Payızlıq taxıl əkininə hazırlıq
Region

Payızlıq taxıl əkininə hazırlıq

Ata-babalarımız aqronom olmasalar da, öz əkin təcrübələrində yay şumuna həmişə üstünlük vermişlər, bu tədbiri gələcək bol məhsulun əsası saymışlar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, indi bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. Avqustun 1-dək ölkə üzrə 526748 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 58.4 faizini təşkil edir.

Biçilmiş sahələrdə ən çox yay şumu Bərdə (96.9 faiz), Sabirabad (96.6%), Yevlax (96.1%), Hacıqabul (94.4%), Ucar (89.2%), Neftçala (84.4%) və Qobustan (84,1%) rayonlarında aparılıb.

Mütəxəssislər bildirirlər ki, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan tələbatını ödəyir və buna görə də müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra yenə taxıl əkiləcək sahələrin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanılmalıdır. Bu əməliyyat adətən torpaqda olan nəmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır. Lakin Azərbaycanda suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur. Əksinə, quru torpaqda aparılan üzləmə onu bir daha da qurudur və strukturunu pozur, nəticədə əsas şumun aparılması da gecikir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması üçün zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 santimetr dərinlikdə şumlamaq məsləhətdir. Dəmyə şəraitdə isə 6-8 santimetr dərinlikdə üzləmə yaxşı nəticə verir.

Yay şumundan sonra növbəti payızlıq taxıl səpininə üç-dörd ay vaxt qalır. Bu müddətdə yay şumunu bir neçə dəfə diskli alətlə becərməklə onu normal hala gətirmək olur. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir.

Payızda qaldırılmış şumda isə əkinə vaxt az qaldığından keyfiyyətli becərmə aparmaq müəyyən qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir.

Yay şumu davam edir.

N.ƏHMƏDOĞLU,

"Respublika".