Orman Əliyev: Arzu Əliyevanın festivalın xüsusi mükafatına layiq görülməsi çox qürurverici xəbər oldu
MÜSAHİBƏLƏR

Orman Əliyev: Arzu Əliyevanın festivalın xüsusi mükafatına layiq görülməsi çox qürurverici xəbər oldu

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Korkut Ata" Film Festivalında Bakı Media Mərkəzi öz istehsalı olan üç filmlə iştirak edirdi və eyni zamanda, bizim Qarabağ Zəfərinə həsr olunan filmimiz festivalın final günündə tamaşaçılara təqdim olundu. Bu, bizim üçün xüsusi əhəmiyyət daşıyır. "BİZ" filminin müəllifi və rejissoru mənəm. "BİZ" filmi Qarabağ müharibəsi zamanı fenomenə çevrilən videoların müəlliflərinə həsr olunub və eyni zamanda, sadə insanların dili ilə müharibədə Azərbaycan xalqının keçirdiyi hisslərdən danışır. Bakı Media Mərkəzinin bu illər ərzində istehsal etdiyi daha bir neçə film festivalda iştirak edib. Mədəniyyət Nazirliyi tərəfindən istehsal olunan Hilal Baydarovun filmi ən yaxşı film nominasiyasında qalib oldu. Bu da bizim üçün çox qürurverici bir xəbər oldu.

Bu fikirləri İstanbulda AZƏRTAC-a müsahibəsində Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ifadə edib.

"BİZ" filminin çəkilişləri haqqında danışan Orman Əliyev deyib: "Əslində çəkilişlər bütün çəkiliş qrupu üçün travmatik idi. Biz bəzən bir insanın çəkilişinə iki-üç saat vaxt sərf edirdik və o zaman ərzində həmin insanın yaşadığı duyğuları toplayırdıq. Ümumiyyətlə, film duyğular və hisslər üzərində qurulub. Biz daxilimizdə bu filmi "emosiyalar ensiklopediyası" adlandırırdıq. Hesab edirik ki, sadə insanların dili, onların əhvalatları, onların danışığı ilə belə bir formatda film daha çox insanların sevgisini, rəğbətini qazana bilər. Çəkilişlər çox çətin idi. Lakin, gördüyünüz kimi biz bir müəllif olaraq heç bir kadrarxası mətndən istifadə etməmişik. Orada xüsusi bir mahnılardan, musiqilərdən də istifadə edilməyib. Yalnız sosial şəbəkələrdə istifadə olunan mahnılar idi və bir musiqi ambiansları var idi. Bütün bunları deməkdə məqsədim, biz bir müəllif olaraq bu mövzuda heç bir manipulyasiya etmək istəmədik. Bu mövzunu sadə insanların dili ilə tamaşaçıların öz ixtiyarına verdik və istədik ki, film səmimi alınsın. Mən hesab edirəm ki, film səmimiliyinə görə sevilir və bəyənilir".

Bakı Media Mərkəzinin fəaliyyətinə toxunan müsahibimiz deyib: "Bildiyiniz kimi, Bakı Media Mərkəzi səkkiz ildir fəaliyyət göstərir. Bu səkkiz ildə biz kommersiya fəaliyyətindən əlavə olaraq bədii filmlərə də önəm veririk və bir çox bədii film hazırlamışıq. Müxtəlif mövzularda Azərbaycan mədəniyyəti, tarixi, multikulturalizmi, Azərbaycanın dəyərlərini beynəlxalq səviyyədə, xarici ölkələrdə göstərən ona yaxın film hazırlayıb, ərsəyə gətirmişik. Artıq qeyd etdiyim kimi, Bakı Media Mərkəzinin üç filmi bu festivalda iştirak edirdi və festivalın münsiflər heyətinin qərarı ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva türk dünyasına və türk mədəniyyətinə verdiyi töhfələrə görə festivalın xüsusi mükafatına layiq görüldü. Bu da biz, Bakı Media Mərkəzinin bütün heyəti üçün çox qürurverici bir xəbər oldu".

2023-cü ildə Şuşada keçirilməsi nəzərdə tutulan "Korkut Ata" film festivalında Bakı Media Mərkəzinin iştirakının nəzərdə tutulan sahələri haqqında danışan O.Əliyev mərkəzin televiziya yayımı ilə də məşğul olduğunu xatırladıb: "Biz bu vaxta qədər Şuşada keçirilən bir çox tədbirləri işıqlandırmışıq, onun televiziya yayımını təşkil etmişik. Bunlarda sonuncusu Prezidentimiz İlham Əliyevin Şuşada hərbçilərlə görüşü idi. Onu da Bakı Media Mərkəzi yayımlayırdı. Ondan öncə isə hər birimizin xatırladığı Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalını da biz çəkirdik. Şuşada və Bakıda keçirilən atəşfəşanlıqların da canlı yayımını Bakı Media Mərkəzi təşkil etmişdi. Güman edirik ki, gələn dəfə "Korkut Ata" Film Festivalı Şuşada keçirildikdə, orada da Bakı Media Mərkəzi ən azından yayımı təşkil edə bilər. Amma, mən çox istəyirəm ki, o vaxta qədər biz bir çox maraqlı, yeni mövzularda filmlər ərsəyə gətirək və həmin o filmlərlə də festivalda iştirak edək".

AZƏRTAC