Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
Digər xəbərlər

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarısında fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Penitensiar xidmətdən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq hesabat dövründə penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

Nazir müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində tarixi ədalətin bərpa olunduğunu bildirib. Qeyd edib ki, erməni vandallarının müharibə cinayətləri nəticəsində xarabalığa çevirdiyi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə irimiqyaslı quruculuq işləri, sosial-iqtisadi dirçəliş dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də strateji hədəflər müəyyənləşdirib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı üzrə nəhəng layihələr həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm işlər görülüb, mədəni-tarixi irsimizin təbliği, şəhid ailələrinə dəstək və qazilərimizin xaricdə müalicəsi yüksək səviyyədə təşkil olunub. Bütün bu müddətdə dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri böyük dirçəlişin və qayıdışın təminatıdır. Ötən dövrdə Prezidentin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı təmin olunub, bütün sahələrdə köklü islahatlar davam etdirilib, sosial problemlərin həllinə yönəlmiş qanunlar, Dövlət proqramları qəbul edilib.

Vurğulanıb ki, penitensiar sahədə də islahatlar davam etdirilib, infrastrukturun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçirilib. 2021-ci ilin birinci yarımilində Penitensiar xidmət qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirib, fəaliyyətin səmərəliliyi artırılıb. Operativ Qərargahın göstəriş və tövsiyələri rəhbər tutulmaqla bütün qurumlarda profilaktiki tədbirlər davam etdirilib. Görülmüş profilaktiki tədbirlərin nəticəsi olaraq koronavirus infeksiyası penitensiar müəssisələrdə və əməkdaşlar arasında geniş yayılmayıb. Yaş qrupları üzrə işçi heyətin və məhbusların mərhələli şəkildə koronavirus xəstəliyi əleyhinə vaksinasiyası yüksək səviyyədə təşkil olunaraq qısa müddətdə uğurla başa çatdırılıb. Xidmətin infrastrukturunun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin açılması istiqamətində xeyli işlər görülmüş, müsbət nəticələr əldə olunub. Penitensiar müəssisələrdə əsaslı təmir və quruculuq işləri davam etdirilib. Aparılmış təhlil göstərir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının etibarlı təminatı, qanuni mənafelərinin qorunması və maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülüb, zəruri tədbirlər həyata keçirilib.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2021-ci ilin birinci yarımili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, ötən dövrdə Penitensiar xidmət tərəfindən dövlətimizin başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları və ədliyyə nazirinin əmr və göstərişləri rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Koronavirus infeksiyasının pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınıb ki, bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4 faiz təşkil edib. Bu sahədə Penitensiar xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası Prezidentinin humanist siyasətinin davamı olan 2021-ci il martın 18-də imzalanan və 625 məhkuma şamil olunan Əfv Sərəncamı Ombudsmanın, deputatların, İctimai Komitənin üzvlərinin və media nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə icra edilib.

Dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası davam etdirilib, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi istiqamətində müvafiq işlər görülüb. Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində bütün penitensiar müəssisələrdə təmir-abadlıq işləri davam etdirilib, enerji təchizatı və yanğın təhlükəsizliyi sahəsində işlər görülüb.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilib, virtual qaydada keçirilən iclaslarda Xüsusi Komissiya tərəfindən məhkəməyə göndərilməsi tövsiyə edilmiş 900-ə yaxın müraciət təmin olunub.

Məhkumların islah prosesində iştirak etmək, habelə müstəqil monitorinqlər aparmaq məqsədilə beynəlxalq, yerli qeyri-hökumət, o cümlədən hüquq-müdafiə təşkilatlarının nümayəndələrinə penitensiar müəssisələrə baş çəkmək üçün müvafiq şərait yaradılıb. Ötən dövrdə penitensiar müəssisələrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun əməkdaşları, İctimai Komitənin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurası və Avropa İttifaqının və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən ümumilikdə 233 dəfə başçəkmələr həyata keçirilib. Başçəkmələrin yekunları üzrə daxil olmuş hesabatlarda göstərilən tövsiyələrlə bağlı zəruri tədbirlər həyata keçirilib.

Hesabat dövründə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında qeydə alınmış 43 cinayət hadisələrindən 30-u görüşə gəlmiş və sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilib. Keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 mobil telefonun gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqənin daha səmərəli təşkili məqsədilə tədbirlər görülüb. Daxili işlər orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində 32 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Hesabat dövründə 461 cinayətin açılmasına kömək göstərilib.

Tərbiyə işinə, xüsusilə məhkumlarla keçirilən sosialyönümlü tədbirlərə aidiyyəti dövlət strukturlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib. İslah prosesinə diqqətin artırılması, habelə fərdi-tərbiyəvi işin daha səmərəli təşkili nəticəsində məhkum və həbs edilmiş şəxslər tərəfindən cəzanın icrası qaydalarının pozuntularına yol verilməsi halları azalıb.

Bu müddətdə penitensiar müəssisələrin etibarlı mühafizəsi, o cümlədən məhkum və həbs edilmiş şəxslərin təhlükəsiz şəraitdə daşınması yüksək səviyyədə təmin olunub.

Fəaliyyətdə şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib, əməkdaşlar arasında antikorrupsiya mədəniyyətinin yüksəldilməsi məqsədilə təbliğat və maarifləndirmə işi gücləndirilib.

Şəxsi heyət arasında nizam-intizamın gücləndirilib, əməkdaşların məsuliyyət hissinin yüksəldilməsi və etik davranış qaydalarına ciddi riayət olunması məqsədilə zəruri tədbirlər görülüb, xidməti fəaliyyətlərində nöqsanlara, habelə etik davranış qaydalarının pozulması hallarına yol vermiş 87 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Vətəndaşların müraciətlərinə həssas və qayğılı yanaşma nümayiş etdirilməklə onların qaldırdıqları məsələlərin çevik həlli üzrə tədbirlər görülüb, şəhid ailələrinin üzvlərinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının qəbuluna xüsusi diqqət yetirilib. Dövlətimizin başçısının tələbləri rəhbər tutulmaqla hesabat dövründə işə qəbul üçün müraciət etmiş 9 nəfər Vətən müharibəsi iştirakçısı kiçik rəis heyəti qismində ədliyyə orqanlarına qulluğa qəbul edilib.

Pandemiya şəraitində fəaliyyətə baxmayaraq, penitensiar müəssisələrdə ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı artıb, iş adamlarının və sahibkarların penitensiar müəssisələrdə istehsalat sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilib. “Həbsxana incəsənəti” adlı internet satış məntəqəsi vasitəsilə dövr ərzində penitensiar müəssisələrdə istehsal olunan 13 min manata yaxın müxtəlif çeşidli məhsulların satışı həyata keçirilib.

Bütün sahələrdə olduğu kimi, ölkədə aparılan hüquqi islahatlar çərçivəsində Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

AZƏRTAC