Palçıq vulkanları ölkəmizdə ekoturizmin inkişafına zəmin yaradır
Ekologiya

Palçıq vulkanları ölkəmizdə ekoturizmin inkişafına zəmin yaradır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 aprel 2020-ci il tarixdə “Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Bu əsasnamə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və dövlət tərəfindən geoloji parkların yaradılması, idarə edilməsi və onlarda fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

Geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statuslu ərazidir.

Bu cür ərazilərdə yerli əhalinin yaşayış tərzinin toxunulmazlığı təmin edilir, təsərrüfat və rekreasiya fəaliyyətinə imkan verilir. Geoparkların yaradılması istiqamətində beynəlxalq səviyyədə 1991-ci ildən başlayaraq ardıcıl addımlar atılmışdır. Həmin ildə Fransanın Din şəhərində “Yerin yaddaşı bizim əlimizdədir” devizi altında keçirilmiş Birinci Beynəlxalq simpoziumda geoloji təbiət abidələrinin qorunması üçün qlobal səviyyəli cəhdlərin başlanğıcı olmuşdur. 1996-cı ildə Pekində keçirilmiş 30-cu Beynəlxalq Geoloji Konqresin geoloji işinin qorunub saxlanılmasına həsr edilmiş simpoziumda ilk dəfə geoparkların yaradılması irəli sürülmüşdür. 2000-ci ilin iyun ayında 4 geoparkın daxil olduğu Avropa Geoparklar Şəbəkəsi (AGŞ) təsis edilmişdir. 2002-ci ildən etibarən UNESCO-nun Milli Geoparklar üzrə Ümumdünya Şəbəkəsinin yaradılmasına dəstək Proqramı fəaliyyət göstərir. 2004-cü ilin fevral ayında UNESCO-nun Baş ofisində 17 Avropa və 8 Çin geoparkının daxil olduğu Qlobal Geoparklar Şəbəkəsi (QGŞ) yaradılmışdır.

Ölkəmizdə geoparkların yaradılması üzrə ilk addım 2007-ci ildə atılmışdır. Belə ki, həmin il AMEA-nın Geologiya və Geofizika İnstitutunun təklifi ilə ölkə başçısının 2007-ci il 15 avqust tarixli Sərəncamına əsasən “Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılmışdır. Bu istiqamətdə növbəti addım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və hökumət tərəfindən 2008-ci ildə atılmış, bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. “Tədbirlər Planı”na uyğun olaraq ötən müddət ərzində AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən baş icraçı kimi aparılan işlər bölmələr üzrə həyata keçirilmişdir. Ölkənin ayrı-ayrı regionlarında geosaytların inventarizasiyası aparılmış və paleontoloji-stratiqrafiq, tektonik, geomorfoloji, mineralojipetroqrafik, hidroloji, hidrogeoloji və tarixi-dağ-mədən kateqoriyalı 484 geoloji obyektin varlığı aşkar edilmişdir.

UNESCO-nun və ProGEO-nun tələblərinə cavab verən beynəlxalq səviyyəli milli parkların yaradılması baxımından Azərbaycan böyük potensiala malikdir. Bunlar ilk növbədə, Naxçıvan MR-in Şahbuz-Ordubad regionu, Abşeron yarımadasının Qırməki sahəsi, Cənub-Şərqi Qafqazın Xaltan və Qəbələ-İsmayıllı əraziləri, həmçinin kiçik Qafqazın şimal-şərq yarımadasındakı Gədəbəy-Daşkəsən regionudur.

Beynəlxalq səviyyəli geoparkların yaradılması baxımından Naxçıvan MR-in ərazisi daha böyük potensiala malik olmaqla göstərilən tələb və meyarlara tam cavab verir. Regionda 150-dən çox unikal və nadir rast gəlinən geosaytın mövcudluğu, tarixi-mədəni irsə aid 400-dən çox memarlıq və 280 arxeoloji abidənin yerləşməsi, bioloji müxtəlifliyi ifadə edən 3000 bitki, 373 heyvan və 226 quş (bunlardan 58 heyvan və 39 bitki növü Azərbaycanın “Qırmızı Kitabı”na salınmışdır) yayılmasını, landşaft müxtəlifliyini və s. göstərmək olar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev görülən işlər barədə dedi:

- Geoparkların yaradılması tendensiyası 1990-cı illərdən başladı və demək olar ki, bütün dünyaya yayıldı. 2002-ci ildən UNESCO-nun geoparkların yaradılması Dəstək Proqramı fəaliyyət göstərir. 2000-ci ildə Avropanın 17 ölkəsində 43 geopark yaradıldı. Bu şəbəkəyə daxil olan geoparkların hamısı bir-birilə sıx əlaqələr və qarşılıqlı iqtisadi-təsərrüfat bağlılıqları mövcuddur. Təşkilat 2004-cü ildən “geoturizm” fəaliyyətinə start vermiş və çoxlu uğurlar qazanmışdır. 2010-cu ildə UNESCO-nun geopark siyahısına 24 ölkə üzrə 77 geopark daxil edilmişdi. Hazırda dünya üzrə 44 ölkədə 169 UNESCO-nun Qlobal Geoparkı yaradılmışdır.

Ölkəmizdə yerləşən palçıq vulkanlarının UNESCO Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi və bununla da ölkə üzrə yayılmış çoxsaylı palçıq vulkanlarının mühafizəsinin daha da gücləndirilməsi, elmi sahədə təcrübə mübadiləsi, həmin ərazilərdə ekoturizmin inkişafı, əhali arasında palçıq vulkanları və ətraf mühit üzrə təbliğatın aparılmasına zəmin yaradacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 16 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində geoparkların yaradılması və Qlobal Geoparklar Şəbəkəsinə qoşulmasına dair”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 16 yanvar 2018-ci il tarixli daxil olmuş məktublarından irəli gələn tapşırıqlar artıq yekunlaşmaq üzrədir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 aprel tarixli Sərəncamı ilə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişiklər olunmuş və tərfəmizdən Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə işlənilmiş və ölkə başçısının 2020-ci il 15 aprel Fərmanı ilə təsdiq edilmişdir. Geoparklarla bağlı işçi qrupu yaradılmışdır. Xarici İşlər Nazirliyinin UNESCO İdarəsi ilə görüşlər olmuş və koordinasiya çərçivəsində işlər həyata keçirilmişdir. Xüsusilə bildirmək istərdik ki, Geoparklara daxil edilməsi nəzərdə tutulmuş ərazilər həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi və o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında formalaşmışdır. Belə ki, AMEA tərəfindən geopark statusunun verilməsi məqsədilə həm Bakı arxipelaqı, həm də Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən geoloji mənşəli ərazilərin daxil edilməsi təklifi verilmişdir. Bakı arxipelaqı üzrə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan palçıq vulkanlarının, Naxçıvan üzrə isə Babək, Culfa və Ordubad inzibati rayonlarına aid Paraqaçay və  Darıdağ mədənləri, Duzdağ dağ-mədən qazmaları, Darıdağ karbonatlı-mərgümüşlü yataqları və sair ərazilər təklif olunmuşdur. Nazirlik tərəfindən isə geopark statusu verilməsi üçün həm Bakı, həm də Abşeron rayonlarının ərazilərində yerləşən Dəvəboynu, Bahar, Pipilli-Qaradağ, Dəlyəniz, Göyərçin, Daşgil, Qoturdağ, Ayrantökən, Qılınc, Qarasu adası və Xarə-Zirə adası palçıq vulkanlarının namizədliyinin irəli sürülməsi nəzərdə tutulmuşdur. Bu ərazilər ilkin olaraq seçilmiş və yekun olaraq UNESCO-nun Beynəlxalq Geoelmlər və Geoparklar Proqramı tərəfindən qiymətləndirilməlidir.

Qeyd edək ki, bir təbii ərazidən ekoturizm və ya digər iqtisadi maraq olan məqamlarda istifadə olunması üçün ora mütləq uzun müddət xüsusi mühafizə altında olmalıdır. Yəni təbii areal dincə qoyulmalı və bərpası təmin edilməlidir.

Bu Azərbaycanda yaradılacaq beynəlxalq dərəcəli yeni növ xüsusi mühafizə rejimli təbiət əraziləri olacaqdır. Ölkəmizin Qlobal Geoparklar Şəbəkəsinin bir üzvü olması onun geoloji saytlarının dünya üzrə qısa müddətdə yayılmasına şərait yaradacaqdır. Bu konsepsiya üzrə iqtisadi maraqlar yaranır və təbiətə təsirinin minimuma endirilməsi şəraitində ekoturizmin, balneoloji müalicəsinin, kosmetologiyanın, ənənəvi qışlaq turizmin və çoxsaylı digər sahələrin inkişafına şərait yaranır.

UNESCO-nun Qlobal Geoparkları ərazi üzrə yerləşən geoloji mənşəli təbiət obyektlərinin qorunması ilə yanaşı yerli icmaların iqtisadi maraqlarının təmin olunmasında, ərazidə yerləşən geoloji incilərin proseslərin mahiyyətinin çatdırılmasında rol oynayacaqlar. Geoparklar aidiyyəti yerli icmaların, sahibkarların və rəsmilərin qarşılıqlı dəstəyi şəraitində inkişafa zəmin yaradacaq bir konsepsiyadır.

Bu məqam da xüsusilə vurğulanmalıdır ki, Geopark yalnız geoloji tərəf olmayıb, o cümlədən ərazidə olan təbiət, mədəni və qeyri-maddi irsdir.

22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak edib.

Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-şərqdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-şərqdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yaradılacaqdır. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.

Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum 1700-dək palçıq vulkanlarından 700-ü ölkəmizdə əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.

Qeyd edək ki, sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur. Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəliş təmin ediləcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaradılması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Kamil İSMAYILOV,

“Respublika”.