Portalın yaradılması şəffaflığın təmin edilməsinə xidmət edir
Sosial həyat

Portalın yaradılması şəffaflığın təmin edilməsinə xidmət edir

Dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, həmçinin rəqabətli satınalma metodlarından istifadə imkanlarının yaradılması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il dekabr ayının 28-də imzaladığı Fərmana əsasən dövlət satınalmalarının vahid internet portalının yaradılması, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulmuşdur.

Bu Fərmandan irəli gələn məsələlərin vaxtında icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2019-cu il yanvarın 10-da imzalanan Sərəncama əsasən dövlət satınalmaları  üzrə yeni mexanizmin tətbiqi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmiş və Fərmanın icrası üzrə vahid internet portalı yaradılıb. Artıq vahid internet portalı vasitəsilə hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı məlumatlar cəmiyyətin bütün üzvləri üçün əlçatandır. Eyni zamanda, dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri nəticəsində satınalan təşkilatın tender təklifinin təminatını, tender təklifinin ümumi qiymətinin 1 faizinədək məbləğdə müəyyənləşdirilməsi imkanının yaradılması, malgötürənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qəbul olunmuş qərarın isə elektron qaydada təqdim edilməsi ilə 3 bank günündən 1 bank gününədək azaldılıb.

“Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq vahid internet portalının yaradılması ölkədə yeni elektron satınalma modelinə keçidi, dövlət satınalmalarının effektiv planlaşdırılması  və icrasını nəzərdə tutur. Yeni portal vasitəsilə Tender Komissiyasının iclaslarının virtual təşkili, satınalmaların avtomatik rejimdə müəyyən olunması və qərarın bir bank günü ərzində qəbulu, dövlət vəsaitinin istifadəsi zamanı şəffaflığın daha da artmasını təmin edib. Bundan əlavə yeni portal satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən texniki olaraq ərsəyə gətirilən Dövlət satınalmalarının vahid elektron portalı və ya “e-Satınalma” dövlət təşkilatları tərəfindən həyata keçirilən satınalmalarda şəffaflığın  artırılması istiqamətində həyata keçirilən  önəmli layihələrdəndir. Son dövrdə mövcud vəziyyətlə əlaqədar ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi nəzərə alınaraq, satınalma prosesində fiziki təmasın minimuma endirilməsi və dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin operativliyinin təmin edilməsi istiqamətində həyata keçirilən işlər təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki, 15 aprel 2020-ci il tarixindən etibarən satınalan təşkilatlar şəxsi kabinetlərində olan “Tənzimləmələr” bölməsi vasitəsilə “ASAN ödəniş” sistemində istifadə edəcəkləri rekvizitləri qeydiyyatdan keçirə və tender elanı verərkən iştirak haqqı ödənişlərinin qəbulu üçün həmin rekvizitlərdən istifadə edə bilər. Eyni zamanda podratçılar elektron tenderlərdə iştirak barədə şərtləri qəbul etdikdən sonra mövcud olan “ASAN ödəniş” sistemi ilə ödə” düyməsini basaraq iştirak haqqı ödənişini kart vasitəsilə nağdsız şəkildə həyata keçirə bilər. Ödəniş prosesinə dair həssaslıq nəzərə alınaraq, tətbiq edilmiş yenilik ilə bağlı bütün portal istifadəçiləri elektron poçt və digər vasitələrlə 1 aprel 2020-ci il tarixindən etibarən məlumatlandırılıblar. Portaldan istifadə rahatlığının təmin edilməsi məqsədilə istifadə təlimatı da portalda yerləşdirilmişdir.

“E-Satınalma” portalının, “ASAN ödəniş” sisteminə inteqrasiyasının bir sıra üstünlükləri vardır. Belə ki, bundan sonra podratçı iştirak etmək istədiyi tenderdə iştirak haqqı ödənişini heç bir yerə getmədən ödəniş kartı vasitəsilə olduğu yerdən ödəyərək tenderdə iştirak edə bilər. Halbuki, bu proses əvvəllər uzun zaman çəkir, çox vaxt itkisinə səbəb olurdu. Bu zaman səhv sənədlərin yüklənməsi halları da istisna deyildi. Bundan əlavə burada daha bir üstünlük ondan ibarətdir ki, podratçı tərəfindən  ödənişlərin real vaxt rejimində həyata keçirildiyi üçün ödənişdən dərhal sonra “Şərtlər Toplusu”nu əhatə etməyin mümkün olmasıdır. Bununla tətbiq edilmiş yenilik portalın istifadə rahatlığı və operativlik səviyyəsini yüksəltmişdir.

Qeyd edək ki, bu günə kimi  portal üzərindən 2792 e-Tender, 6370 Kotirovka sorğusu, 386 Təkliflər sorğusu, 5362 bildiriş, 1594 açıq tender elan edilmiş və 7384 müqavilə bağlanıb.

Hazırda portalda 1338 təşkilat tərəfindən daxil edilən 5123 istifadəçi və 3306 podratçı tərəfindən daxil edilən 3649 istifadəçi mövcuddur. Təkcə cari ildə sistemdə qurumlar tərəfindən 1012 satınalma planı yerləşdirilib. Beləliklə, elektron satınalma modeli çərçivəsində dövlət satınalmalarının, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi artıq vahid internet portalı vasitəsilə həyata keçirilir.

Portalın texniki infrastrukturu isə bu əsas komponentlərdən ibarətdir. Proqram-texniki vasitələr, telekommunikasiya kanalları, elektron xidmətlər modulu, idarəetmə sistemi, ehtiyat və arxiv mərkəzləri portaldan istifadə etmək üçün Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə portaldan qeydiyyatdan keçərək elektron kabinet yaradılır. Beləliklə, yeni internet portalı malların (xidmətlərin) elektron satınalma vasitəsilə həyata keçirilməsinə imkan verir.

Ə.SADIQOV,

“Respublika”.