Pakistan Müasir Dillər Universitetinin rektoru: Ölkələrimizi dini, tarixi keçmiş bağlayır
MÜSAHİBƏLƏR

Pakistan Müasir Dillər Universitetinin rektoru: Ölkələrimizi dini, tarixi keçmiş bağlayır

Azərbaycan Pakistana dost, qardaş ölkədir. Mən ilk dəfədir Azərbaycandayam. Azərbaycan məndə çox xoş təəssüratlar yaratdı. Bizim ölkələrimizi dini, tarixi keçmiş bağlayır. Ümid edirəm ki, əlaqələrimizin bundan sonrakı inkişafı bir-birimizi daha yaxından tanımağa, insanlarımızın yaxınlaşmasına imkan verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər deyib.

O bildirib ki, ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti ilə kifayətlənmək olmaz. Bu əlaqələri daha da inkişaf etdirməliyik. Daha yuxarı mərhələlərə qaldırmalıyıq. Bu məqsədlə Azərbaycan Dillər Universitetində Pakistan mədəniyyət mərkəzi yaradılıb. Yaxın günlərdə isə rəhbərlik etdiyim universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyətə başlayacaq. İnanıram ki, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mədəniyyət mərkəzi Pakistan tarixinin, mədəniyyətinin, dilinin Azərbaycanda öyrənilməsində mühüm rol oynayacaq, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Müasir Dillər Universiteti Pakistanın ən böyük ali təhsil müəssisələrindən biridir. Ölkənin müxtəlif bölgələrindən olan gənclər burada təhsil alır. Bu da o deməkdir ki, yaradılacaq mərkəz sayəsində Pakistanın bütün bölgələrindən olan gənclər Azərbaycan haqqında məlumat alacaqlar. Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi, hərbi əməkdaşlıq yüksək səviyyədədir. Biz çalışmalıyıq ki, sadə insanlarımız arasında da münasibətlər yaxınlaşsın, yaxşılaşsın. Bu istiqamətdə mərkəzlərin üzərinə böyük iş düşür. Biz universitetlərarası əməkdaşlıq çərçivəsində tələbə-müəllim mübadiləsi aparacağıq. Təhsil proqramları icra edəcəyik. Bu da iki ölkə arasında mədəni və mənəvi əlaqələrin möhkəmlənməsinə təkan verəcək.

Xatırladaq ki, oktyabrın 13-də Pakistan Müasir Dillər Universitetinin rəhbər heyəti Azərbaycan Dillər Universitetində olub. Rektor akademik Kamal Abdulla ilə görüşdə Pakistan Müasir Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması məsələsi müzakirə olunub. Qonaqlar Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mədəniyyət mərkəzi ilə tanış olublar.

AZƏRTAC