Özbəkistanın prokurorluq orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir
Digər xəbərlər

Özbəkistanın prokurorluq orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir

Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümü münasibətilə Daşkənddə hibrid formatda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycan Prokurorluğunu Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə nümayəndə heyəti videokonfrans vasitəsilə təmsil edib.

Elmar Camalov çıxış edərək Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, hüquq sistemində də ardıcıl həyata keçirilən islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış "Elektron prokurorluq" informasiya sisteminin tətbiqi barədə konfrans iştirakçılarına geniş məlumat verilib.

Baş prokurorun müavini Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən geniş quruculuq-bərpa işləri və layihələr, postmüharibə dövrünün regionumuz üçün açdığı yeni imkanların əhəmiyyətindən danışıb.

Sonra konfrans işini prokurorluq orqanlarının müxtəlif sahələrdə fəaliyyətinə həsr olunmuş panel müzakirələri formatında davam etdirib.

AZƏRTAC