Politoloq: “Azərbaycan regionda siyasi nizam-intizam yaradıb”
Gündəm

Politoloq: “Azərbaycan regionda siyasi nizam-intizam yaradıb”

“BMT-nin mənzil qərargahında Ermənistanın daimi nümayəndəliyi, Laçın yolu ilə, həmçinin Qarabağdakı ermənilərlə bağlı “blokada” məsələsi ilə bağlı təbii ki, iclas keçirməsi BMT-nin müvafiq nizamnaməsinə ziddir”.

Bu sözləri “Respublika”ya verdiyi açıqlamada politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, belə bir tədbir Fransanın təhriki ilə keçirilib və məqsəd də Azərbaycana qarşı təzyiqin formalaşdırılmasıdır: “Lakin bundan öncə keçirilən iclasda məhz Azərbaycanla bağlı hər hansı bir qərar olmayıb. Göründüyü kimi, bu, Ermənistanı məyus edib və növbəti dəfə də, hətta, BMT kimi beynəlxalq təşkilatın nüfuzundan Ermənistan Azərbaycana qarşı öz siyasi məqsədləri üçün istifadə edib. Amma BMT-nin yaydığı qərarda da bu heç də xüsusi önəm kəsb etməyib.  Artıq BMT də rəsmi şəkildə belə bir iclasın hər hansı bir siyasi qüvvəsi olmadığını vurğulayıb. Bu, onu göstərir ki, gizli şəkildə belə bir tədbirin keçirilməsi ilə Ermənistanın havadarları beynəlxalq hüquqa qarşı sayqısızlıq edirlər. Azərbaycana qarşı total siyasi, diplomatik hücum planlaşdırırdılar, lakin belə bir tədbir də demək olar ki, fiaskoya uğradı”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti aldatmaqla saxta siyasi iclas keçirmək istəyirdi ki, Azərbaycana qarşı təzyiqə nail olsun: “Lakin Ermənistanın bu siyasəti də iflasa uğradı. Ermənistan rəhbərliyi bununla sülhdə maraqlı olmadığını, tamamilə prosesi pozduğunu bir daha nümayiş etdirdi. BMT-yə qədər Ermənistan saxta yollarla bu kimi təxribatlar həyata keçirirdi və bu, bir daha sübut edir ki, Ermənistan anti-Azərbaycan siyasətini davam etdirir. Onlar çalışır ki, bu siyasi manipulyasiya prosesləri sabota etsin. Bu da artıq mümkün olmadı. Azərbaycanın siyasi qələbəsi regionda yaratdığı nizam, demək olar ki, Ermənistanın bütün bu fəaliyyətinin üstündən xətt çəkir”.

Töhfə SƏMƏDOVA,

"Respublika".