ÖZƏL SƏHİYYƏ OCAQLARININ YARANMASI GÜNÜN TƏLƏBİDİR
Region

ÖZƏL SƏHİYYƏ OCAQLARININ YARANMASI GÜNÜN TƏLƏBİDİR

Son illər respublikamızda səhiyyə sistemində aparılan islahatlar, yeni özəl tibb müəssisələrinin yaradılması, bu sahədə həyata keçirilən yeniliklər insanların sağlamlığının etibarlı qorunmasına hesablanmışdır. Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi vətəndaşların məmnunluğuna səbəb olur. Dövlət başçısı cənab İlham Əliyevin apardığı siyasət nəticəsində özəl sektorun inkişaf etdirilməsi üçün tam şəffaf və münbit şərait formalaşdırılmışdır. Tibb sahəsində də özəl müəssisələrin sayı durmadan artmaqdadır.

Yeni, özəl xəstəxanaların yaradılması əhaliyə daha yaxşı tibbi xidmət göstərilməsinə zəmin yaradır. Belə ki, hər bir müəssisə nümunəvi tibbi xidmət göstərməklə daha çox insan cəlb etmək istəyir. Bu, bir növ tibbi xidmətdə rəqabəti artırır. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi zamanlarda xalqın sağlam həyat tərzinin təmin olunması üçün sonsuz xidmətləri olmuşdur. Bu sahənin vacibliyini vurğulayaraq demişdir: "Səhiyyə bizim üçün hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülür və gələcəkdə də görüləcəkdir".

Ulu Öndərin siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə hər il yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi ənənə halını almışdır. Dövlət başçısı çıxışlarından birində demişdir: "Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik".

Ölkədə özəl sektorun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi Bərdə şəhərində yeni istifadəyə verilmiş "Zərnigar" özəl tibb müəssisəsini göstərmək olar. "Zərnigar" Tibb Müəssisəsi MMC-nin direktoru Fəxrəddin Hüseynovla söhbət zamanı bildirdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə özəl sektorun inkişafına yaradılan münbit şəraitdən yararlanaraq adıçəkilən səhiyyə ocağını yaratmışıq. Məqsəd Bərdə, eləcə də digər rayonların sakinlərinə nümunəvi tibbi xidmət göstərməkdir.

Hazırda göstərilən tibbi xidmət müraciət edənlərin məmnunluğuna səbəb olur. Xidmətin keyfiyyətini daha da yüksəltmək qarşıya qoyulan vacib şərtdir. Müəssisə 30 sentyabr 2022-ci ildən fəaliyyət göstərir. Səhiyyə ocağında 25 kabinet fəaliyyət göstərir.

Bina müasir stildə inşa olunmuşdur. Üç mərtəbədən ibarət terapevtik və cərrahi blokdan ibarətdir. Yaxın zamanlarda cərrahi blok istifadəyə veriləcəkdir. Burada ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya mövcuddur. Texnologiyanın son nailiyyətləri nəticəsində istehsal olunmuş hibrid rentgen kabineti fəaliyyət göstərir.

Nəzərdə tutulmuşdur ki, cərrahi və terapevtik tibbi xidmət göstərmək üçün 42 çarpayılıq stasionar xidmət üçün şöbə fəaliyyətə başlasın. Hazırda müraciət edənlərə aşağıdakı tibbi xidmətlər göstərilir. Terapevtik, kardioloji, uroloji, ginekoloji, cərrah qastroentoloq, USM, stomatoloji, kasmetoloji və s. Tibb müəssisəsində əhaliyə nümunəvi xidmət göstərilir. Bu səbəbdən müraciət edənlərin sayı günbəgün artmaqdadır.

Direktor qeyd etdi ki, səhiyyə ocağında şəhid ailələri və qazilərə, eləcə də Birinci və İkinci Qarabağ müharibəsi əlillərinə pulsuz xidmət göstərilir. Müəssisə fəaliyyətə başladığı ilk 15 gün ərzində aksiya keçirmiş, müraciət edən hər kəs pulsuz tibbi xidmətdən yararlanmışdır. Həmin müddətdə 200 nəfərdən artıq insan təmənnasız tibbi müayinədən keçmişdir.

Vəli VƏLİYEV,

"Respublika".