Peşəyə yiyələnmək gələcək həyat üçün təminatdır
Elm və təhsil

Peşəyə yiyələnmək gələcək həyat üçün təminatdır

Uşaqlıq yaşlarından hər bir kəs gələcək ömrü üçün xəyallar qurur. Özünü bu və ya digər peşə sahibi kimi təsəvvür edir, çalışıb güzəran qurmağı, ev-eşik sahibi olmağı düşünür. Təbii ki, bu insani  arzu xəyallarda uzunmüddətli, möhkəm yer tutduğu halda yollar peşə öyrədən müəssisələrə--peşə liseylərinə, yaxud peşə məktəblərinə yön alır.

1975-ci ildən Kürdəmirdə fəaliyyət göstərən Peşə Liseyi arzuları həqiqətə çevirən təhsil müəssisəsidir. Liseydə peşə öyrənib istehsalata yollanan yüzlərlə kürdəmirli bu gün öz müəllimlərini, istehsalat təlimi ustalarını minnətdarlıq hissi ilə xatırlayırlar. Bir çox yaxşı ənənələrə, qabaqcıl təcrübəyə malik olan Peşə Liseyi son 30 ildə bir sıra çətinliklərlə üzləşdi. Doğma Qarabağ erməni vandalları tərəfindən işğala məruz qaldıqda məcburi köçkün həyatı ilə üzləşən soydaşlarımız müvəqqəti olaraq Peşə Liseyinin tədris korpuslarında, yataqxanalarda məskunlaşdılar. Buna baxmayaraq lisey öz fəaliyyətini dayandırmadı. Güclü iqtisadi potensiala malik olan ölkəmiz qaçqın soydaşlarımıza qayğı və diqqətini əsirgəmədi. Kürdəmirdə hər cür infrastruktura malik abad şəhərcik inşa olundu, məcburi köçkünlər rahat mənzillərə köçdülər, Peşə Liseyinin binaları boşaldıldı. Liseyin direktoru Nazim Məmmədov deyir:

-Qısa müddətdə binaları təmir etmək, emalatxana və sinif otaqlarında dərs üçün normal şərait yaratmaq o qədər də asan deyildi. Lakin liseyin kollektivi öz imkanları daxilində bu çətin işin öhdəsindən gəlməyi bacardı. Əsas korpusun 12 otağı qısa müddətdə təmir edildi. Emalatxanalar texniki avadanlıqlarla, müxtəlif vəsaitlərlə təmin olundu. Hazırda liseydə 38 nəfər işçi çalışır.

Direktor deyir ki, 2020-2021-ci dərs ilində ənənələr davam etdirilir. Bu dərs ilində liseydə 8 qrup fəaliyyət göstərir. 153 nəfər tələbə 10 ixtisasa yiyələnir. İxtisaslar Kürdəmir rayonunda işçi qüvvəsinə olan tələbata uyğunlaşdırılır. Belə ki, tələbələr heyvandarlıq mütəxəssisi, üzümçülük və şərabçılıq ustası, mexaniki yığma üzrə çilingər, dərzi, təmirçi, çilingər, elektrik montyoru ixtisaslarına yiyələnirlər. Öz işinin mütəxəssisi olan istehsalat təlimi ustalarımız təlimin keyfiyyətini yüksəltmək üçün bütün imkanlardan istifadə edirlər. Onlardan dərzi kursunun istehsalat təlimi ustası Ulduzə Ağayevanın, mexaniki yığma işləri üzrə çilingər ixtisası üzrə istehsalat təlimi ustası Sürəyya Kərimovanın adını razılıqla çəkmək istəyirəm. Liseydə nizam-intizamın qorunmasının təşkilində direktor müavini Baloğlan İslamovun əməyi xüsusi qeyd olunmalıdır.

Nazim müəllim əlavə edir ki, liseydə geniş akt zalı, hərbi hazırlıq otağı təşkil olunub. Liseydə normal, işgüzar ab-hava var. Tələbələr vaxtlı-vaxtında öz təqaüdlərini alır, liseydə yaradılan şəraitdən razılıq edirlər.

Peşə liseylərinə, peşə məktəblərinə maraq ildən-ilə artır. Peşəyə yiyələnib sənət sahibi olmaq-gələcək həyat üçün ən yaxşı təminatdır.

Tofiq HÜSEYN,

“Respublika”.