Pakistan Ombudsmanı: Ağdamda gördüklərimlə bağlı beynəlxalq təşkilatlara, müsəlman ölkələrinə müraciət edəcəyəm
MÜSAHİBƏLƏR

Pakistan Ombudsmanı: Ağdamda gördüklərimlə bağlı beynəlxalq təşkilatlara, müsəlman ölkələrinə müraciət edəcəyəm

Ağdamda böyük məyusluq hissi keçirirəm. Evlərin yerlə-yeksan olduğunu, bütün sosial infrastrukturun məhv edildiyini gördüm. Mən belə vəhşiliyi heç bir yerdə görməmişəm, hətta eşitməmişəm. Burada hər şey dağıdılıb, bütün sahələr minalarla çirkləndirilib. Ermənistan tərəfindən insanların məhvinə yönəlmiş qeyri-insani, beynəlxalq humanitar hüquq normalarına zidd olan bütün əməllər törədilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdama səfər edən Pakistan Ombudsmanı Nazar Muhammad Balox bildirib.

O qeyd edib ki, ölkəsinə qayıtdıqdan sonra beynəlxalq təşkilatlara, digər müsəlman ölkələrinə Ağdamda gördükləri ilə bağlı müraciət ünvanlayacaq, burada baş verənləri dünya ictimaiyyətinə çatdıracaq: "Həmçinin yenidənqurma işlərində Azərbaycana dəstək vermək üçün müəyyən biznes strukturlarını da bura dəvət edəcəyəm. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı mərd və qəhrəman xalqdır. Necə ki, öz torpaqlarını işğaldan azad edib, həm də bu torpaqları yenidən qurub-inkişaf etdirəcək və çiçəkləndirəcək. Biz bu proseslərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik".

AZƏRTAC