Peyvəndlənmə ən zəruri addımdır
Səhiyyə

Peyvəndlənmə ən zəruri addımdır

Koronavirus pandemiyası ilə mübarizədə vaksinasiya mühüm rol oynayır. Respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsinə, peyvəndlənmənin təşkilinə və səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir.

Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun vəzifələrin vaxtında və yüksək səviyyədə icra olunmasına çox böyük önəm verir.

İcra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev söhbət zamanı bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə pandemiyaya qarşı  mübarizə sahəsində həyata keçirilən strategiyanın mərkəzində insanların sağlamlığı durur. Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycan vaksin əldə edən ilk ölkələrdən biridir. Bu faktın özü də təsdiq edir ki, dövlətimizin başçısı əhalinin sağlamlığına, sosial rifah halının yaxşılaşmasına mühüm diqqət yetirir. Pandemiya ilə bağlı tədbirlərin görülməsi çox vacibdir. Karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmək hər birimizin borcudur, bu sahədə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Lerik Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Maqsud Ağayev strategiyanın məqsədi və görülmüş işlər barədə məlumat verərək deyir:

- Vaksinasiya Strategiyasının əsas məqsədi koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Bu gün sağlamlığımızı vaksinasiyasız təsəvvür etmək çətindir. Rayonumuzda koronavirusa yoluxma halları azalsa da vəziyyət daim nəzarətdə saxlanılır. Həkim briqadaları qrafik üzrə kəndlərdə olur, əhali arasında tibbi maarifləndirmə işini günün tələbləri səviyyəsində aparırlar. Fiziki məsafənin gözlənilməsi, tibbi maskalardan istifadə, gigiyenik qaydalara əməl olunması ilə əlaqədar müntəzəm reydlər keçirilir, aşkar olunan nöqsanlar araşdırılır və qanunamüvafiq tədbirlər görülür. Sevindirici haldır ki, bu sahədə epidemioloji durum sabitdir.

Əhalinin vaksinasiya olunması üçün rayon mərkəzi xəstəxanasında lazımi tədbirlər görülüb, ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatına uyğun zəruri avadanlıqlarla təchiz edilib. İcbari tibbi sığortaya keçəndən sonra dərman və tibbi ləvazimatlarla təminat nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Vaksinasiya ilə əlaqədar 4 həkim, 12 nəfər orta tibb işçisi ayrılıb. İlkin mərhələdə tibb işçilərinə, rayonun idarə, müəssisə və təşkilatlarında çalışanlara, yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara vaksin vurulub.

Peyvəndlənmədə 40483 nəfər iştirak edib. Onlardan 24046 nəfərə birinci doza, 16437 nəfərə ikinci doza vurulub. Vaksin vurulmuş vətəndaşlardan 4595 nəfərin yaşı 65-dən yuxarı, 11012 nəfərin yaşı 50-65, 24876 nəfərin isə yaşı 18-50 arasındadır.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, icra aparatının məsul işçiləri  vaksinasiya prosesinin gedişi ilə gündəlik maraqlanır, xəstəxanada mövcud şəraitlə yerindəcə  tanış olur, peyvənd olunmaq üçün xəstəxanaya gələn insanlarla söhbət edirlər.

Rayonda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in tələb və təkliflərinə, digər təlimatlara tam əməl olunur, əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam etdirilir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.