Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar
Sosial həyat

Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar

Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin  işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlar uğurla  icra edilir. Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə cavab verən Almaniya istehsalı olan kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb və bu il də bu işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən aldığımız məlumata görə, ölkəmizin koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsinə baxmayaraq ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin 16-ı  Bakıya gətirilib və onların istismarına başlanılıb. Bu günlərdə  isə daha 10 ədəd kommunal təyinatlı avtotexnika Bakıya gətirilib.

Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaqdır. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərəcəkdir.

                                   Kamil İSMAYILOV,

                                                 “Respublika”.