PAMBIQÇILIQ GƏLİRLİ SAHƏLƏRDƏN BİRİDİR
İQTİSADİYYAT

PAMBIQÇILIQ GƏLİRLİ SAHƏLƏRDƏN BİRİDİR

Azərbaycan dünyanın qabaqcıl pambıqçılıq ölkələrindən biri kimi tanınır. Zəngin tarixi salnamələr fəth edərək, uzun illər bu bitkinin becərilməsində böyük təcrübələr toplanmış və nəticədə gözəl ənənələr yaranmışdır. Onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan parçalar, iplik və geyimlər alınır, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Pambıq bitkisindən 250-dən artıq adda məhsul istehsal edilir. O, maşınqayırma və təyyarə sənayesində, kimya sənayesində, heyvandarlıqda və s. sahələrdə qiymətli xammaldır.

Pambıqçılığın inkişafı və perspektivləri haqqında, uzun müddət Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutuna rəhbərlik etmiş, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrokimya kafedrasının müdiri, aqrar elmləri doktoru, professor, "Tərəqqi" medallı Həsənəli Aslanovla müsahib olduq. O, qeyd etdi ki, XX əsrin II yarısında ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə pambıqçılıq strateji əhəmiyyətli sahə kimi çox sürətlə inkişaf etmiş, sovet dövründə respublikalar arasında öndə getmiş, illik pambıq istehsalı bir milyon tona çatdırılaraq, dəfələrlə sovetlər dövrünün ali mükafatına - "Keçici Qırmızı Bayrağa" layiq görülmşdür. Eyni zamanda pambıqçılıq əhalinin əsas gəlir mənbəyinə çevrilmiş, onların maddi rifah halının yüksəlməsinə önəm vermişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olubdur. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib.

Əgər biz statistikaya nəzər salsaq görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton -1 milyon tona qədər pambıq tədarük edilirdi. Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il sahədə dönüş ili olmuşdur.

Professor H.Aslanov bildirib ki, Azərbaycanda pambıqçılıqla hələ eramızdan əvvəl 3-4-cü əsrlərdə məşğul olmuşlar. Statistik məlumatlara əsasən, 1913-cü ildə Azərbaycanda 100 min hektardan çox sahədə pambıq əkilmiş və 65 min ton xam pambıq istehsal edilmişdir. 1925-1926-cı illərdə hər hektardan məhsuldarlıq 6-7 sentner, ümumi məhsul istehsalı isə 58-60 min ton idi. Böyük Vətən müharibəsindən sonra, xüsusilə də 50-60-cı illərdə respublikada pambıqçılığa diqqət olduqca zəifləmişdi. Nəticədə pambıq istehsalı ildən-ilə azalırdı. Çoxları pambığı perspektivsiz bitki hesab edirdi. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, həmin ilin avqustunda və 1970-ci ilin avqustunda Azərbaycan KP MK-nın plenumlarında əkinçiliyi və heyvandarlığı, birinci növbədə pambıqçılığı inkişaf etdirmək üçün konkret tədbirlər planı işlənib hazırlandı. 1970-ci ildən başlayaraq pambıq istehsalı və dövlətə satışı planları artıqlaması ilə yerinə yetirilməyə başlandı. 1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton oldu. Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd əhalisinin maddi rifah halının yaxşılaşdırılmasına böyük təsir göstərdi. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat gəlir götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdırıldı.

1970-1976-cı illərdə respublikamızdakı kolxoz və sovxozlar pambıqdan 2 milyard manat gəlir əldə etmişlər. 1981-ci ildə respublikada pambıqçılıq sahəsində ən yüksək nəticə əldə olunmuş, 1 milyon ton məhsul istehsal edilmişdir. Hektarın məhsuldarlığı 34 sentner, ayrı-ayrı təsərrüfat və briqadalarda isə 50 sentner olmuşdu. 1969-1982-ci illərdə 11 pambıqçılıq briqadiri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada, onlarla istehsalat təşkilatçısı isə ali dövlət mükafatlarına layiq görülmüşdür. Azərbaycanda pambıqçılığın tərəqqi dövrü 1969-cu ildən başlayaraq 1988-ci ilədək yüksələn xətlə inkişaf etdiyi dövrdür. Həmin vaxt ölkə büdcəsinin 22-25 faizi pambıqçılıqdan əldə olunan vəsait hesabına formalaşırdı.

Ümummilli liderimiz Heydər Əliyev respublikamızda pambıqçılığın inkişafına daim qayğı göstərirdi. O, hələ 1977-ci il noyabrın 25-də Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun 50 illik yubileyində demişdir: "Pambıqçılıq sahəsində aparılan tədqiqatlar məhsulun azı 80-90 faizini sentyabr ayında açan yüksək məhsuldar və tezyetişən sortlar yaradılmasına yönəldilməlidir. Respublikanın pambıq tarlaları seleksiya və aqrotexnika, aqrokimya və fitopotologiya, iqtisad və mexanikləşdirmə, irriqasiya və meşə meliorasiyası alimlərindən səmərəli tədqiqatlar gözləyir. Torpağın münbitliyini yüksəltməkdə birinci söz onlarındır, münbitliyin açarı elmin əlindədir".

Artıq Heydər Əliyevin o dövrdə alimlərimizin qarşısına qoyduğu hədəfə nail olunmuş və vegetasiya müddəti 110-120 gün olan tezyetişən, məhsuldar pambıq sortları yaradılmışdır. Bu gün hər bir təsərrüfat adamı çalışır ki, pambığı sahədən tez və vaxtında-itkisiz yığsın, sahəni vaxtında şumlasın və yerinə digər dənli-paxlalı bitkilər əksin. Çünki hər bir bitkinin optimal səpin müddəti var və bu müddətin gecikdirilməsi məhsuldarlığın ən azı 25-30 faiz azalması deməkdir.

Həsənəli müəllim deyir ki, son illərdə respublikamızda yüksək potensialı olan, sələflərinə nisbətən əlverişsiz mühitə daha davamlı, tezyetişən yeni sortlar yaradılmışdır. Məhsuldarlığı hər hektardan 50-55 sentner olan 9 yeni pambıq sortu (AzNİXİ-195, Gəncə-2, Gəncə-8, Gəncə-78, Gəncə-80, Gəncə-103, Gəncə-110, Gəncə-114, Gəncə-160) rayonlaşdırılmış və bu sortların ilkin toxumçuluq işləri qurulmuşdur. Rayonlaşma ərəfəsində həmin sortların Mil, Muğan və Mərkəzi Aran rayonlarının fermer təsərrüfatlarındakı sınaq əkinlərindən hər hektardan 45-55 sentner məhsul götürülmüşdür. Hazırda pambıqçılıq bölgələrində bu sortlardan normal aqrotexniki şəraitdə hektardan 40-45 sentner məhsul yığılır. Bol və keyfiyyətli məhsul əldə etmək üçün ilk növbədə, yüksək reproduksiyalı toxum yetişdirmək lazımdır. Son illərdə, torpaqların fasiləsiz istifadə olunması, mineral və üzvi gübrələrin kifayət qədər verilməməsi torpaqların münbitliyinin azalmasına səbəb olmuşdur. Pambıq növbəli əkin sistemində ən yaxşı sələf bitkisidir. Belə ki, pambıq əkini sahələri dənli-paxlalı bitkiləri, tərəvəz, bostan və s. üçün əlverişli sələf bitkisi sayılır. Pambıqçılıq bölgələrində təmiz toxumluq taxıl əkinləri üçün pambıq altından çıxmış sahələr daha əlverişli sayılır.

Hazırda pambıqdan alınan məhsullara, ilk növbədə, ölkədaxili tələbatın olduğu üçün bu sahə üzrə müştərək sənaye sahələrinin -emal, əyiricilik, toxuculuq və tikiş müəssisələrinin yaradılması həyata keçirilməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi tövsiyə və göstərişlər əsasında artıq pambıqçılıqda böyük dönüş yaranmışdır. Azərbaycanda pambıqçılığın inkişafı, Dövlət proqramlarındakı mövcud problemlərin həllində, xüsusilə, kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində və dövlət büdcəsinə külli miqdarda vəsaitin daxil olmasında əhəmiyyətli nəticələr verir.

Zabit XƏLİLOV,

"Respublika".