ORTA İXTİSAS TƏHSİLİ:  MÜASİR ÇAĞIRIŞLAR
Elm və təhsil

ORTA İXTİSAS TƏHSİLİ:  MÜASİR ÇAĞIRIŞLAR

Müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən mühüm və həlli zəruri olan vəzifələrdən biri modern milli təhsil sisteminin yaradılmasıdır.

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, beynəlxalq təcrübədən bəhrələnən, milli modelin formalaşmasına əsaslanan, səmərəli, məqsədyönlü islahatlar sistemində dövlətin kadr hazırlığı siyasəti geniş yer tutur. Təhsil sahəsində aparılan islahatlar onun hüquqi təminatlar sisteminin müntəzəm olaraq təkmilləşdirilməsini zəruri edir.

İqtisadi inkişafı şətləndirən əsas amillərdən biri müasir bilik, bacarıq və vərdişlərə malik yeni nəsil mütəxəssislərin hazırlanması və əmək bazarının tələblərinə uyğun kadr təminatıdır. Bu baxımdan kadr təminatı sistemndə orta ixtisas təhsili müəssisələrində subbakalavr hazırlığı mühüm yer tutmalıdır.

Dövlətin sivil normalar çərçivəsində inkişafını şərtləndirən əsas amillərdən biri kimi məhz dünyəvi təhsil üzrə münasibətlər çıxış edir. Bu baxımdan orta ixtisas təhsili üzrə ictimai münasibətləri tənzim edən hüquqi normaların təkmilləşdirilməsi və subbakalavrların əmək bazarının tələblərinə uyğun hazırlığı aktuallığı və zəruri cəhətləri ilə xarakterizə edilir.

Əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssis-kadr hazırlığını özündə ehtiva edən orta ixtisas təhsili pilləsi üzrə müasir çağrışları aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar:

1) Orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) hüquqi vəziyyətinin dəqiqləşdirilməsi

2) Rəqəmsal təhsil münasibətlərinin geniş və dayanıqlı bərqərar edilməsi

3) Pedaqoji heyətin hüquqi statusunun müəyyən edilməsi

4) İşə qəbulun müasir seçim mexanizmlərinin yaradılması və tətbiqi

5) Maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi

6) Tələbələrin əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmələri işinin təkmilləşdirilməsi

7) Məzunların əmək bazarında işlə təmin edilməsinə dair problemlərin əsaslı şəkildə həll edilməsi

8) Beynəlxalq təcrübənin öyrənilməsi və sınaqdan keçmiş müsbət təcrübənin milli xüsusiyyətlər çərçivəsində tətbiqi

9) Qanunvericilik bazasının təkmilləşdirilməsi

10) Azərbaycanda müasir orta ixtisas təhsili modelinin formalaşdırılması.

Təhsil sahəsində həyata keçirilən dövlət siyasəti elmi-texniki tərəqqinin, rəqəmsallaşmanın, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə müşahidə edilir. Müasir dövrdə sosial, siyasi, ictimai, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə baş verən müsbət dəyişikliklər milli təhsil sisteminin qarşısında bir sıra məqsədyönlü vəzifələr qoyur. Demokratik vətəndaş cəmiyyəti quruculuğu milli təhsil sisteminin əsaslı şəkildə dəyişdirilməsini, bu sahədə məqsədyönlü islahatların həyata keçirilməsini zəruri edir. 

Azərbaycan Respublikasının sürətli inkişafının müasir mərhələsində Konstitusiyada təsbit edilmiş təhsil hüququnun təmin edilməsi məsələsi böyük əhəmiyyət kəsb edir. Hər bir kəsin təhsil hüququ onun əmək hüququnun realizə imkanlarından biri kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi “Təhsil hüququ”, 35-ci maddəsi isə “Əmək hüququ” adlanır. Konstitusiyada təsbit edilmiş normalar orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) məzunlarının (subbakalavrların) təhsil və əmək hüququnu tam mənasını özündə ehtiva edir.

Müstəqillik illərində - son 30 il ərzində tam orta təhsil bazasından 495672 nəfər orta ixtisas təhsili müəssisələrində təhsil almaq üçün müraciət etmiş, onlardan 273989 nəfəri bu imkandan istifadə edə bilmişdir. Əmək bazarı üçün xeyli sayda mütəxəssis-kadr hazırlığı məhz orta ixtisas təhsili müəssisələrində həyata keçirilmişdir.

Müstəqil Azərbaycan Respublikasının müasir inkişaf dinamikasına uyğun olaraq, təhsilin şəxsiyyət, cəmiyyət və dövlət üçün prioritet sahə olduğunu nəzərə alaraq, ixtisaslı mütəxəssis-kadr hazırlığı işinin zamanın tələblərinə uyğun təşkil və idarə edilməsini həyata keçirmək, ixtisaslı mütəxəssis-kadrların əmək bazarının tələblərinə cavab verməsini təmin etmək, orta ixtisas təhsili sahəsində dövlət siyasətini və milli maraqları şərtləndirən islahatları gücləndirmək, gənc nəslin müasir bilik, bacarıq və vərdişlərə yiyələnməsinə nail olmaq üçün bir sıra mühüm cəhətləri göstərmək olar:

1) Müasir və müstəqil Azərbaycan Respublikasının milli təhlükəsizlik sisteminin, o cümlədən şəxsiyyətin, cəmiyyətin və dövlətin inkişafının əsas və əvəzsiz təminat vasitələrindən biri milli təhsildir.

2) Azərbaycan Respublikası milli xüsusiyyətlər daxilində, sınaqdan keçmiş mütərəqqi təcrübələrə əsaslanan, beynəlxalq standartlara uyğun olan təhsilin milli modelini yaratmaq və formalaşdırmaq əzmindədir.

3) Təhsilin milli modelinin ayrılmaz tərkib hissələrindən biri də orta ixtisas təhsilidir.

4) Dövlət siyasətinin və milli maraqların səmərəli həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri müasir bilik, bacarıq və vərdişlərə yiyələnmiş, elmi və dünyagörüşünə malik yeni nəsil ixtisaslı mütəxəssislərin hazırlanması və ixtisaslı kadr korpusunun formalaşdırılmasıdır.

5) Cəmiyyətin və əmək bazarının tələbatına uyğun olan ixtisaslı mütəxəssis-kadrların hazırlanması fonunda orta ixtisas təhsili mühüm əhəmiyyət kəsb edir.

Hər tədris ili üzrə tələbə qəbulu başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul olmuş subbakalavrlar haqqında məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən subbakalavrların məzun olduqları orta ixtisas təhsili müəssisələrinə təqdim edilməli, əmək bazarında tələb və təklif arasında balans yaradılmalı və tələbat olan ixtisaslara daha çox üstünlük verilməlidir.

Əmək bazarının tələblərinə uyğun olaraq orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə plan yerləri artırılmalı, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla tələbə qəbulu 50 %-dən az olmalıdır.

Qanunvericiliyin təkmilləşdirilməsi baxımından Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Təhsil, Dövlət qulluğu, Gənclər siyasəti, Məşğulluq, Əmək pensiyaları, Sosial sığorta haqqında Azərbaycan Respublikası qanunlarına orta ixtisas təhsili müəssisələrinin məzunlarının statusuna dair mütərəqqi normaların daxil edilməsi məqsədəmüvafiqdir.

Əmək Məcəlləsinə, Təhsil və Məşğulluq haqqında qanunlara aşağıdakı məzmunda müddəaların əlavə edilməsi məqsədəuyğun olardı: “Əmək bazarında yüksəkixtisaslı mütəxəssislərə (bakalavr və daha yüksək) olan tələbat istisna olmaqla, cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis heç bir ayrı-seçkiliyə məruz qalmadan əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən dövlət qulluğu vəzifəsinə qəbul olmaq hüququna malikdirlər. Əmək bazarında yüksəkixtisaslı mütəxəssislərə (bakalavr və daha yüksək) olan tələbatı özündə ehtiva edən fəaliyyət sahələrinin təsnifatı məhdud sayda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Orta ixtisas təhsili müəssisələrinin məzunlarının dövlətin idarə edilməsində iştirak hüququnu təmin etmək məqsədilə Dövlət qulluğu haqqında Qanuna aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi məqsədəuyğundur: “Orta ixtisas təhsilli mütəxəssislər qanunla müəyyən edilmiş hallar istisna olmaqla siyasi, inzibati və yardımçı dövlət qulluğu vəzifələrinə seçilmək, qəbul, təyin və ya təsdiq edilmək hüququna malikdirlər. Qanunla müəyyən edilmiş hallar qanunvericiliklə məhdud sayda müəyyən edilir”. 

Eyni zamanda, Təhsil haqqında Qanuna aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi faydalı olardı: “Orta ixtisas təhsili müəssisələrinin subbakalavr statuslu məzunları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə qəbul olduğu zaman normativ təhsil müddəti iki tədris ilindən çox ola bilməz”.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə subbakalavrların qəbulunun ümumi qəbuldan asılılığını aradan qaldırmaq məqsədilə Təhsil haqqında Qanuna aşağıdakı məzmunda müvafiq maddənin əlavə edilməsi məqsədəuyğun olardı: “Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu üçün plan yeri həmin tədris ili üzrə məzun olacaq subbakalavrların ümumi sayının 50%-dən az olmayaraq müəyyən edilir. Plan yerində buraxılış ili üzrə hər bir ixtisas qrupunun xüsusi çəkisi nəzərə alınır. Plan yeri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bununla yanaşı, subbakalavrlar abituriyent kimi tələbə qəbulunda iştirak etmək hüququna malikdirlər. Subbakalavrlar eyni zamanda həm subbakalavr, həm də abituriyent kimi tələbə qəbulunda iştirak edə bilərlər. Subbakalavrlar abituriyent qəbulu üçün nəzərdə tutulmuş plan yerlər üzrə də müsabiqədə iştirak edə bilərlər”.

Konstitusiyada təsbit olunmuş təhsil hüququnun təmin edilməsi məqsədilə Təhsil haqqında Qanuna aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi zəruridir: “Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu zamanı, normativ təhsil müddətində və təhsillərini davam etdirdikləri zaman ərzində onlar heç bir ayrı-seçkiliyə məruz qalmadan qanunvericiliklə təhsil alan üçün nəzərdə tutulmuş bütün hüquqlara, vəzifələrə, imtiyazlara və güzəştlərə malikdirlər”.

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş bəzi normalar subbakalavrların qəbul imkanlarını məhdudlaşdırır. Subbakalavrların imtahansız qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən həmin qaydaların bəzi normalarına zidd, lakin, subbakalavrların marağına uyğun olaraq həyata keçirilir. Bu uyğunsuzluğu aradan qaldırmaq və subbakalavrların təhsil hüququnu təmin etmək məqsədilə həmin Qaydalar təkmilləşdirilməlidir.

Bütün bunlarla yanaşı, “Orta ixtisas təhsili haqqında Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Dövlət Proqramı”, “Orta ixtisas təhsili müəssisələrinin nümunəvi inkişaf Strategiyası”, “Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş subbakalavrlar üçün tədrisin təşkili Qaydaları” qəbul edilməlidir.

Bu gün 44 günlük Vətən müharibəsinin parlaq qələbəsinin təntənəsi olan Zəfər Günü digər sahələrdə olduğu kimi, təhsil ictimaiyyətinin də qarşısında əsaslı vəzifələr qoyur. Belə ki, ilk olaraq bu öhdəlikləri icra etmək məqsədilə iqtisadi rayonların yeni bölgüsündə yer tutan Qarabağ iqtisadi rayonuna (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonuna (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) daxil olan inzibati ərazi vahidlərinin hər birində onların yerli xüsusiyyətləri nəzərə alınmaqla ali və orta ixtisas təhsili müəssisələri yaradılmalıdır.

Hər bir Azərbaycan vətəndaşının, o cümlədən gənc nəslin üzərinə düşən əsas vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək və dayanıqlı inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması sahəsində həyata keçirilən tədbirlərdə yaxından iştirak etməkdir. Bu mənada işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə dəstək olmaq üçün tələbə-inşaat dəstələri yaradılmalıdır. İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı istiqamətində həyata keçiriləcək genişmiqyaslı tədbirlər sistemində bu tip işlərin təşkili gənc nəslin həmin ərazilərdə məskən salması üçün əsaslı şərait yaratmış olacaqdır.

Hər bir müəllimin Azərbaycan xalqı, Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan, Müzəffər Ordunun Zəfər Şahinləri qarşısında ümdə vəzifələrindən, əsas öhdəliklərindən biri və ən əsası yetişməkdə olan gənc nəsli milli vətənpərvərlik ruhunda böyütmək, vətənə sədaqət ruhunda inkişaf etdirmək, milli adət və ənənələri nəsildən-nəslə ötürməkdir.

 

Oruc MƏMMƏDOV,

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində

Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru,

hüquq üzrə fəlsəfə doktoru, dosent, qabaqcıl təhsil işçisi.