Özbəkistanla diaspor sahəsində əməkdaşlığa dair rəsmi görüşlər keçirilib
Diaspora

Özbəkistanla diaspor sahəsində əməkdaşlığa dair rəsmi görüşlər keçirilib

Özbəkistan Respublikasına səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.

Bu barədə 26 may Diasprla İş üzrə Dövlət Komitəsindən xəbər verilir.

Komitə sədri ilk olaraq tərəfdaş qurum olan Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanovla görüşüb. O, görüş zamanı həmkarına Özbəkistana dəvətə, uğurlu əməkdaşlığa və dost ölkədə Azərbaycan icmasının fəaliyyəti üçün yaradılmış şəraitə, dəstəyə görə təşəkkür edib.

Tərəflər arasında 2022-ci ildə Azərbaycanda keçirilmiş Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində imzalanmış anlaşma memorandumu çərçivəsində fəaliyyət planı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Özbəkistanda silsilə tədbirlərin keçirilməsi, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün perspektivlər müzakirə edilib.

Sonra çıxış edənlər Komitə tərəfindən həyata keçirilən işlər, "Heydər Əliyev ili" çərçivəsində Özbəkistanda və digər ölkələrdə Azərbaycan diasporu tərəfindən təşkil edilən silsilə tədbirlər, iki ölkə arasındakı tarixi və mədəni əlaqələr barədə danışıb. Görüş gələcək əməkdaşlıq və birgə həyata keçiriləcək layihələrin müzakirəsi ilə başa çatıb.

“Respublika”.