Peşə təhsili əmək bazarına əhəmiyyətli töhfələr verə bilər
Region

Peşə təhsili əmək bazarına əhəmiyyətli töhfələr verə bilər

Son zamanlar təhsil sahəsində baş vermiş yeniliklər bir daha göstərir ki, peşə təhsili sisteminə diqqət getdikcə artmaqdadır və əmək bazarı, iqtisadiyyatın və müasir qloballaşma prosesinin tələbləri bu sahəni inkişaf etdirməyə zərurət yaradır. Hazırda peşə-ixtisas təhsili və təlimi ciddi islahatlar mərhələsindədir və bu istiqamətdə bir çox proqramlar icra olunur.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bizimlə söhbətində qeyd etdi ki, sürətlə inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatına yalnız fəhlə və usta deyil, öz peşəsinin sirlərini dərindən bilən sənətkarlar lazımdır. Çünki dünya klassiklərinin sözlərinə görə, əlləri ilə çalışan insan fəhlə, əlini və başını işlədən insan usta, əlləri, başı və ürəyi ilə çalışan isə sənətkardır.  Bu baxımdan peşə təhsili daha çox sərmayə və səylər tələb edən bir sahə olmaqla əmək bazarının mövcud ehtiyacları fonunda sosial-iqtisadi inkişafa və işsizliyin azaldılmasına əhəmiyyətli töhfə verə bilər. Məqsədimiz isə peşə təhsili vasitəsilə hazırlanan kadrlarda bilik, bacarıq  səriştələri inkişaf etdirmək, onları tez dəyişən əmək bazarının hər bir ehtiyacına cavab verməyə hazır etməkdir.

Respublika Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Peşə Təhsili və Təliminin İnkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur: "Bu sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədi ilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanmışdır".

Qeyd olundu ki, respublika təhsil sisteminin tərkib hissəsi olan peşə təhsili sistemi də öz uğurları ilə ölkəmizin inkişafına töhfə verməkdədir. İnsan kapitalının inkişafında yeni mərhələyə doğru Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərin icrası istiqamətində respublikada peşə təhsili sisteminin müasirləşdirilməsi, keyfiyyətinin, cəlbediciliyinin, əmək bazarına uyğunluğunun artırılması, təhsilə çıxış imkanlarında hamı üçün bərabər şəraitin yaradılması nəzərdə tutulur.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi regionda turizm və kənd təsərrüfatı istiqamətində kadr hazırlığı üzrə əhəmiyyətli dərəcədə seçilən təhsil ocaqlarındandır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək 2021-ci ildən etibarən onların bazasında yaradılan "Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusu əldə etmişdir.

Mərkəz ikimərtəbəli və üçmərtəbəli tədris korpusları, 6 hektar ərazidə tədris-istehsalat sahəsi, 52,9 ha təcrübə sahəsi, zəngin təlim-texniki vasitələrlə təmin olunub. 70-ə yaxın auditoriya, fənn kabinetləri, 3 laboratoriya və 5 tədris emalatxanası, 155 yerlik konfrans zalı, fondu minlərlə ölçülən kitabxana, 80 yerlik yataqxana, tələbə və müəllim yeməkxanası, kompüter informasiya mərkəzi, Təhsil Nazirliyi tərəfindən verilmiş kənd təsərrüfatı texnikaları, qaynaq qurğuları, iaşə avadanlıqları tələbə və mühəndis-pedaqoji heyətin ixtiyarındadır. Tələbə kontingentinin sayı isə 816 nəfərdir. Mərkəzdə təhsil dövlət vəsaiti hesabına və ödənişli əsaslarla aparılır.

Bildirildi ki, mərkəzdə ixtisaslar çoxşaxəli və rəngarəngdir. Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər, aqroservis mütəxəssisi, üzümçülük və şərab ustası, dərzi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, aşpaz, əməliyyatçı-mühasib, turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, mehmanxana inzibatçısı, qənnadçı, şirniyyatçı, bağban-dekorator, dayə, heyvandarlıq mütəxəssisi, xalçaçı, çilingər-santexnik, laborant-mikrobioloq, kimyəvi analiz laborantı, elektrik qaz qaynaqçısı, kompüter operatoru, bağban-dekorator, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, avtomobillərin təmiri çilingəri və inşaat ustası üzrə sənətkarlar hazırlanır.

Cari tədris ilində Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri Mərkəzdə olmuşlar. Səfər çərçivəsində mərkəzin fəaliyyəti ilə tanış olduqdan sonra kənd təsərrüfatı üzrə təhsil alan tələbələrin Almaniyada ailə təsərrüfatlarında işləmək və yaşamaqla təcrübə keçməsi istiqamətində təqdimat edilmişdir. Seçilmiş kənd təsərrüfatı üzrə təhsil alan tələbələr 8 ay müddətində bu ölkədə ailə təsərrüfatlarında işləmək və yaşamaqla təcrübə keçəcəklər.

Türkiyə Respublikası Milli Təhsil Nazirliyini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Protokol çərçivəsində Qəbələ və Bakıda açılması planlaşdırılan peşə təhsili müəssisələrinin, xüsusilə də emalatxanaların tikintisi və avadanlıqla təmin olunmasının müzakirə edilməsi, perspektivlərinin genişləndirilməsi və növbəti addımların razılaşdırılmasıdır.

PTDA-nın dəstəyi ilə peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub. 

Azərbaycan tarixində ilk dəfə olaraq mərkəzin tərəfdaşlığı ilə rayonda  "Lavanda Festivalı" (Essenso) keçirilmişdir. Bu festival zamanla Fransa, ABŞ, Türkiyə, İtaliya və Bolqarıstanda keçirilən lavanda festivalları qədər maraqlı və möhtəşəm olacaq.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".