Ötən il ölkədə 1,8 milyon tona yaxın tərəvəz məhsulları istehsal olunub
İQTİSADİYYAT

Ötən il ölkədə 1,8 milyon tona yaxın tərəvəz məhsulları istehsal olunub

Bu ilin birinci yarısında isə əkin sahələrinin yalnız 47 faizinin məhsulu toplanıb,  amma hər hektardan 240 sentner tərəvəz əldə olunub

İnsanların qida təminatında tərəvəzçilik  mühüm rol oynayır. Azərbaycanda da bu sahənin inkişafı həmişə dövlətin diqqət mərkəzindədir. Bizim ölkədə onun adambaşına illik istehlak norması 87 kiloqramdır. Bura kələm, pomidor, soğan, xiyar, badımcan, kök, mətbəx çuğunduru, göyərti və s. daxildir.

Hələ 2000-ci illərin əvvəllərində ( o vaxt ölkədə əhali sayı 8 milyon nəfər civarında idi)  bu tələbatı ödəmək üçün  təxminən 45-50 min hektar sahədə tərəvəz məhsulları əkmək kifayət idi. Xatırladaq ki, o vaxt tərəvəz  bitkilərinin hər hektardan məhsuldarlığı cəmi 145-150 sentner civarında idi.

İndi isə əhali sayımız çoxdan 10 milyon nəfəri ötüb, deməli, tərəvəz məhsullarına tələbat da  artıb. Onun əkin sahələrinin artırılması ilə yanaşı, hər hektardan məhsuldarlığını yüksəltmək də aktualdır.

Dövlət Statistika Komitəsi xəbər verir ki,  ötən il ölkədə 66, 6 min hektar  sahədə tərəvəz məhsulları əkilib. Sahələrdən 1,8 milyon tona yaxın məhsul toplanıb ki, bu da hər hektardan 188 sentner və ya əvvəlki ildəkindən 12 sentner artıq tərəvəz deməkdir.

Bu ilin birinci yarısında tərəvəz məhsulları əkin sahələrinin (68,3 min hektar) cəmi 47 faizinin məhsulu yığılıb. Buna baxmayaraq, məhsuldarlıq hər hektardan  240 sentneri ötüb. Xatırladaq ki, bu, ötən ilin müvafiq dövründəkindən 8 sentner çoxdur.

Bəli, iyulun 1-dək tərəvəz əkin sahələrinin yalnız 47 faizində məhsul toplanıb, amma  6 aylıq məhsul  göstəricisi 2000-ci illərin əvvəllərində olan illik istehsalı üstələyib-777 min tona yaxın məhsul toplanıb.

Nəriman CAVADOV,

“Respublika”.