Ötən tədris ilinin uğurları
Elm və təhsil

Ötən tədris ilinin uğurları

Təhsil gələcəyin qapısıdır, o, həm də bələdçidir, insana yeni ideyalar və tükənməz bir ruh verir, eyni zamanda məlumat mənbəyi, duyğu və düşüncələrin, həyat həqiqətlərinin, cəmiyyətin, tarixi hadisələrin məcmusudur. Məşhur bir filosofun dediyi kimi, tarixini itirən xalq mənliyini itirmiş kimidir, vətən hissini itirən kəs insanlığını itirmiş kimidir, təhsilini itirən gələcəyindən məhrum edilmiş kimidir. Bu baxımdan ölkəmizdə təhsilin inkişafına, yeni məktəblərin tikintisinə, köhnə binaların yenidən bərpa edilməsinə, tədris ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə, bir sözlə, təhsilə müasir yanaşma dövlətimizin siyasətində ən mühüm yerlərdən birini tutur.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində respublikada yüzlərlə yeni və müasir məktəb tikilərək istifadəyə verilib. Həmin layihə çərçivəsində Ağdam rayonunda da yeni məktəb binaları inşa olunub. İşğaldan azad edilən Ağdam şəhərində isə 960 yerlik yeni məktəb binası tikilir.Təbii ki, bu qayğıya rayonun təhsil işçiləri və şagirdlər layiqli töhfələrlə cavab verirlər.

Fərəh hissilə qeyd edirik ki, bu il Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 621 nəfəri tələbə adını qazanıb. Gənclərdən 59 nəfəri 500-600 arası, 17 nəfəri isə 600-dən çox bal toplayıb. Bu münasibətlə, Quzanlı qəsəbəsində 2021-2022-ci tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib, onların ruhuna dualar oxuyublar.

Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Sonra bir qrup müəllim, əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər mükafatlandırılıb.

Salman ALIOĞLU,

"Respublika".