Özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış
Sosial həyat

Özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış

Əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla birgə Kürdəmir rayonunda müharibə iştirakçıları üçün özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış keçiriblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Röyal Mövlayev özünüməşğulluq proqramı çərçivəsində kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub. Digər müharibə iştirakçısı İmran Səlimov isə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində mebellərin bantlanması üzrə kiçik biznes sahəsini yaradıb. Hər iki müharibə iştirakçısı göstərilən sosial dəstəkdən razılıqlarını ifadə edib, qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.

Qeyd olunur ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyalardan olan 17,4 min nəfər aktiv məşğulluq proqramlarına, o cümlədən 9,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

"Respublika".