Parisi dərviş partladır, yoxsa?
Digər xəbərlər

Parisi dərviş partladır, yoxsa?

Fransada dövlətin siyasətinə qarşı etiraz aksiyası geniş vüsət alır

Bu dəfə Parisin "partlamasına" səbəb barıtın çox olması yox, Fransada təqaüd yaşının artırılmasıdır. Hökumətin pensiya yaşını 62-dən 64-ə qaldırmaq istəyi və bu fonda gedən islahat tədbirləri, paytaxt Paris olmaqla, Fransanın bir çox iri şəhərlərində kütləvi etirazlara səbəb olub. Etiraz aksiyasında 1 milyondan çox insan iştirak edir. Təkcə Parisdə, 800 minə qədər etirazçının olması güman edilir ki, bunu da Fransa Daxili İşlər Nazirliyi bildirib.

Yanvarın 19-dan başlayan aksiyalar Paris küçələrini, sözün əsl mənasında, döyüş meydanına çevirib. Minlərlə polis hadisə yerinə cəlb edilib və etirazlara çox sərt şəkildə qarşılıq verilib. Beynəlxalq aləmdə hüquq və insan azadlığından ağızdolusu danışan Fransa hökuməti, bunu öz vətəndaşlarına çox görüb. Belə ki, aksiya iştirakçılarına polis tərəfindən xüsusi zorakılıq tətbiq olunub. Polis etirazçıları yerlərdə sürüyür, dəyənəklərlə çox sərt şəkildə döyür, bundan başqa, su şırnaqları və gözyaşardıcı qazla mitinqləri dağıtmağa çalışır. Bütün bunlar isə insanları daha da hiddətləndirib. Onlar zibil qutularını yandırıb və həmçinin şəhər mərkəzində yerləşən bir sıra banklara hücumlar ediblər. Etiraz aksiyası nəqliyyat sahəsindən də yan keçməyib. Metro və dəmiryolunda gecikmələr baş verib, bir sıra xətlərdə hərəkət dayandırılıb. Əgər hadisələr  bu gedişlə davam etsə, hava limanlarına da təsirsiz ötüşməyəcək. Fransa hökuməti bütün bu baş verənlərə cavab olaraq bildirir ki, heç bir etiraz bu islahatlara mane olmayacaq. Emmanuel Makron bunu özü şəxsən etiraf edib. Fransa Həmkarlar İttifaqı islahatların dayandırılmayacağı təqdirdə, aksiyaların davam edəcəyini və yanvarın 31-də daha genişmiqyaslı etirazların başlayacağını bildirib. Etirazlara "sarı jiletlilər"in də qoşulması Fransa hökuməti üçün həyəcan təbili çala bilər.

Fransada son günlər cərəyan edən hadisələr onu göstərir ki, dünyada baş verən hadisələrə ədalətsiz şəkildə qiymət verməkdənsə, o, öz ölkə vətəndaşlarının hüquq və azadlığına diqqətlə yanaşmalıdır. "Xalqlar öz müqəddəratını" təyin etməlidir sözünü Qarabağa kökləyən Fransa hökuməti nədənsə bu ifadəni Korsikaya ünvanlamır. Aralıq dənizində yerləşən bu ada Fransaya məxsusdur. Ada sakinləri tarix boyu öz azadlıqları uğrunda mübarizə aparsalar da, zaman-zaman bir sıra imperiyaların müstəmləkəsinə çevriliblər. E.ə III-II əsrlərdə Roma, VI-VIII əsrlərdə Bizans, 1347-ci ildə Genuyanın hökmranlığı altında olublar. Fransanın müstəmləkə siyasəti nəticəsində 1768-ci ildə Versal müqaviləsinə görə, bu ölkənin tabeliyinə keçiblər. 1796-cı ildən etibarən Fransaya birləşdirilib. Fransaya tarixi zəfərlər qazandırmış Napoleon Bonapartın vətəni olan bu adanın diqqətdən kənar saxlanılması yəqin ki, korsikalılar üçün daha ağırdır. Azadlıq mübarizəsi son günlərdə yenidən alovlanıb.

2014-cü ilə qədər silahlı mübarizə aparan ada sakinləri daha sonra dinc nümayişlərə başlayıblar. Korsikalılar tarix boyu müstəqil olmaq istəyiblər. Korsikanın hazırda Fransa daxilində muxtariyyəti olsa da, ada sakinləri bu muxtariyyətin daha da genişlənməsini istəyirlər. Əsasən əhalisi yaşlılardan ibarət olan Korsikada gənc nəsil azlıq təşkil edir. Buna səbəb iş yerlərinin yoxluğu və əməkhaqlarının çox aşağı olmasıdır. Əsasən turizm gəliri olan ada sakinləri Fransa hökuməti tərəfindən diqqət və qayğıdan kənarda qalıblar. Təhsil müəssisələrində Korsika dilində təhsil ala bilməmələri etirazların başlıca səbəblərindəndir və onlar ana dillərinə rəsmi status tələb edirlər. Bununla yanaşı, Korsika dilinin adanın ikinci dil olmasını istəyirlər. Fransa isə öz növbəsində ixtişaşlara özünə xas olan tərzdə polis zorakılığı ilə cavab verir və illərdir korsikalıların istəklərini yerinə yetirmir. Yalnız seçkilərqabağı Emmanuel Makron Korsikanın status məsələsinin müzakirə olunacağını söyləyib. Maraqlıdır ki, dünyanın harasında separatçı rejim varsa, Fransa tərəfindən dəstəklənir və qəhrəman elan olunur. Qarabağın separatçı rejimini dəstəkləməsi onlara nəinki muxtariyyət, hətta müstəqillik tələb etməsi Fransanın necə riyakar dövlət olduğunu göstərir. Dünyanın ən aparıcı təşkilatlarının sədrliyini edən bu dövlətin əsl yeri isə yuxarı məqamlar deyil. Ermənistan tərəfindən dəstəklənməsinə baxmayaraq, Qarabağdakı separatçı rejim bu dövlət tərəfindən tanınmayıb. Bu dövlətin Assambleyası isə Qarabağı müstəqil ərazi kimi tanıdı. Düzdür, bu sənədlər kağız parçası olsa da, Azərbaycan tərəfinin etirazına səbəb olur. Axı necə ola bilər ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olasan, ancaq sənin parlamentin bu cür ədalətsiz qərar qəbul etsin. Fransa bir az öz daxili işləri ilə məşğul olsa daha yaxşı olar. Qarabağa gəlincə, "azadlıq mübarizəsi", Korsikaya gəlincə isə "separatizm", "terrorçuluq" fəaliyyəti. Azərbaycandakı separatizmi dəstəkləyən Fransa öz daxilindəki azadlıq uğrunda mübarizəyə başqa don geyindirməyə çalışır. Beynəlxalq ictimaiyyətə doğru olmayan, reallıqla üst-üstə düşməyən məlumatlar ötürür. Bu gün də Korsika Milli Azadlıq Cəbhəsinin əsas etirazları ondan ibarətdir ki, siyasi fəallar təqib edilir, söz və azadlıqları qəti şəkildə pozulur. 2003-cü ildə ömürlük həbs olunan İvan Kalonnanın, keçən il həbsxanada hücuma məruz qalıb öldürülməsindən sonra Korsikadakı nümayişlər genişmiqyaslı hal alıb. Etirazçılar bildirirlər ki, İvan Kalonnanın təhlükəsizliyi Fransa dövlətinin üzərinə düşürdü. Fransa daxilində canlı bomba olan Korsika problemini ili ilə satmaqla həll etmək mümkün olmayacaq. "Xalqların müqəddəratını həll etmək" prinsipini Fransa, 350 min nəfər əhalisi olan Korsikada tətbiq etsə daha yaxşı olar, nəinki onlardan qat-qat az olan Qarabağın erməni əhalisi üzərində. Fransa narahat olmalıdır, bu dəfə onu "Dərviş Parisi partladır" bədii filmindəki kimi, "baba dərvişin barıtı yox", dövlətin siyasətinə etiraz dalğasının gücü sözün əsl mənasında "partlada" bilər...

Musa BAĞIRLI,

"Respublika".