Postmüharibə dövrünün reallıqlarını dəyişmək mümkün olmayacaq
Siyasət

Postmüharibə dövrünün reallıqlarını dəyişmək mümkün olmayacaq

İki il bundan əvvəl Ermənistan ölkəmizin dövlət sərhədlərini pozdu. 200 il ərzində zaman-zaman Azərbaycan ərazilərini  zəbt edərək özünə dövlət qurmağı bir yana, son 30 ildə işğal etdiyi torpaqlar da "böyük Ermənistan" yaratmaq üçün kifayət etmirdi. "Məğlubedilməz ordusu"na, bir də himayədarlarına bel bağlayan düşmən yeni torpaqlar "fəth" etməyə cəhd göstərdi. Amma  "yazıq ermənilər"  hardan bilərdilər ki, bu dəfə Azərbaycan onlara nəinki bir qarış torpaq, heç nəfəs almağa da  aman verməyəcək...

2020-ci il 27 sentyabr... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  xalqa müraciət etmişdir. Müraciətdə deyilir: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz ərazilərində əks- hücum əməliyyatına başlayan Azərbaycan Ordusu müharibənin ilk günündən düşməni məhv etdi. Həm canlı qüvvə sarıdan, həm də  dilənib aldığı hərbi texnika sarıdan. 44 gün ərzində bir addım belə geri çəkilməyən Müzəffər Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı düşməndən geri aldı.

Əslində, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə  məhz - 2 aprel 2016-cı ildə başlamışdı. Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Ermənistan silahlı birləşmələri təxribat törətmiş, bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələri düşmən tərəfindən güclü artilleriya atəşinə tutulmuşdu. Hücumların  qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, qəhrəman ordumuzun əsgər və zabitləri  düşmənin təxribatına layiqli cavab vermişdir. Əks-hücum əməliyyatları nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Qazaxlar kəndi, Suqovuşan kəndi istiqamətində yollar, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi işğaldan azad edilmiş, ümumilikdə 2000 hektardan çox torpaqlarımız uğurlu əks-əməliyyat nəticəsində Azərbaycan Ordusunun nəzarətinə keçmişdir. Azərbaycan  Ordusunun bir neçə saat ərzində geri aldığı mövqeləri ermənilər 3 gün fasiləsiz olaraq  döyüş əməliyyatları aparsalar da  qaytara bilməmiş, hətta beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə döyüşlərin  dayandırılması üçün müraciətlər etmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaldarkən çıxışı zamanı demişdir: "...2016-cı ilin Aprel döyüşləri bizim çox böyük qələbəmiz idi, mənəvi cəhətdən və strateji nöqteyi-nəzərdən. O döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər bizə əlavə imkanlar yaratdı, o cümlədən İkinci Qarabağ müharibəsində uğurlu yürüşümüzə də zəmin yaratdı. Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel döyüşləri onlar üçün dərs olmadı. Ondan iki il sonra Naxçıvanda "Günnüt" əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da onlara dərs olmadı...". 

44 günlük Vətən müharibəsindən bir neçə ay əvvəl isə - 2020-ci il iyul ayının 12-də  Ermənistan hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərini pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından  atəşə tutmuşdur. Düşmənin cəhdlərinin  qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri ciddi tədbirlər görmüş və düşmən alçaq niyyətini reallaşdıra bilməmiş və xeyli sayda itki vermişdir.

Tovuz döyüşləri ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu  bir daha göstərdi. Xalqda işğal altında olan ərazilərimizin azad olunacağına inam yaratdı. İki ay sonra isə başlanan  Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  ərazilərimizin işğaldan azad olunması bu inamı, etimadı doğrultdu. Ölkə başçısının hər zaman vurğuladığı kimi, Azərbaycan öz milli məsələsi olan Qarabağ məsələsini  möhtəşəm qələbə ilə həll etdi. Həm də bunu öz gücü, öz potensialı ilə həyata keçirdi.

Tovuz döyüşlərində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, o cümlədən 12 hərbi qulluqçu şəhid olmuşdur. Bu döyüşlər Azərbaycanın üstünlüyünü, güclü orduya malik olmasını göstərməklə yanaşı, həm də Azərbaycan ordusunun generalının da öz əsgəri ilə çiyin-çiyinə vuruşduğunu nümayiş etdirdi. Eyni zamanda, ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandanın ətrafında daha sıx birləşməsinə zəmin yaratdı. Bu isə 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfər yolumuzun başlanğıcı, Qələbəmizin təməli oldu.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bölgədə siyasi vəziyyəti dəyişdi. Məğlub Ermənistan isə bu reallığı qəbul etmək istəmir. Postmüharibə dövründə də Ermənistan təxribatlarını səngitmir, beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniyalar aparır, həqiqətləri həmişə olduğu kimi təhrif edir, imzaladığı üçtərəfli Bəyanatın müddəalarına əməl etməyərək kommunikasiyaların açılmasını, sülh müqaviləsinin imzalanmasını min bir bəhanə ilə ləngidərək, ümumilikdə regionda sabitliyin, əmin-amanlığın  təmin olunmasına imkan vermir. Davamlı olaraq Ermənistan-Azərbaycan sərhədində təxribatlar törədərək bölgədə sülhü təhdid edir. Bu il sentyabr ayının 12-13-də Ermənistan Azərbaycanla sərhədin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində insident yaradaraq revanşist siyasətini yürütməklə mövcud vəziyyəti öz xeyrinə dəyişməyə cəhd göstərmişdir. Düşmənin bu əməlləri 2020-ci il iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla eynilik təşkil edir. Belə ki, iyul hadisələrində olduğu kimi,  bu dəfə də Azərbaycan  Ermənistanın hərbi-siyasi təxribatına məruz qalmış, öz təhlükəsizliyini təmin etmək  məqsədilə düşmənə adekvat cavab vermişdir. Bu dəfə də düşmən rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqli cavabını almış, ərazi bütövlüyümüz uğrunda mərd oğullarımız canlarından keçmişlər.

Ermənistan Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfərini qəbul edə bilmir. Ölkəmizin bütün dünyada artan nüfuzu, regionda söz sahibi olması düşmən ölkənin bağrını yarır. Hər bir vəchlə Azərbaycanın yaratdığı reallıqları öz avantürası ilə dəyişməyə çalışır. Lakin yalnız Ermənistan deyil, bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallığı dəyişdirməyə düşmən ölkənin nə cəsarəti, nə də qabiliyyəti çatmaz. Ermənistanın  bu istiqamətdə atdığı hər bir addım özü üçün yeni bir fəlakət, yeni bir faciədir.

Düzdür, erməni havadarları, ermənipərəst dövlətlər keçmiş Dağlıq Qarabağ münaqişəsinin başladığı gündən Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsinə, vətəndaşlarını qaçqın, köçkün vəziyyətinə salmasına göz yummuş, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq törətdiyi əməlləri görməzdən gələrək  onun işğalçılıq siyasətini hətta dəstəkləmişdi də. Bu gün də belədir. Yenə də bəzi qərb dövlətləri Azərbaycana qarşı ikili münasibətindən əl çəkmir. Bunun bariz nümunəsini ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi  Ermənistana səfəri çərçivəsində  sentyabrın 12-13-də Ermənistan-Azərbaycan sərhədində baş verən insidentdə Azərbaycanı günahlandırarkən açıq-aydın göstərmişdir. Sentyabr ayının 12-13-də Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdə Azərbaycanı qınayan, Azərbaycanın Ermənistana hücum etdiyini bildirən spikerin bu mövqeyi erməniləri daha böyük təxribatlara sövq etməkdir. Lakin istər Ermənistandakı revanşist qüvvələr, istər Ermənistan hakimiyyəti, istərsə də ermənipərəst qüvvələr öz bədxah əməlləri ilə nə Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirə biləcək, nə də ki, postmüharibə reallıqlarını dəyişə biləcəklər. Azərbaycan qalib ölkə və  diktə edən tərəfdir.

Mehparə ƏLİYEVA,

"Respublika" .