Postmüharibə dövrünün reallıqları, gələcək perspektivlər
Siyasət

Postmüharibə dövrünün reallıqları, gələcək perspektivlər

Atılacaq birgə addımlar regional məsələlərin həllində xüsusi əhəmiyyət daşıyır

Məlum olduğu kimi, bu ayın 20-də dövlət başçısı cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Cənab Prezidentin Rusiya dövlət başçısı ilə görüşü zamanı verilən bəyanatlardan tam aydın oldu ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

Hazırda Azərbaycanla Rusiyanın münasibətlərinin məhz belə məcrada inkişaf etməsi bölgəmizdə yaşayan bütün xalqların təhlükəsizliyinin təmin edilməsinə, sülhün qorunub saxlanılmasına, iqtisadi və sosial rifahın yüksəlməsinə  öz töhfəsini  verir. Bundan əlavə, münasibətlərin yeni, daha üstün səviyyədə formalaşması, dövlətlərimiz və xalqlarımız arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi, yeni layihələrdə birgə iştirak etmək marağı Azərbaycan və Rusiyanın iqtisadi faydalılığının vacib şərtidir. Və bu şərtlər həm əməkdaşlıq edən ölkələri təmsil edən iqtisadi subyektlərin, həm də bütövlükdə onların milli iqtisadiyyatlarının yüksələn xətt üzrə dayanıqlı inkişafının şərtləri olub və heç şübhəsiz, bundan sonra da olacaqdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın milli inkişaf strategiyası bu gün ümummilli liderin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin müdrik siyasəti sayəsində uğurla davam etdirilir. Məhz bu inkişafın nəticəsidir ki, ölkəmiz təkcə regionumuzda deyil, həmçinin ümumilikdə xaricdə reallaşdırılan iri layihələrin aparıcı iştirakçısıdır, eyni zamanda respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün gözəl perspektivlər vardır. Bununla yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanlığı, Azərbaycan xalqının həmrəyliyi sayəsində 44 günlük müharibədə qazandığımız tarixi Zəfər Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzunu daha da artırmış, mövqelərini məhkəmləndirmişdir. Bütün bunlar böyük və hərtərəfli perspektivlərə malik olan ölkə qismində dünyanın bir sıra aparıcı dövlətlərinin, o cümlədən də şimal qonşumuz olan Rusiyanın  respublikamıza marağının artmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanın yaratmış olduğu yeni reallıqlar nöqteyi-nəzərdən böyük perspektivlərə malik olan və yüksək gəlirlərin əldə olunmasına imkan yaradacaq layihələrə tərəfdaş ölkələrin investisiya qoyuluşunu həyata keçirmək istəyi də məhz qeyd etdiyimiz amillərlə bağlıdır.

Azərbaycanın çoxşaxəli siyasi-iqtisadi fəaliyyətində Rusiya istiqamətinin daha da inkişaf etdirilməsi tamamilə əsaslıdır, çünki şimal qonşumuzla münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsinin başlıca məqsədi Azərbaycanın təkcə iqtisadi cəhətdən deyil, bütün sahələrdə mövqelərinin gücləndirilməsindən ibarətdir.

Respublikamız əməkdaşlıq, iqtisadi və siyasi inkişafın bir çox istiqamətlərində Rusiya Federasiyası ilə qarşılıqlı əlaqələri möhkəmləndirmək niyyətindədir. O cümlədən ticarət, logistika, nəqliyyat infrastrukturu, eləcə də humanitar sahədə Rusiya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Dövlət başçıları arasında səmimi münasibətlər isə dövlətlərimiz arasında dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, ehtimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin təməlini təşkil edir.

Bununla bərabər, Azərbaycan və Rusiya arasında yaranmış münasibətlər strateji tərəfdaşlıq baxımından da ən yüksək səviyyədədir. Dağlıq Qarabağ münaqişəsini həll edən birgə üçtərəfli Bəyanatın imzalanması da Rusiya-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinin göstəricilərindən biridir. Dediklərimiz belə bir nəticəyə gəlməyə əsas verir ki, sözügedən bu rəsmi sənəd iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında, yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir.

44 günlük müharibə zamanı Azərbaycanla bağlı obyektiv mövqenin ortaya qoyulması Rusiya tərəfindən atılmış düzgün addım idi. Rusiyanın və Azərbaycanın ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə yönəlmiş qarşılıqlı siyasəti və ümumiyyətlə proseslərin gedişatı onu göstərir ki, dövlətlərimiz yaranmış perspektivləri lazımi səviyyədə dəyərləndirir.

Tez bir vaxtda Azərbaycanla Ermənistan arasında  yeni  münasibətlərin təməlinin qoyulması,  demarkasiya-delimitasiya işlərinin aparılması, eyni zamanda, bütün nəqliyyat xətlərinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində Rusiya mühüm rol oynaya bilər. Zəngəzur dəhlizinin, eləcə də digər nəqliyyat xətlərinin tezliklə açılması da indiki məqamda şimal qonşumuzla əməkdaşlığın gücləndirilməsi nöqteyi-nəzərdən həllini tapa biləcək məsələlərdən biridir.

Xüsusilə vurğulamaq lazımdır ki, bu gün Azərbaycanı narahat edən məsələlər sırasında müəyyən geosiyasi qüvvələrin və qlobal güclərin regionumuzda baş verən  proseslərə müdaxilə etmək, təxribat yaratmaq cəhdləri ilə bağlıdır. Heç şübhəsiz, Azərbaycan 2020-ci il 10 noyabr razılaşmasının icrasına maneçilik törədə biləcək istəyində olan kənar qüvvələrin Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında öz təxribatçı istəklərini reallaşdırmağa imkan verməyəcəkdir, qüdrətli Azərbaycanın möhkəm siyasi iradəsinin olduğu yerdə belə bir cəhdlərin nəticə verə biləcəyinə inanmaq siyasi avamlıqdan başqa bir şey deyil. Çünki istənilən beynəlxalq güc yaranmış yeni reallığı qəbul etdiyi, Azərbaycanla əməkdaşlıq və qarşılıqlı faydalı, bərabərhüquqlu münasibətlərə əsaslanan tərəfdaşlıq siyasətini həyata keçirdiyi təqdirdə fayda görə bilər. Bu baxımdan kənar güclərin müdaxiləsinin qarşısının alınması istiqamətində Rusiya və Azərbaycanın atacağı  birgə addımlar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsini tələb edir.

Prezident İlham Əliyev və Vladimir Putin arasında görüş zamanı müzakirə edilmiş məsələlər həm iqtisadi, həm də postmüharibə dövrünün reallıqlarına yönəlmişdi. Həm ikitərəfli münasibətlər, həm də regional məsələlərə bağlı geniş aspektdə aparılan fikir mübadiləsinin nəticəsində tərəflər ortaq mövqe ortaya qoydular. Belə ki, postmüharibə dövrü ilə bağlı həm Azərbaycan, həm də Rusiya prezidentlərinin ortaq mövqedən çıxış etməsi hər iki ölkə rəhbərinin açıqlamalarından aydın şəkildə görünür.

Cənab İlham Əliyev görüş zamanı bildirmişdir: “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik”. Burada söhbət, əlbəttə, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sənədlərdə əks olunmuş kommunikasiyaların bərpası məsələsindən gedir. Görüş zamanı hər iki ölkə başçısının bütün kommunikasiyaların, o cümlədən  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin  - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinin vacibliyi ilə bağlı ortaq mövqe nümayiş etdirməsi olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, 10 noyabr və 11 yanvar sənədlərində imzası olan üç ölkədən ikisinin ortaq mövqedən çıxış etməsi həm də üçüncü tərəf olan Ermənistan rəhbərliyinə ciddi mesaj kimi dəyərləndirilməlidir. Yəni, Azərbaycan və Rusiya dövlət başçıları Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdinin yolverilməz olduğunu ifadə edirlər. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması məsələsində də hər iki dövlət eyni yanaşmadan çıxış edir.

Bununla yanaşı, Prezident İlham Əliyev və Vladimir Putin Azərbaycan və Rusiya arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə  postpandemiya dövrünün yaradacağı imkanlardan maksimum istifadə edilməsi üçün siyasi iradə ortaya qoydular. Ümumilikdə, görüş olduqca məhsuldar keçdi. Təbii ki, bütün bunlar, yəni Azərbaycan və Rusiya prezidentləri arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələrin aparılması, habelə yeni geosiyasi reallıqlara yanaşmada ortaq mövqedən çıxış edilməsi, həm də iki dövlət başçısı arasında şəxsi münasibətlərin səmimi xarakterindən, yüksək səviyyədə olmasından irəli gəlir.

Beləliklə, Moskva görüşü, Azərbaycan və Rusiya dövlət başçıları arasında olan dostluq münasibətləri sülh razılaşmalarının birgə həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin qurulması, regionumuzun müharibə bölgəsi yox, ortaq inkişaf, çiçəklənmə bölgəsi olması üçün mühüm zəmin yaradır. Rusiya Cənubi Qafqazda vasitəçi rolunu oynayır. Odur ki, vasitəçi ölkə ilə belə işgüzar, cari görüşlərin keçirilməsi çox vacibdir, ümumi işin nəticəsinə müsbət təsir göstərir. Azərbaycan Prezidentinin Moskvaya səfəri də məhz bu məqsədə xidmət edirdi.

Azərbaycan Prezidentinin Rusiya Federasiyasına səfəri, bu səfər çərçivəsində aparılmış danışıqlar və mühüm məsələlərlə bağlı ifadə olunmuş mövqelər ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə mövcud olan əlaqələri daha da yüksək səviyyəyə qaldırmağa səbəb olacaq və bunun nəticəsində Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyacaq.

Emin QASIMOV,

“Respublika”.