Özümüzü yalnız hamılıqla peyvənd olunmaqla qoruya bilərik
MÜSAHİBƏLƏR

Özümüzü yalnız hamılıqla peyvənd olunmaqla qoruya bilərik

Son günlər koronavirus infeksiyasına yoluxanların sayının sürətlə artması cəmiyyətimizdə narahatlıq yaradır. Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, virus yayılmaqda davam edir. İnfeksionist-Hepatoloq Mərdan Əliyevlə söhbətimizin də mövzusu koronavirus pandemiyası və onunla mübarizədir. Dünyanı cənginə almış COVİD-19 virusunun son günlər ölkəmizdə geniş yayılması və infeksiyanın qarşısının alınması üçün görülən tədbirlərdən danışaraq o dedi:

– Artıq yoluxma sayı ölkəmizdə 3000-ə yaxınlaşır. Buna səbəb həm Hindistanda peyda olan Delta ştammının ölkəmizdə yayılması, həm də karantin qaydalarının yumşaldılması, toyların keçirilməsi və əhali arasında maskaların taxılmasına biganəlikdir.

 

Koronavirus yeni deyil, onun müxtəlif növləri uzun illərdir mövsümi qrip kimi kəskin respirator xəstəliklər törədir. Amma Çinin Uhan şəhərində yayılan COVİD-19 (CoVi-Corona Virus, d-dekabr, 19-2019-cu ili təmsil edir) infeksiyası koronavirusun yeni növüdür və daha aqressiv gedişə malikdir. Bildiyimiz kimi viruslar sərbəst yaşaya bilən canlı orqanizmlər deyil, onlar genom (RNT ya da DNT) və genomu qoruyan xarici qılafdan ibarətdir. Onların yaşaması üçün canlı orqanizm hüceyrələrinə ehtiyac var. Onlar hüceyrə daxilinə girib orada yaşayıb çoxalırlar. Viruslar sürətlə artıb çoxaldığı üçün tez-tez yeni mutasiyalar (dəyişilmələr) meydana çıxır. Koronaviruslar böyük genoma malik olduğu üçün onlarda bu mutasiyalar daha tez-tez yaranır. Viruslarda mutasiyaların baş verməsi çox zaman onların insan orqanizmi ilə simbioz yaşaya bilməsi üçün lazımdır. Buna görə mutasiyalar zamanla virusların virulent və patogenliyinin (xəstəlik törətmə qabiliyyəti) azalması ilə müşayiət olunur. Hazırki bu pandemiyada da belə olacaq, mutasiya baş verə-verə virus patogenliyini itirib adi fəsli infeksiyaya çevriləcək. Amma bunun üçün bir qədər vaxt lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusun yeni ştamlarının meydana çıxdığı barədə mütəmadi məlumatlar verilir. Bir neçə ay öncə Alfa ştammı adlanan Böyük Britaniya ştammı barədə mediada həyəcanlı danışılırdı. İndi isə Hindistanda aşkar olunan Delta ştammı dominantdır, bu ştammın digərlərindən daha aqressiv olduğu bildirilir və yoluxduruculuq qabiliyyəti Alfa variantından 40-60% daha çoxdur. Son bir neçə gün ərzində məlum oldu ki, yeni Lambda ştammı peyda olub və sürətlə artıb çoxalır. Artıq 32-dən artıq ölkədə aşkar olunub və bəzi qeyri-rəsmi məlumatlara görə artıq qardaş ölkə Türkiyədə də mövcuddur. Lambda variantı da əslində digərləri kimi yeni deyil, o 2020-ci il dekabr ayında Peruda aşkar olunub və son dövrlərdə artıb çoxalaraq Peruda baş verən yoluxma hallarının mütləq əksəriyyətini təşkil edir. ÜST-ün ekspertlərinin fikrincə, Lambda variantı yaxın aylar ərzində Delta variantını üstələyəcək. Mənim fikrimcə, gələcəkdə də hər zaman koronavirusun yeni-yeni ştamlarından danışılacaq, koronavirus viruslar içində ən böyük genoma malik olduğu üçün ondan tez-tez mutasiyalar baş verə bilir və yeni variantlar meydana çıxır. Ancaq bu variantlar heç biri orijinal Uhan ştammından virulentlik və patogenliyinə görə çox da fərqlənmir və orijinaldan daha aqressiv ola bilməz. Sadəcə olaraq panikaya düşmədən əsas profilaktika qaydalarına əməl etmək lazımdır. Sosial məsafəyə (ara məsafəsi) riayət etmək və maskalardan düzgün şəkildə istifadə etmək vacibdir.

Maskalar bizi koronavirus infeksiyasından kifayət qədər yaxşı qoruya bilir. Əgər həm xəstə, həm də sağlam şəxsin hər ikisi maska taxarsa, yoluxma riski 97%-ə qədər azalır. Maska taxmaq bu qədər vacib olduğu halda, hazırda əhali arasında maskaların taxılmasına qarşı biganəlik hökm sürür. Hətta bəzi idarələrdə, digər qapalı yerlərdə maskaların taxılmadığını müşahidə edirik. Bu da təbii ki, son nəticədə yoluxma sayını artırır. Hazırda ölkəmizdə peyvəndləmə tam gücüylə aparılır, payıza qədər 5 milyon insanın peyvənd olunması planlaşdırılır.

Xəstəliyi keçirib sağalanların sayı da (rəsmi qeydiyyata düşən və düşməyənlərlə birgə) kifayət qədərdir. Peyvənd olunan və xəstəliyi keçirən şəxslərin koronavirusa yoluxma və xəstəliyi ağır keçirmə riskinin kifayət qədər aşağı olduğu araşdırmalardan məlumdur. Odur ki, belə şəxslər bu pandemiya dövründə xəstələnmə baxımından bir addım öndədirlər. Bu baxımdan ilk növbədə xəstəliyi keçirməyənlər sürətli şəkildə peyvənd olunmalıdır. Bizdə xəstələnmə müddətində burun-udlaqdan PCR yaxma testi verənlər və nəticəsi pozitiv çıxanlar xəstəliyi keçirmiş hesab olunurlar. Halbuki qan analizində ELİSA, İFA metoduyla COVİD-19-a qarşı spesifik antitellərin aşkar olunması da kifayət qədər etibarlı metoddur və bu metoddan istifadə etmək də yaxşı olardı. Çünki yaxmanın PCR testinin həssaslığı təqribən 75%-dir. Bu da o deməkdir ki, hər 4 xəstədən birində test neqativ göstərir. Demək ki, bu xəstələr rəsmi olaraq xəstə kimi qeydiyyata düşməyiblər, belə xəstələrin sayı kifayət qədər çoxdur.

Bundan əlavə, xəstəliyi yüngül keçirən, xəstəxanaya müraciət etməyən, evdə müalicə alan kifayət qədər çox xəstə var ki, onlar da qeydiyyata düşməyiblər. Belə şəxsləri qan analizi vasitəsilə aşkar etmək mümkündür. Qan analizində antitellərin titri aşkar olunan şəxslərə immun sertifikatı verilə bilər. Bu zaman xeyli əhali qrupunun artıq immunitetinin formalaşdığını görə bilərik. Vaksinasiya da ilk növbədə bu şəxslərə yox, immuniteti olmayanlara vurula bilər. Bu, daha sürətli vaksinasiya olunmağa kömək edə bilər.

Hazırda bu pandemiyadan qurtulmağın ən təsirli yolu peyvəndləmə kimi görünür. Peyvəndin iki dozasını alan şəxslərdə ikinci doza peyvənddən bir ay sonra yaranan antitellərin titri infeksiyadan qorunmaq üçün kifayət edir. Hazırda aktiv xəstələrin əksəriyyəti, xəstəliyi ağır keçirənlərin isə hamısı peyvənd olunmayanlar və xəstəliyi keçirməyənlərdir. Peyvənd aktivliyini itirmiş viruslar və ya onun hissəcikləridir. Peyvəndin yan təsiri tez-tez istifadə etdiyimiz bəzi dərman maddələrindən daha azdır. Keçirdiyimiz COVİD-19 infeksiyası isə bəzən həqiqətən ağır keçir, ölümcül olmayacağına isə heç bir zəmanət yoxdur. Odur ki, yalnız hamılıqla peyvənd olunmaqla özümüzü bu xəstəlikdən qoruya bilərik.

Kamil İSMAYILOV,

“Respublika”.