Paşinyan Ağrı dağının da onlara aid olmadığını etiraf edir
Siyasət

Paşinyan Ağrı dağının da onlara aid olmadığını etiraf edir

Ermənistanın baş naziri Nikol Paşinyan daim sərsəm çıxışları ilə gündəmə gəlir. O, bu cür çıxışlarından birini də may ayında Türkiyə ilə sərhəddə yerləşən Araqat rayonunda şagirdlərlə görüşü zamanı edib.

Əvvəlcə çıxışı olduğu kimi təqdim edək: "Coğrafiyanı bilmək çox vacibdir, mən bunu çox sevirəm. Bu, çox vacibdir. Məsələn, Ermənistanın ən hündür dağının hansı olduğunu bilirsinizmi?", - Paşinyan uşaqlara bu barədə sual verib. Uşaqların əvvəlcə "Ararat" (Ağrı dağı nəzərdə tutulur - red.) deməsi Paşinyanı təəccübləndirib. Bundan sonra erməni uşaqlar səhvlərini düzəldərək "Araqat" deyiblər. Ermənistanın baş naziri sözünə davam edib: "Biz vətən və dövlət anlayışları arasında seçim etməliyik. Mənim konkret fikrim budur ki, bu seçim dövlətin xeyrinə olmalıdır. Çünki dövlətin xeyrinə seçim etməsək, həmişə uduzacağıq. Mənə görə bizim ən yüksək dağımız Araqatdır. Bütün problemlərimiz Araqatla Ararat arasındadır". Qeyd edək ki, Paşinyanın Araqat sözünə vurğu qoyması Ermənistanın ən yüksək dağının öz adıyla çağırılmasına tərəfdar olduğu anlamına gəlir. Yəni o Ermənistanın ən yüksək zirvəsinin ermənilərin "Ararat" adlandırdığı Ağrı dağı yox, Araqat olduğuna işarə edir. Bununla yanaşı, "vətən" dedikdə həmin ərazilərə gizli-açıq iddialarına da eyham vurur. Ermənistan Türkiyənin Şərqi Anadolu bölgəsinə, eləcə də bu ərazilərdə yerləşən Ağrı vilayətinə separatçı iddialar irəli sürür. Bu səbəbdən sözügedən tarixi türk ərazilərində yerləşən Ağrı dağını da "həm erməniləşdirib, həm də müqəddəsləşdiriblər".

Məlumat üçün deyək ki, Paşinyanın Ermənistanın ən yüksək dağı hesab etdiyi və "Araqats" adlandırdığı dağ Alagöz dağıdır. Bu dağ Azərbaycan türklərinə məxsusdur. Alagöz dağı, Alagöz yaylası qədim türklərin, Qərbi azərbaycanlıların tarixində, folklorunda, etnoqrafiyasında xüsusi yerə malikdir. Alagöz dağı indiki Ermənistanın, yəni Qərbi Azərbaycanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir, İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. İrəvan xanlığı ərazisində olmuş Alagöz dağı sonradan ermənilər tərəfindən "Araqats" adlandırılıb.

Bu məsələ ilə gündəmə gələn Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransı zamanı Araqatın Ermənistanda, Ağrı dağının isə Türkiyədə olduğunu bildirib: "Ararat və Araqatsdan danışanda mən Ermənistanın suveren ərazisi olan və olmayan bölgələrini nəzərdə tuturam. Araqat Ermənistandadır, Ararat isə yox. Türkiyəyə gəlincə, bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşı? Əlbəttə, yaxşı. Dediklərimdə yenilik yoxdur, hökumətin 2021-ci il proqramında bu yazılıb", - deyə o, bildirib.

Qeyd etmək lazımdır ki, Qarabağ savaşından əvvəl ermənilər Ağrı dağının (Ararat) Ermənistana məxsus olduğunu iddia edir, hətta dağın Ermənistanın qeyri-maddi-mədəni irsi kimi UNESCO-nun siyahısına salınmasını təklif edirdilər. Ermənistanın dövlət konstitusiyasında Türkiyənin 6 vilayətinə ərazi iddiaları olduğu öz əksini tapır. Onlar bu əraziləri Qərbi Ermənistan adlandırırlar. Gerblərində Ağrı dağının şəkli var. Lakin Ağrı dağı Türkiyə ərazisindədir və Ankara heç zaman hansısa sənəddə öz suveren ərazisinə gerblər vasitəsilə, ya da aşkar şəkildə təhdidləri qəbul etməyib. BMT Türkiyənin ərazi bütövlüyünü tanıyır. Görünən odur ki, Paşinyan sözügedən çıxışı ilə ermənilərin bu arzusunu da ürəyində qoyub və Türkiyənin ərazi bütövlüyünü tanıyıb.

Ümumiyyətlə, Paşinyanın bu kimi çıxışları dediklərinin arxasında durmayan, siyasətə təsadüfən düşən biri olduğunun sübutudur. Ermənistanda hakimiyyətə gəldiyi gündən yarıtmaz siyasəti ilə ona göstərilən etimadı yerə vuran, verdiyi çoxsaylı vədlərə xilaf çıxan Paşinyan diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün daim qeyri-normal bəyanatlar verir. O, bunu adət halına gətirib. Öz sələflərindən geri qalmayan Nikol Paşinyan erməni xalqını tarixin dərinliklərinə yuvarlayıb. İnsanlarda hakimiyyətə qarşı etiraz dalğası artan templə davam etməkdədir. Nəticə olaraq demək olar ki, Paşinyan Ağrı dağının da onlara aid olmadığını etiraf edir.

Nuranə DAXİLQIZI,

"Respublika".