Öz ömrünü unudub yurda ömür verənlər
Region

Öz ömrünü unudub yurda ömür verənlər

Süleyman Bağırovun anım günü, eləcə də Elnur Qarayevin doğum günündə Şirvan şəhər ictimaiyyətinin nümayəndələri, hər iki şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət edərək xatirələrini ehtiramla yad etdilər. Şəhidlərin məzarları qarşısında çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onların valideynlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkürünü bildirdi. Gözlərini qırpmadan, çəkinmədən vətənin müdafiəsinə qalxan oğulların qəhrəmanlığını yüksək qiymətləndirərək dedi:

- Onlar öz yerlərini tarixdə bərqərar etdilər. Millətimiz yaşadıqca, dövlətimiz var olduqca, şəhidlərimiz də yaşayacaq. Ali Baş Komandanımızın bir çağırışı ilə onun “dəmir yumruğu” altında hər bir əsgər, zabit,  bütünlükdə xalq  birləşərək  bir nöqtəyə vurmaqla, 44 gün ərzində 30 illik nisgilə son qoydu. Bir nəfər əsgər belə geri çəkilmədi, “yalnız irəli” deyib düşmənin üstünə yeridilər. Düşmən tərəfdə isə minlərlə fərari, hətta zəncirlənmiş əsgərlər olduğu müəyyən edildi.

İcra başçısı çıxışında Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Zirvə toplantısında cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqını təbrik etməsini, cənab Prezidentimizə “Müzəffər Ali Baş Komandan” deyə müraciət edərək türk dövlətlərinin “Ali Ordeni”ni  təqdim etməsini qürurla nəzərə çatdırdı. Bu mükafatın Süleyman kimi, Elnur kimi  oğullarımızın igidliyinin, bir xalqın 30 illik səbirdən sonra böyük qələbəsinin təzahürü olduğunu vurğuladı.

Millət vəkili İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov da çıxış edərək hər bir şəhidin ailə üzvlərinə səbir, bütün şəhidlərə Allahdan rəhmət dilədilər. Şəhidlərin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Tədbir iştirakçıları Şəhidlər Xiyabanındakı “Şəhid Anası” abidəsini də ziyarət etdikdən sonra şəhid Süleyman Bağırovun, eləcə də Elnur Qarayevin yaşadığı məhəllədə yaradılan xatirə lövhələrinin qarşısında onların keçdiyi ömür yolundan söz açdılar.

                                     Tofiq HÜSEYN,

                                    “Respublika”.