Pambıqçı fermerlər bu il 30 milyon manat əlavə gəlir əldə edəcəklər
İQTİSADİYYAT

Pambıqçı fermerlər bu il 30 milyon manat əlavə gəlir əldə edəcəklər

Pambıqçılıq Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahələrindəndir və hələ 100 il bundan öncə də ölkəmizdə kifayət qədər geniş yayılmışdı. Lakin o vaxt hər hektardan məhsuldarlıq aşağı səviyyədə olduğu üçün məhsul istehsalı az idi, cəmi bir neçə on min ton.

Qeyd etmək lazımdır ki, sahənin əsl inkişaf tarixi isə ümummilli lider Heydər Əliyevin adı, zəhməti və xidmətləri ilə bağlıdır. Məhz ulu öndərin bu sahənin inkişafına diqqəti və qayğısı sayəsində ötən əsrin 60-70-ci illərində "ağ qızıl" istehsalı 1 milyon ton həddinə çatdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, gənc dövlətimizdə əhali gündəlik ərzaq məhsulları ilə təminatına diqqət etdiyindən pambıqçılıq bir müddət dəstəksiz qaldı. Amma 2015-ci ildən etibarən dövlətimiz sahənin bərpa və inkişafına qayğı göstərməyə başladı. Sonrakı dönəmlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Sabirabadda, Saatlıda, Bərdədə pambıqçılığın inkişafına həsr olunan müşavirələr keçirildi. "Ağ qızıl"ın inkişafına yönələn qərarlar qəbul olundu, pambığın alış qiymətləri ildən-ilə artırıldı və nəticədə artıq bir neçə ildir ki, ölkədə bol məhsul əldə olunur.

Ötən il Azərbaycanda 100,6 min hektar pambıq sahəsindən 286,7 min ton məhsul yığılıb ki, bu da hər hektardan 28,5 sentner "ağ qızıl" deməkdir. Yüksək nəticə əldə olunmasında Saatlı rayonunun əməyi daha çoxdur. Bu rayonun pambıqçıları 40 min tona yaxın "ağ qızıl" toplayaraq yenə də birinciliyi əldə saxlayıblar. Ümumiyyətlə, müstəqillik dövründə pambıqçılıqda liderlik həmişə bu rayona məxsus olub. Ağcabədi rayonu 30 min tondan artıq, Bərdə, Sabirabad rayonları isə 30 min tona yaxın məhsul toplayaraq yüksək nəticələr əldə ediblər.

Xatırladaq ki, son 3-4 il ərzində ölkəmizin bu sahədəki göstəriciləri 290-330 min ton arasında dəyişir. Mövcud əkin sahələri isə dəyişilməz saxlanılır. Məqsəd məhsul istehsalını əkin sahələrini artırmadan yalnız məhsuldarlıq hesabına yüksəltməkdir.

Ona görə də bu il də pambığın əkin sahələri eynilə saxlanılıb - 100 min hektar. Pambıq yığımı ərəfəsində dövlətin dəstəyi nəticəsində şirkətlər məhsulun alış qiymətini yenə də artırıblar. Builki yığımda I növ pambığın alış qiyməti 800, II növün qiyməti 780, III növün qiyməti 740, IV növün qiyməti isə 700 manat olacaq. Xatırladaq ki, il ərzində "ağ qızıl"ın alış qiyməti ikinici dəfədir dalbadal artırılır. Beləliklə, pambığın alış qiyməti bu il ərzində 100 manat artıb. Mütəxəssislər hesablayırlar ki, bu dəfəki artım hesabına Azərbaycanın fermerləri təxminən 30 milyon manat əlavə gəlir əldə edəcəklər.

Xatırladaq ki, ölkənin 20-22 rayonunda pambıq əkilir və artıq onun əl ilə yığımına başlanılıb. Pambığın "mavi gəmi"lərlə yığımına isə bir qədər sonra başlanacaq.

N.ƏHMƏDOĞLU,

"Respublika".