Postmüharibə dövründə Ordumuz daha da güclənir
Siyasət

Postmüharibə dövründə Ordumuz daha da güclənir

Xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Ordusu daha da güclənir. Bu gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra ordu quruculuğunda uğurlu islahatlar aparıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Hadrutda və Kəlbəcərdə yeni Komando hərbi hissələri yaradıldı. Bu hərbi hissələrdə yüksək təlim keçmiş, böyük iradə nümayiş etdirmiş və Vətən uğrunda canını, qanını fəda etməyə hazır olan oğullarımız xidmət edəcək.

Azərbaycan Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru Qoşunlarından ibarətdir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Dövlət başçısının qeyd etdiyi kimi, "Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik". Fəxr edirik ki, güclü və modern Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

"Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq". Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib. Dövlət başçısı vurğulayıb ki, Hadrutda birinci komando hərbi hissəsi, Kəlbəcərdə isə ikinci komando hərbi hissəsi açılıb. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, gücümüzü daha da artıracaq.

Azərbaycan dünyada inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də müasir döyüş imkanlarına və yenilməz gücə malik Silahlı Qüvvələrinin olması ilə diqqəti cəlb edir. Qarşısında dayanan vəzifələri çevik, operativ və yüksək dəqiqliklə yerinə yetirməyə qadir olan ordumuzun ən modern standartlara cavab verən səviyyədə formalaşması olduqca qürurvericidir.

Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu xarici mütəxəssislər də təsdiq edirlər. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda da görmüşdülər. Belə ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş taktikalarını uğurla tətbiq edir.

Rəşadətli Ordumuz öz gücünü hələ 2016-cı ilin Aprel döyüşlərində göstərdi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyevin əminliklə dediyi sözlər, xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. 

2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradını xüsusi qeyd etmək lazımdır. Düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız bu paradda nümayiş etdirildi. Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad "iki dövlət - bir ordu" modelinin əməli nümunəsi olmuşdu. Azadlıq meydanında Azərbaycan "Ordu marşı"nı və əski türk hərbi marşlarını böyük fəxrlə izlədik. Həmin gün Bakının hər yerində sevinci və kədəri bir olan Azərbaycan və Türkiyənin dövlət bayraqları qürurla dalğalanırdı.

Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalq olmaq missiyasının əyani təcəssümüdür. Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyinin bildirilməsi qardaş ölkənin, qəhrəman türk əsgərinin Azərbaycana münasibətinin əməli ifadəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında səsləndirilmiş "bütün imkanlarımızla", "qardaşlarımızı heç vaxt tək qoymarıq" kimi dərin mənaya malik olan və həm də konkret mövqe nümayiş etdirən fikirlər qardaş ölkədə müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibətin hansı miqyasda və mahiyyətdə olduğunu təsəvvür etməyə imkan yaradır. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi mesajdır.

Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikaları ilə, silah-sursatla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik inkişafına xidmət edirdi. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 faizdən çoxu müdafiə təyinatlıdır. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir. Silahlı Qüvvələrimizin müasir ordular səviyyəsində silahlanması ilə bərabər, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin də durmadan artırılması bu gün Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu baxımdan, hərbi bölmələrdə şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir və beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparılır. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.

Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısının qətiyyətlə alınması bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və "Dəmir yumruq" yerindədir. Yaşından və rütbəsindən asılı olmayaraq hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir.

Mustafa KAMAL,

"Respublika".