Pəhlivan Fərzəliyev
Sosial həyat

Pəhlivan Fərzəliyev

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün nümunəyə çevrilirlər.

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Fərzəliyev Pəhlivan Əhliman oğlu 27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, texnikumda oxuduğu illərdə idmanın sərbəst güləş növü ilə məşğul olurdu. Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdı. 1978-ci ildə zootexnik kimi Füzuli rayonunda əmək fəaliyyətinə başlayır.

1979-cu ildə ordu sıralarına çağırılır. Hərbi xidmətdən tərxis olunduqdan sonra isə Qazaxıstanın Aktyubinsk şəhərinə gedir və orada daxili işlər orqanlarında işə başlayır. O, təhsilini davam etdirməyi də unutmur. Sənədlərini Orenburq Politexnik Universitetinə verir. 1986-cı ildə universitetin avtomobil nəqliyyatı fakültəsini bitirir, 4 il Aktyubinsk şəhər Daxili İşlər Orqanlarında çalışır. O, 1990-cı ildə baş leytenant rütbəsində Vətənə dönür. Bir az sonra onu Füzuli rayon DİŞ-də növbətçi inspektor vəzifəsinə təyin edirlər. Sonra Füzuli rayon DİŞ-də post-patrul rotası yaradılır. 1991-ci ilin mart ayında o, rotanın 3-cü taqımına komandir təyin olunur. Yaxşı xidmətinə görə ona ikinci bir vəzifə - BTR-in ekipaj komandiri vəzifəsi etibar edilir. Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında o, taqımı ilə birgə mərdliklə döyüşürdü. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir qrup erməni yaraqlısı və bir BTR məhv edilmişdi. 1992-ci il aprel ayının 11-i taqım komandirinin son döyüşü olub, Qacar kəndi uğrunda gedən ağır döyüşlərdə baş leytenant qəhrəmancasına həlak olur. Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilir. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki küçələrdən biri qəhrəmanın adını daşıyır.

 Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Pəhlivan Fərzəliyevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

Müşfiq CƏFƏROV,

"Respublika".