Pirallahı Sənaye Parkı Əczaçılıq preparatlarının yerli istehsalı
Səhiyyə

Pirallahı Sənaye Parkı Əczaçılıq preparatlarının yerli istehsalı

Ölkənin 10 bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.

Bu sözlər regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirilib. Dövlət başçısına məlumat verilib ki, indiyədək verilmiş investisiya təşviqi sənədləri yerli istehsala 4 milyard manatdan artıq investisiya yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Əczaçılıq üzrə ixtisaslaşdırılan Pirallahı Sənaye Parkı (SP) bu işdə böyük önəm daşıyır. SP qısa zaman kəsiyində özünü doğrulda bilib.

Cari ildə Azərbaycanda 1,3 milyon manat dəyərində əczaçılıq məhsullarının istehsalı gözlənilir. Növbəti illərdə bu rəqəm daha da genişləndiriləcək. Belə ki, 2021-ci ilin yekununda bu rəqəmin 39,5, gələn il isə 40,2 milyon manat təşkil edəcəyi planlaşdırılır. Bu proqnoz qarşıdakı illərdə Pirallahı Sənaye Parkında yeni əczaçılıq müəssisələrinin yaradılacağı ilə bağlıdır.

Park Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin 14 sentyabrında 30 hektar sahədə yaradılıb. Burada çalışan investorlar 7 il müddətinə müxtəlif vergi və gömrük rüsumlarından azad olunub.

Pirallahı SP-də 4 rezident fəaliyyət göstərir. Azərbaycan-Rusiya birgə zavodu (“Hayat Pharm”), Azərbaycan -İran zavodu (“Caspian Pharmed”, “Diamed Co”) və İFFA şirkətlərinin zavodu).

Hazırda Almaniyanın əczaçılıq şirkətləri Pirallahı SP-dəki əczaçılıq müəssisələrinin imkanları, bazara çıxışı və s. ilə maraqlanır. Bura əczaçılıq preparatlarının yerli istehsalı üzrə mərkəz ola bilər.

Pirallahı SP-ni yaratmaqda məqsəd burada kimya sənayesini, xüsusilə əczaçılığı inkişaf etdirməkdir. Aqrokimya, tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqları sahələri var. Ərazisi 466, 37 hektardır.

Hazırda burada müəssisələrin hələ ki, 2-si fəaliyyətdədir. SP-yə ümumilikdə 30 milyon manata yaxın investisiya yatırılıb. Burada hələlik 110 nəfər çalışır. Lakin yaxın gələcəkdə bura əlavə 47 milyon manat investisiya yatırılacaq və o vaxt 500-dən çox yeni iş yeri açılacaq.

Nəriman CAVADOV,

“Respublika”.