Pambıq yığımı davam edir
Region

Pambıq yığımı davam edir

Kürdəmir respublikamızın iri pambıqçılıq rayonlarından biridir. Bu il tarlalarda bol məhsul yetişdirilib. Əvvəlki illərdə fermerlər əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsində olan problemlərdən danışdıqları halda cari mövsümdə həmin çətinliklər aradan qaldırılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılovdan aldığımız məlumata görə rayonda pambıq yığımı davam edir. İndiyədək sahələrdən əvvəlki illərlə müqayisədə  xeyli artıq məhsul toplanıb. Yığılan məhsul “Kürdəmir ASC”nin pambıq zavoduna təhvil verilir.

 Cari mövsümdə bölgədə 2044,7 hektar sahədə pambıq yetişdirilib və hazırda məhsul yığımı sürətlə davam edir. Əl ilə yığıma hər gün 150 nəfərədək işçi qüvvəsi çıxır. Yetişdirilən məhsulun 90 faizdən çoxu pambıqyığan maşınlarla toplanır. Hər gün sahələrə 8-9 pambıqyığan maşın çıxarılır.

Pambıqçılıq Kürdəmirdə kənd təsərrüfatının ənənəvi sahələrindəndir. Rayonun əksər ərazilərində, o cümlədən daha çox pambıq əkilən Şilyan, Muradxan, Sor-Sor, Qarasu və bir sıra digər ərazi icra nümayəndəliklərində məhsul yığımı daha mütəşəkkil aparılır.

Fermerlər yığımın gedişindən razılıq edirlər. Onlar hər hektardan orta məhsuldarlığın 30 sentner olacağını proqnozlaşdırırlar.

                                               Tofiq HÜSEYN,

                                              “Respublika”.