Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də səsləndirdiyi sərsəm fikirlər ermənilərin ölkəmizə qarşı növbəti ərazi iddiası kimi qiymətləndirilə bilər. Paşinyan utanmadan Qarabağ ermənilərinin "təhlükəsizliyi və hüquqlarının müdafiəsi" məsələsinin həllini tapmadığı təqdirdə, "Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması" ilə bağlı bəyanatların əsassız olduğunu bildirib.
Buradan bir daha bəlli olur ki, sözdə sülh danışıqlarında maraqlı olduğunu iddia edən Paşinyan durmadan prosesə əngəl törətməyə çalışır. Şübhəsiz, Ermənistan baş naziri Azərbaycanın sülh sazişində bu cür məntiqsiz və beynəlxalq hüquq normalarına zidd maddənin yer almasına imkan verməyəcəyini çox yaxşı dərk edir. Çünki Azərbaycan dəfələrlə Qarabağın ölkəmizin ərazisi olduğunu bildirib. Buna görə də Qarabağ regionu ilə bağlı hər hansı bir mövzunu xarici ölkələr, o cümlədən də Ermənistan ilə müzakirə etməyəcəyimiz aydın məsələdir. Belə olduğu halda, görünür erməni baş nazir faktiki olaraq, sülh sazişinin dayandırılmasına yönəlik yeni xətt tutub. Ermənistan iqtidarının ikiüzlülüyü özünü növbəti dəfə büruzə verir. Görünür, Paşinyan hakimiyyətinin devriləcəyindən qorxur və düşdüyü labirintdən çıxmaq üçün çabalayır.
Bundan bir müddət əvvələ qədər sülh sazişindən, münasibətlərin normallaşmasından danışan baş nazirin hazırda kəskin şəkildə buna qarşı çıxan erməni radikal-revanşistlərin təbliğ etdiyi "ideoloji tezislərə" möhtac qaldığı aydın görünür. Başqa sözlə desək, erməni baş nazir hazırda qeyri-ixtiyari olsa belə radikal-revanşist qüvvələrin tərəfinə keçib. Paşinyan hakimiyyəti bununla özlüyündə Ermənistandakı dövlət çevrilişi planlarını poza biləcəyini xəyal edir. Bir məsələni də qeyd etmək lazımdır ki, Rusiyanın təsiri Ermənistan cəmiyyətində, o cümlədən də Azərbaycanın Qarabağ regionunda olan erməni separatçı-terrorçular arasında daha güclüdür. Ümumiyyətlə, erməni toplumunda müşahidə olunan proseslər və dəyişikliklər Köçəryan-Sarkisyan xəttinin ciddi şəkildə gücləndiyindən, onlara bağlı siyasi qruplaşmaların aktivləşərək, yenidən cəmiyyətdə üstün mövqelər qazanmaqda olduğundan xəbər verir.
Qeyd edək ki, hərbi xunta rejiminin əsasını da məhz Köçəryan-Sarkisyan qruplaşması qoyub. Bu rejim 20 il ərzində insanlara qan uddurduğu üçün yerli əhali kütləvi şəkildə ölkəni tərk edib xarici dövlətlərə üz tuturdu. Həmin rejimə qarşı etiraz edənlər isə ya ömürlük həbsxanalarda qalır, ya da yoxa çıxırdılar. Köçəryan-Sarkisyan rejimi nəticəsində ölkə talan edilib, gəncləri heç bir əsası olmayan müharibənin qurbanlarına çeviriblər. Hətta erməni politoloqların əksəriyyəti bu rejimin cəza dəstəsinin üzvlərini öz millətinin qanına susamış qatillər adlandırır. İstər Köçəryanın, istərsə də Sarkisyanın ölkəyə rəhbərlik etdiyi illərdə bu dəstənin qaniçənləri istədikləri adamı aradan götürüblər. Məsələnin ən qəribə tərəfi isə onların buna görə heç bir cəza almamasıdır.
Bundan başqa, Qarabağdakı erməni separatçı-terrorçulara rəhbərlik edən Araik Arutyunyanın da Köçəryan-Sarkisyan qruplaşmasına birbaşa bağlı olması hər kəsə məlum idi. Amma zəif xarakterə malik olan Arutyunyan erməni radikal-revanşistlərin maraqlarına tam xidmət edə bilmirdi. Hazırda onu əvəzləyənlər isə daha radikal mövqeləri ilə diqqət mərkəzindədirlər. Belə ki, onlar ağır cinayətlər törətmiş Arkadi Qukasyan və Bako Saakyanın qarşıdurma xəttini davam etdirmək məqsədi güdürlər. Bir məsələni də nəzərə almaq lazımdır ki, indiki erməni radikal qruplaşması Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin pozitiv inkişafına əngəl olmağa çalışırdı. Təsadüfi deyil ki, Qarabağ regionundakı mövcud gərginliyin səbəbkarları və Ağdam-Xankəndi yolunun açılmasına maneə yaradanlar da məhz bu cinayətkar qruplaşmadır. Sadaladığımız faktlar bir daha Qarabağda baş verən hadisələrin Ermənistanın daxili proseslərinə birbaşa təsir etdiyinin bariz nümunəsidir. Ermənistan mediasında yayılan xəbərlərdən aydın olur ki, ölkədəki Qarabağ klanı növbəti hakimiyyət çevrilişinə hazırlaşır. Köçəryan-Sarkisyan qruplaşmasına gəldikdə isə onlar çoxdan Ermənistandakı mövqelərini möhkəmləndirməyə müvəffəq olublar. Ölkə daxilindəki vəziyyətin bu gün gərginləşməsi Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü bir daha sübut edir. Paşinyanın bu məsələni həll etməyə nə gücü çatır, nə də resursları kifayət edir. Ermənistan baş naziri sanki bataqlıqda qalıb və hərəkət etdikcə bir az da dibə batır. Qərb qonşumuzun son illərdə yürütdüyü "xaotik xarici siyasət"in qısa və obrazlı izahı yalnız bundan ibarətdir.
Sonda isə bir daha deyə bilərik ki, Paşinyanın sentyabrın 2-də Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edən fikirlər söyləməsi radikalların, o cümlədən Köçəryan-Sarkisyan cütlüyünün ona təzyiqindən, hakimiyyəti itirmək qorxusundan qaynaqlanır. Şübhəsiz, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin bu qədər uzanmasının da səbəbkarı məhz Köçəryan-Sarkisyan cütlüyü, həmçinin onlara yan çıxanlardır. Yeri gəlmişkən, istər Paşinyan, istərsə də Köçəryan-Sarkisyan cütlüyü xain məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan ərazi bütövlüyümüzə təhdid yaradan hər kəsin layiqli cəzasını verməyə qadirdir.
Nəzrin ELDARQIZI,
"Respublika".