Özümüzü və yaxınlarımızı qoruyaq
Region

Özümüzü və yaxınlarımızı qoruyaq

Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Özümüzü və yaxınlarımızı koronavirusdan qorumaq üçün peyvənd olunaq” mövzusunda maarifləndirici aksiya keçirilib. İdarə əməkdaşları Kürdəmir rayonunda yerləşən mağazalarda və əhalinin sıx toplaşdığı məkanlarda virusun yayılmasının qarşısının alınması peyvənd olunmanın vacib olduğu haqqında gənclər arasında maarifləndirici söhbətlər aparıb, ictimai iaşə obyektlərində bukletlər yapışdırıblar.

Aksiyada vurğulanıb ki, son günlər ölkəmizdə COVID-19 virusuna kütləvi yoluxma faktları davam edir. Bu da həyəcan təbili çalmağa əsas verir. Virusa yoluxmanın qarşısının alınmasında müxtəlif dezinfeksiya vasitələri, tibbi qoruyucu maskalar ilə yanaşı ən optimal variant vətəndaşların peyvəndləndirmə prosesinə cəlb olunmasıdır. Hər bir vətəndaş özünü düşünməklə yanaşı, ailəsini, cəmiyyətimizi də düşünərək məsuliyyətli vətəndaş kimi vaksinasiya prosesinə qoşulmalıdır. Reydlər zamanı fikirlər səslənib; “Qeyd edilənləri nəzərə alaraq Kürdəmir rayonunda fəaliyyət göstərən vaksinasiya mərkəzlərinə yaxınlaşaraq bu prosesə qoşulmaqla siz özünüzü, ailənizi və cəmiyyətimizi qorumuş olacaqsınız”.

   Tofiq HÜSEYN,

   “Respublika”.