Peşəkar və qayğıkeş həkim
Sosial həyat

Peşəkar və qayğıkeş həkim

Ötən ilin sonlarından dünyanı bürüyən koronavirus pandemiyası bütün həyatımızı dəyişdi. Həkimlərin işi isə daha çətinləşdi, gecə-gündüz iş yerlərində qalıb insanların sağlamlığının müdafiəsində duran neçə-neçə tibb işçisi öz həyatını itirdi, saysız-hesabsız insanlar sağlamlığına qovuşdu, normal həyata qayıtdı. Ağxalatlı həkimlərimiz gözlərimizdə bir daha ucaldı...

Həkimlik sənəti tarix boyu ülvi bir peşə olub, həkimə həmişə müqəddəs bir varlıq kimi baxmışıq. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə dayanan, onların qayğısına qalan həkimlər el-obada xətir-hörmət sahibi olublar.

Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, yaşamağa ümidlərini artırmaq, xoş bir sözlə könüllərini ovutmaq... Düzgün müayinə aparıb, düzgün diaqnoz qoymaq isə müsbət nəticə almaq üçün əsas şərtdir. İşini yaxşı bilən həkimin qapısını döyənlər həmişə çox olur.

Nihad Əliyev də belə həkimlərdəndir, öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi ilə özünə böyük hörmət qazanan təcrübəli tibb işçisidir.

Əliyev Nihad Fuad oğlu Gəncə şəhərində anadan olub, 1989-cu ildə Sumqayıt şəhərində orta məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olub. 1994-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurduqdan sonra, elə həmin il Sumqayıt şəhəri 2 nömrəli Stomatoloji poliklinikada həkim-stomatoloq kimi fəaliyyətə başlayıb. 1998-ci ildə səhiyyə nazirinin müvafiq əmri ilə həmin müəssisənin baş həkimi vəzifəsinə təyin olunub. 1999-2008-ci illər ərzində Sumqayıt şəhəri 2 nömrəli stomatoloji poliklinikasında rəhbərlik etməklə yanaşı, həmçinin şəhərin baş stomatoloqu kimi də fəaliyyət göstərib. 2008-ci ildən isə “AQS” Medical Center Klinikasının baş həkimidir.

Nihad Əliyev daim öz üzərində çalışan, biliyini, savadını artırmağa cəhd göstərən tibb işçisidir. Tibbi yenilikləri öyrənmək, onu praktik işdə tətbiq etmək isə ona həmişə uğur gətirir. 2007-2010-cu illərdə Amerika Meffert İmplant İnstitutunun Ankara filialında təhsil alan Nihad Əliyev burada peşəsini daha da təkmilləşdirib, daha böyük enerji və inamla işini davam etdirib.

Beynəlxalq İmplantoloqlar Cəmiyyətinin və Azərbaycan “İmplantoloq” İctimai Birliyinin, Amerika Meffert İmplant İnstitutunun üzvüdür. Ölkəmizdə, müxtəlif dövlətlərdə (Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Fransa, İspaniya, Hollandiya, Finlandiya, İsveç, Belçika, Portuqaliya və Ukrayna) yüzə yaxın müvafiq ixtisasartırma kurslarında olub, seminarlarda, eləcə də dünyanın ən nüfuzlu konqres və simpoziumlarında iştirak edən Nihad həkim səmərəli fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb, Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ziyalı ailəsində dünyaya gələn Nihad həkim qədirbilən övlad, sevimli həyat yoldaşı, qayğıkeş atadır. Atası Fuad Əliyev ali kateqoriyalı mühəndisdir, müxtəlif vəzifələrdə çalışıb. Anası Nişanə xanım isə riyaziyyat müəllimidir. İndi hər ikisi təqaüddədir.

Nihad həkim ailəlidir, həyat yoldaşı Mina xanım müəllimdir. Övladlarından Fuad şərqşünas, Aydan müəllim, Nihal isə tələbədir.

Nihad həkim ötən illəri heç də boşuna yaşamayıb, özünü yaxşı həkim, əsl insan kimi tanıdıb. Peşəkar həkim-stomatoloq, cərrah-implantoloq-ortoped kimi neçə-neçə pasiyentə sevinc bəxş edib, üzünü güldürüb. Ona bu yolda uğurlar arzulayırıq.

Zümrüd QURBANQIZI,

“Respublika”.