Pirsaatçay kəndinin problemləri müzakirə edildi
Region

Pirsaatçay kəndinin problemləri müzakirə edildi

Mərkəzi Aran üçün təbiətinə və relyefinə görə nisbətən gözəgəlimli hesab edilən Hacıqabul rayonunun  Pirsaatçay kəndi Harami dağlarının ətəklərində Pirsaatçay Su Anbarının sahilində yerləşir. Uzun illər fəaliyyət göstərən su anbarı indiki vəziyyətdə öz həcminin məhdudluğuna görə ətrafda yerləşən Qubalı Baloğlan, Navahı, Atbulaq, Qızılburun kəndlərini yay aylarında su ilə təmin etməkdə çətinlik yaradır. Bu və digər problemlər Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Pirsaatçay kəndində növbəti səyyar qəbul-görüşündə ətraflı müzakirə olundu. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakin iştirak etdi.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə geniş məlumat verdi.

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutuldu.

Səyyar qəbulda tapşırıqların icrasına müntəzəm olaraq nəzarət edilməsi qərara alındı.

Tofiq HÜSEYN,

“Respublika”.