Ötən il ölkədə 3,3 milyon ton taxıl istehsal olunub
İQTİSADİYYAT

Ötən il ölkədə 3,3 milyon ton taxıl istehsal olunub

Hər hektardan məhsuldarlıq 32 sentnerə yüksəlib

2020-ci ildə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 955,4 min hektar əkin sahəsindən 2935, 2 min ton məhsul götürülüb. Hər hektardan orta hesabla 30,7 sentner məhsul əldə olunub. Bundan əlavə, 33,7 min hektar dən üçün qarğıdalı sahəsindən 321,9 min ton məhsul toplanıb. Beləliklə, qarğıdalı da nəzərə alınmaqla, ölkədə taxıl istehsalı 3257,1 min ton olub. Hər hektardan məhsuldarlıq artaraq, 31,8 sentner təşkil edib.

Göründüyü kimi, taxılçılıqda göstəricilərimiz əladır. Amma dövlət bu sahəni daha da inkişaf etdirmək əzmindədir. Çünki dünyada kənd təsərrüfatı məhsullarına olan tələb təklifi üstələyir. Bu səbəbdən son illər ərzaq məhsullarının qiymətləri sürətlə artmağa başlayıb. Belə tendensiya demək olar ki, bütün ərzaq növlərində az və ya çox  dərəcədə müşahidə edilir.

Ümumdünya Ərzaq Təşkilatının (FAO) son məlumatına görə, ən çox qiymət artımı taxıl və taxıl məhsullarında müşahidə olunur. Bu üzdən  bir çox  ölkələr taxılın ixracını məhdudlaşdırır. Bunun bir səbəbi daxili bazarı hər ehtimaldan sığortalamaqdırsa, digəri dünya bazarında onun qiymətinin daha da yüksəlməsini gözləməklə əlavə qazanc əldə etməkdir.

Azərbaycanda da  buğda ən çox istifadə olunan  məhsuldur. Odur ki, dövlət taxıl məhsullarının qiymətinin artmasının qarşısını almaq üçün iki mühüm amildən istifadə edir. Birincisi, taxıl istehsalını artırmaqla idxaldan asılılığın aradan qaldırılmasıdır. İkincisi isə, idxal olunan buğdanın əlavə dəyər vergisindən azad edilməsidir. Təbii ki, ikinci faktor yardımçı xarakter daşıyır və bu səbəbdən başlıca məqsəd ölkədə taxıl istehsalını artırmaqdır. Başqa sözlə,  aqrar sektorda aparılan siyasətdə taxılçılığın inkişafı ön plandadır. İlk dəfə subsidiyanın taxılçılıqla məşğul olan fermerlərə  verilməsi, yanacaq və gübrələrin onlara pulsuz çatdırılması, yaxud güzəştli şərtlərlə satılması bununla bağlıdır. Güzəştli kreditlərin verilməsi isə bu sahədə çalışan fermerlərə böyük imkanlar yaradır. 

Son dövrlər ölkəmizdə iri taxılçılıq təsərrüfatları və aqroparkların sayı xeyli artmışdır. Müasir texnika və texnologiyalardan geniş istifadə edən bu təsərrüfatlarda məhsuldarlıq daha yüksəkdir. Belə ki, ölkə üzrə taxılçılıqda məhsuldarlıq 30-32 sentner olduğu halda, iri fermer təsərrüfatlarında və aqroparklarda bu rəqəm 55-60 sentner civarındadır.

Taxılçılığın inkişafında yüksəkkeyfiyyətli toxumlardan istifadə də mühüm əhəmiyyət kəsb edir. Daha doğrusu, məhsuldarlıq bu məsələdən çox asılıdır. Azərbaycanda yeni növ toxum sortlarının yaradılması üçün külli miqdarda vəsait ayrılır. Bununla yanaşı, toxumçuluq sahəsində ixtisaslaşan fermer təsərrüfatlarına əlavə güzəştlər də edilir.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi taxılçılığın inkişafında yeni bir dönəm yaratmışdır. Belə ki, min hektarlarla yeni əkin sahələri dövriyyəyə cəlb edilir. Artıq ötən ilin payızında işğaldan azad olunan sahələrin bir hissəsində taxıl əkildi. Bu il isə əkin sahələri daha genişdir. Çünki hazırda  torpaqların minalardan təmizlənməsi istiqamətində ciddi işlər görülür. Beləliklə, cari ilin payızında  min hektarlarla əlavə sahədə taxıl əkininin aparılması   idxaldan  asılılığı minimuma endirəcək və ya tamamilə aradan qaldıracaq.

Ağcabədi ölkəmizdə iri taxılçılıq rayonu kimi tanınır. Burada ötən il 29 min 935,3 hektarda payızlıq taxıl əkilib. Səpinin 22 min 224,1 hektarı buğda, 7 min 711,2 hektarı arpadır.

Subsidiyaların ödənilməsi qaydalarının asanlaşdırılması fermerlərin ürəyincədir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”ndakı yeniliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər. Yeni qaydaların tətbiqi göstərir ki, bu sahədə dövlətin dəstəyi daha da artıb. Yəni əvvəllər qiyməti 26 manat 67 qəpik olan ammonium gübrənin 8 manatı fermer tərəfindən, 18 manat 67 qəpiyi isə dövlət büdcəsi hesabına ödənilirdi. İndi isə onun tam dəyəri dövlət büdcəsi hesabına “Fermer kartı” vasitəsilə ödənilir. Bununla yanaşı, “Aqroservis” ASC-nin əməkdaşları kənd və qəsəbələrə gedərək gübrələrin fermerlərin tələbatına uyğun satışını həyata keçirirlər.

Ölkəmizin ən iri taxılçılıq rayonlarından biri də Şəkidir. Ötən ilin payızında rayonda 66 min 390 hektar sahədə taxıl əkilib. Bunun 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını arpa, 286 hektarını isə xəsillik arpa sahələri təşkil edir.

Ötən ilin payızında və bu ilin yazında ölkədə 982,6 min hektar sahədə (qarğıdalısız) dənli və dənli paxlalı bitkilər əkilib, onlara yüksək aqrotexniki qulluq göstərilib və bol məhsul yetişdirilib. Bundan əlavə, 32,3 min hektar sahədə dən üçün qarğıdalı əkilib və yetişdirilib.

Biçinə mütəşəkkil hazırlıq görülüb, mexanizatorlara təlimlər keçirilib və məhsul yığımı əsasən vaxtında və itkisiz başa çatdırılıb. Bu barədə hələlik son rəsmi statistik məlumat olmadığından biz bundan geniş söhbət aça,  konkret rəqəmlər söyləyə bilmirik.  Amma şübhə yoxdur ki, Azərbaycan fermerlərinin zəhməti hədər getməyib, məhsulumuz ötən ildəkindən də boldur və növbəti yazılarımızda biz bu barədə əlavə məlumat verəcəyik.

Nəriman CAVADOV,

“Respublika”.