Ötən il qarşıda duran vəzifələr uğurla yerinə yetirilib
Siyasət

Ötən il qarşıda duran vəzifələr uğurla yerinə yetirilib

Dövlət başçısının dediyi kimi: "Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik"

"Əlbəttə, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq. Bu gün - 2023-cü ilin əvvəlində bu görüş zamanı da əlbəttə ki, bu məsələlər haqqında danışacağıq.  Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

2020-ci il tarixə Zəfər ili kimi yazıldı, Azərbaycan 30 illik işğala son qoydu, ədalət bərpa edildi. Əldə etdiyimiz şanlı qələbə dünyada ölkəmizin nüfuzunu yüksəltdi. Beynəlxalq ictimaiyyət, dünya Azərbaycanın tarixi Zəfərini - 30 illik işğala qısa zamanda son qoymağımızı getdikcə daha dərindən anlayır, dəyərləndirir. Biz bu müharibədə yalnız Ermənistanla deyil, dünya ermənilərinin himayədarları ilə mübarizə aparırdıq. Böyük güclərin ikili standartlarına, terrorizmə, vandalizmə qarşı döyüşürdük. Bu, xeyrin şərə qarşı mübarizəsi idi və xeyrin şər üzərində qələbəsilə bitdi. Bu qələbəni Azərbaycanın vuran əllərinin "dəmir yumruğu" təmin etdi...

Vətən müharibəsindən sonra gərgin, mübarizə dolu daha iki ili yola saldıq. 2023-cü ilin ilk ayının başa çatmasına sayılı günlər qalıb. Yeni ilin ilk ayı dövlət başçısının yerli televiziya kanallarına müsahibəsilə başladı. Və Prezidentin bütün dünyaya çox önəmli mesajları ilə gündəmdə oldu. Çünki dövlət başçısına ünvanlanan sualların əksəriyyəti ictimaiyyəti maraqlandıran  mövzuları əhatə edirdi və işğalçı Ermənistan və onun havadarlarına yönəlmişdi. 

Təəssüf ki, 44 günlük müharibədən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, ağır məğlubiyyətindən dərs çıxarmayan Ermənistanda hələ də revanşist qüvvələr fəaliyyətdədir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibədə də vurğuladığı kimi, bizi 2021, 2022-ci illər ərzində daha bir neçə dəfə "dəmir yumruğu" tətbiq etməyə məcbur edən Ermənistan revanşizmdən birmənalı şəkildə imtina etməlidir: "Müharibə bitsə də, mübarizə davam edir".

Dövlət başçısı öz açıqlamalarında ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Bu mövqe isə dəyişməzdir. İlk növbədə, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, sülh müqaviləsini imzalamalıdır. Digər tərəfdən, Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsi, ekoloji terror törətməsi də yolverilməzdir. Azərbaycan bu ərazilərdə baş verən proseslərə öz mövqeyini ortaya qoymaq məcburiyyətindədir. Elə Xankəndi-Laçın yolunda ekofəalların dinc etiraz aksiyası da bunu təsdiqləyir. Ermənistan isə vaxtaşırı olaraq hərbi təxribatlar törədir və Azərbaycanı adekvat tədbirlər görməyə vadar edir.

Azərbaycan regionda kommunikasiyaların bərpası ilə əlaqədar təşəbbüslər irəli sürür, qətiyyətli mövqe sərgiləyir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Çünki bu dəhliz regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Yerli televiziya kanallarına müsahibədə Prezident İlham Əliyev Qarabağda bərpa və yenidənqurma işləri, Azərbaycan ilə Ermənistan arasında münasibətlər, ölkənin xarici siyasəti və digər məsələlər barədə sualları cavablandırıb.

Ölkə başçısı kadr islahatları barədə danışarkən deyib: "Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb".

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə başlanılıb. 2021-ci il fevralın 4-də Prezident xüsusi nümayəndəliklərin yaradılması ilə bağlı Fərman imzalamışdır. Fərmana əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) dövlət başçısı xüsusi nümayəndələr təyin etmişdir. İlk olaraq Şuşa şəhərinə xüsusi nümayəndə təyin olunmuşdur. Qarabağ və Şərqi Zəngəzurda müasir idarəetmə modelinin uğurlu tətbiqi bütün regionlarımızın da uğurlu inkişafına vasitəçi olacaqdır.

Ölkə başçısının qəbul etdiyi qərarların dövlət orqanları tərəfindən müvafiq ərazidə həyata keçirilməsinin vəziyyətini qiymətləndirmək və bununla bağlı aidiyyəti üzrə məlumat vermək və s. xüsusi nümayəndəliklərin vəzifə və hüquqlarıdır. Qarabağ və Şərqi Zəngəzur idarəetmə modeli baxımından digər bölgələrimiz üçün də nümunədir.

Prezident İlham Əliyev 2023-cü ildə qarşıda duran vəzifələr və perspektivlərdən də danışıb. Dövlət başçısı Avropaya qaz tədarükünün vəziyyətilə bağlı danışarkən bildirib ki, ölkəmiz bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarükünü hələ aylar əvvəl əldə edilmiş razılığa əsasən reallaşdıracaq. O vurğulayıb ki, yaxın illərdə Azərbaycan ümumilikdə 20 milyard kubmetr qaz ixrac edəcək və onun yarısını Avropaya göndərəcək. Dövlət başçısı indiyədək bu göstəricinin 8,12 milyard kubmetr olduğunu da qeyd edib.

Avropa qaz nəqlinə dair siyasi razılaşmalardan danışarkən onu da qeyd etmək lazımdır ki, ötən ilin iyulunda Azərbaycan Prezidenti ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən bununla bağlı Anlaşma Memorandumu imzalanıb. Bununla da 2027-ci ildən etibarən qaz nəqlinin həcmi daha da artırılaraq illik azı 20 milyard kubmetrə çatdırılacaq. 

Dövlət başçısı Orta Dəhlizin reallaşdırılması istiqamətində ardıcıl siyasət aparıldığını, 6 il bundan əvvəl açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin indiki 1 milyon tondan 5 milyon tona qədər çatdırılacağını deyib. Ölkəmizin Bakı-Yalama xətti, ardınca Ələt-Astara xətti də çağdaş standartlar səviyyəsinə gətiriləcək: "Təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 25 milyon tona qədər yük daşına bilər. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir", - deyə dövlət başçısı bildirib.

Prezident, həmçinin Zəngəzur dəhlizindən, Qərbi Azərbaycan mövzusunun beynəlxalq müstəviyə çıxardılmasından da söz açıb. Bu yöndə işlərin konseptual əsasda aparılmalı olduğunu deyib: "Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı "Qərbi Azərbaycan" mövzusunda da görməliyik".

"Sözümüz imzamız qədər keçərlidir", - deyən dövlət başçısının rəhbərliyilə bütün proqramlar heç bir əskiklik olmadan icra olunur və bu da sübut edir ki, "Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik!".

Zümrüd QURBANQIZI,

"Respublika".