Orta Dəhliz Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə fayda gətirəcək
Türk dünyası

Orta Dəhliz Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə fayda gətirəcək

Aprelin 26-27-də Pekində Mərkəzi Asiya respublikalarının xarici işlər nazirlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə Çinin müvafiq dövlət qurumları arasında geniş müzakirələr aparılıb. Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Qüdrətov bildirib ki, müzakirələrdə əsas mövzu Mərkəzi Asiya respublikalarının tranzit və nəqliyyat-logistika imkanları olub. Onun sözlərinə görə, may ayında "Mərkəzi Asiya-Çin" sammiti çərçivəsində nəqliyyat-logistika və tranzit sahəsində əməkdaşlığa dair tərəfdaşlar arasında sənədlər də imzalanacaq. Mərkəzi Asiya ölkələri ilə Çin arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz məsələsini aktuallaşdırır. Dünyanın hazırkı geosiyasi mənzərəsinə nəzər salsaq görərik ki, bu, heç də təsadüfi deyil. Rusiya və İran qərbin uzunmüddətli sanksiyalarına məruz qaldığından Çin, Mərkəzi Asiya respublikaları və Avropa dövlətləri Azərbaycandan keçən Orta Dəhlizə daha çox maraq göstərirlər.

Nəqliyyat marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Bu baxımdan, nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyətlidir. Bu marşrutla hərəkət edən blok qatarı yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdıracaq. Üstəlik, konteynerlərin Asiyadan qərbə ənənəvi okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa, Azərbaycan üzərindən keçən marşrutla bu müddət təqribən 3 dəfə azalır. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Bu mənada, Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər.

Orta Dəhlizin reallaşmasına töhfə verən ən əsas ölkə isə sözsüz ki, Azərbaycandır. Artıq sözügedən marşrutun vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb.

Ümumiyyətlə, son dövrlərdə yaşanan qlobal böhranlar fonunda nəqliyyat və enerji məsələsi gündəmdən düşmür. Yerləşdiyi əlverişli mövqe, eləcə də zəngin təbii sərvətləri Azərbaycanı nəzərəçarpacaq səviyyədə ön plana çıxarır. Ölkəmizin strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyük həcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır. Ötən ilin sonlarında dünyanın müxtəlif ölkələrinin liderləri ilə azərbaycanlı rəsmilərin arasında baş tutan ardıcıl təmaslar da buna işarə edir.

Bu müstəvidə, ötən il dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün keçirilməsi xüsusilə diqqət çəkir. Prezident İlham Əliyev, Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və onun türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovun ilk dəfə baş tutan geniş tərkibdə görüşündə dövlətlərarası əməkdaşlığın inkişafına dair aktual məsələlər müzakirə edilmişdir. Rusiyanın Ukraynaya hücumundan sonra dünyada yeni logistik xətlərə ehtiyac yaranması isə keçirilən görüşün əhəmiyyətini daha da artırır. Çünki geosiyasi reallıqlar fonunda sözügedən 3 ölkənin coğrafi yerləşmələri tranzit daşımaları üçün çox əlverişlidir. Quru və su sərhədlərinə malik olan dövlətlər öz səylərini birləşdirməklə və fəaliyyətlərini uzlaşdırmaqla Avropa ilə Asiya arasında nəhəng nəqliyyat habı formalaşdıra bilər. Bunun üçün Azərbaycandan keçən və optimal infrastrukturla Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunan Orta Dəhliz marşrutunun reallaşması lazım gəlir.

Orta Dəhlizin açılması isə şübhəsiz ki, Azərbaycanın həm təchizatçı, həm də tranzit ölkə olaraq Avropanın enerji təminatındakı rolu daha da artacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə marşrutun genişlənmə potensialı da gündəmdədir. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Bu baxımdan, Orta Dəhliz layihəsi Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam cavab verir. Digər tərəfdən, sözügedən marşrut digər Xəzəryanı dövlətlərin də nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə Mərkəzi Asiya respublikaları arasında dostluq əlaqələri inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan və Tacikistana səfərləri və əldə olunan razılaşmalar nəqliyyat səhəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar yaradıb. Yəni Orta Dəhliz həm də Türk Dövlətləri Təşkilatının əsas seqmentidir. Bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev martın 3-də yerli mətbuata verdiyi açıqlamasında da təsdiqləyib. Baş katibin sözlərinə görə, Ukraynadakı müharibənin fonunda ənənəvi yollar bağlandığından Orta Dəhliz getdikcə aktuallıq qazanır və bu, Türk Dövlətləri Təşkilatının bütün üzv ölkələrinə fayda gətirəcək: "Orta Dəhliz, əlbəttə, ilk növbədə, bizim ölkələrə və bütünlükdə regiona fayda gətirəcək. Bu yaxında, həmçinin Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu məsələni müzakirə ediblər. Bu layihənin reallaşmasının birinci mərhələsi artıq başlayıb. Nəqliyyat dəhlizlərinin bu kimi layihələri çox aktualdır və təkcə bizim ölkələrə deyil, bütünlükdə regiona fayda gətirəcək".

Onu da qeyd edək ki, geoiqtisadi cəhətdən Avrasiyanın yüksək potensiala malik olan türk dövlətlərinin illik ümumi daxili məhsulunun həcmi 1,4 trilyon dollar, il ərzində həyata keçirdikləri ticarət əməliyyatlarının məbləği isə 855 milyard dollardan çoxdur. Qarşılıqlı münasibətlərin, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qərarlar isə Türk Dövlətləri Təşkilatı ölkələrinin iqtisadi qüdrətinin daha da artmasına səbəb olacaq. İqtisadi sahədə artan nüfuz isə gələcək perspektivdə türk dövlətlərinin siyasi arenada da əsas söz sahibi olmasına gətirib çıxaracaq.

Jalə QASIMZADƏ,

"Respublika".