Paytaxtda abadlaşdırılan  daha bir həyət sakinlərin istifadəsinə verilib
Sosial həyat

Paytaxtda abadlaşdırılan  daha bir həyət sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 5, 5A, 7, 9 və Sabit Rəhman küçəsi 2a ünvanında 1000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətin ərazisində 5 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni liftlər, işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30  ağac əkilib və 2000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Həmin layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin İDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

 

AZƏRTAC