Paytaxtın Kommunal xidmətləri yeni texnika və velosipedlərlə təmin edilir
Sosial həyat

Paytaxtın Kommunal xidmətləri yeni texnika və velosipedlərlə təmin edilir

Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin  işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb. Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər.

Kommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır. Bu işlər isə kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir.

Təəssüf olsun ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək  yol kənarlarına, parklara, oturacaqlara, keçidlərə, yaşıllıq guşələrinə  və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlərimiz, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur.

Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə yardımçı olmaq məqsədilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti.