi, gücü yalnız torpağı işğal altında olan ölkənin qəhrəman əsgərləri göstərə bilərdi. Bu baxımdan, qalib ordumuzun Vətən müharibəsindəki taktikası dünya ölkələri tərəfindən hələ də öyrənilməkdədir.

2022-ci il də ölkəmiz üçün uğurlu oldu. Qarşıda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi. Ölkəmizin iqtisadi gücü yüksəldikcə ordumuz da müasirləşir, modernləşdirilir. "Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra müharibənin nəticələri təhlil edildi. Postmüharibə dövründə bir çox işlər görülməyə başlanıldı. Komando qüvvələri tam formalaşaraq böyük qüvvəyə çevrildi və artıq yeni komando qüvvələri yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Dəniz Qoşunlarının xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.

Hazırda Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır. Bu barədə hərbi sahədə ixtisaslaşmış "Global Firepower" portalı məlumat yayıb. Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir. Beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan 85-ci, Ermənistan 94-cü yerdədir. Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır. Qeyd edək ki, Hərbi Gücün Qlobal İndeksi (Global Firepower Index) dünya dövlətlərinin hərbi gücünü hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayından asılı olaraq inteqrallaşdırılmış göstəricilərlə qiymətləndirən reytinqdir. Reytinq dövlətin adi silahlanması, eləcə də iqtisadi gücü, sərhədinin ölçüsü, özünütəmin etmək qabiliyyəti (neft kimi təbii ehtiyatlar), su mənbələrinə çıxış və s. kimi digər amillər əsasında hazırlanıb. "Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinqi hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir. Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün "Global Firepower Index"in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə demişdi: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi".

Müdafiə sənayesi olmayan, öz silahını özü istehsal edə bilməyən ölkələrin orduları müstəqil və potensialı yüksək ola bilməz. Məhz buna görə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hələ 17 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı və hərbi təyinatlı müəssisələr nazirliyin bazasında cəmləşdirildi. Ötən müddət ərzində Azərbaycanın yerli müdafiə sənayesi sektoru birmənalı olaraq qarşıya qoyulan tapşırıqların və planların icrasını həyata keçirdi. Atıcı silahlar, müxtəlif çaplı mərmilərin istehsalı sahəsində bir sıra zəruri addımlar atıldı, layihələr reallaşdırıldı. Dünyanın bir sıra ölkələri ilə birgə layihələr icra olundu. Rusiya, Türkiyə, İsrail və Cənubi Afrika Respublikası kimi ölkələrlə hərbi təyinatlı məhsulların birgə yaradılması, layihələndirilməsi və inkişafı istiqamətində, o cümlədən zirehli texnikalarla bağlı və digər sahələrdə müəyyən uğurlu işlər görüldü. Türkiyə, İsrail və digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlanıb. Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayıb. Azərbaycan ilk növbədə, öz tələbatını maksimum təmin etməkdədir. Digər tərəfdən, ölkəmiz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satır.

Azərbaycan Türkiyənin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də tərəfdaşıdır. İndiyədək iki ölkə arasında hərbi sahədə çoxsaylı razılaşmalar həyata keçirilib, müxtəlif sənədlər imzalanıb. Azərbaycan hərbçilərinin türkiyəli həmkarları ilə təlimlərə cəlb olunması, təcrübə keçməsi və peşəkarlaşması göz önündədir. Bundan əlavə, iki ölkə arasında hərbi əməkdaşlıq nəticəsində ölkəmizin müdafiə sənayesi də inkişaf edib. Azərbaycan Ordusunun silah arsenalı müasirləşib və genişləndirilib. Buraya hədəfi dəqiq müəyyən edərək onu tam zərərsizləşdirmək gücünə malik olan yeni pilotsuz uçuş aparatları (məsələn, "Bayraktar" PUA-ları), müxtəlif növ silah-sursatlar, hərbi texnikalar daxildir. Uzun illər işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsində Türkiyə hərbçiləri ilə birgə keçirilən hərbi təlimlərin, Azərbaycan hərbçilərinin bu ölkədə təlim və təcrübə keçməsinin, eləcə də Türkiyədən alınan yeni növ silahların böyük rolu olub. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla davam etdirilir. Orduda islahatların aparılması və yeni hərbi birləşmələrin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.

Ali Baş Komandanın diqqət və qayğısı ilə dünyadakı ən müasir silahlar hazırda Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır. Müxtəlif xarakterli modern silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusunu da gizlətmir. Yəni Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifə olaraq diqqət mərkəzindədir. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir. Ordumuz xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlara malikdir. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.

Mustafa KAMAL,

"Respublika".